Banqladeşli siyasətçi, ictimai-siyasi xadim, İslam Camaatı Partiyasının Baş katibinin sabiq müavini.

Əbdülqadir Molla 1948-ci il avqust ayının 14-də Banqladeşin Fəridpur şəhərinin Əmirabad qəsəbəsində anadan olub. İlk və orta təhsilini Əmirabad qəsəbəsindəki “Fəzlulhaqq” adına liseydə alan Əbdülqadir 1966-cı ildə təhsilini Fəridpur şəhərindəki “Racendra” kollecində davam etdirməyə başlayır. Gənc Əbdülqadir 1968-ci ildə Racendra Kollecindəki təhsilini başa vurduqdan sonra Dəkkə Universitetinun Beynəlxalq Münasibətlər fakültəsinə daxil olur.

Tələbə ikən Banqladeşin ən böyük partiyalarından olan “İslam Camaatı Partiyası”nın (İCP) sıralarına qoşulan Molla çox keçmədən qurumun gənclər qanadı “İslami Çatra Sanqa”nın (İÇS) sədri seçilir. Bakalavr pilləsi üzrə təhsilini başa vurduqdan sonra eyni universitetdə magistratura pilləsi üzrə təhsilini davam etdirən İÇS sədri 1971-ci ildə Banqladeşin Şərqi Pakistanın asılılığından azad olması üçün başlatdığı Banqladeş Azadlıq Müharibəsi (BAM) illərində İCP-nin hərbi qanadı olan “əl-Bədr” qrupunun sıralarına daxil olur. Lakin BAM-ın Banqladeşin müstəqillik qazanması ilə nəticələnməsindən sonra partiyanın fəaliyyəti qadağan olunur.

1975-ci ildə Banqladeş prezidenti Şeyx Mucib ər-Rəhmanın sui-qəsd nəticəsində öldürülməsindən və baş verən hərbi çevrilişdən sonra formalaşdırılan yeni hökumət  İCP-nin yenidən fəaliyyətinə icazə verir.

2009-cu ildə Banqladeş hökuməti 1971-ci ildə aparılan müstəqillik uğrunda müharibə illərində törədilən hərbi cinayətlərin təhqiq edilməsi məqsədilə Beynəlxalq Cinayət Məhkəməsini BCM) yaradır. Aparılan istintaq-təhqiqat hərəkətləri nəticəsində daha əvvəl həbs olunan İCP-nin bir sıra aparıcı funksionerləri, o cümlədən, 2010-cu ildə partiya sədrinin müavini vəzifəsinə təyin olunan Əbdülqadir Molla 1971-ci il BAM illərində törədilmiş müxtəlif cinayət tərkibli əməllər üzrə təqsirli bilinir. Belə ki, 2013-cü il fevral ayının 5-də keçirilən məhkəmə prosesində BCM Əbdülqadir Mollanı müxtəlif hərbi cinayətlərdə – vətənə xəyanət, azadlıq mübarizəsi vaxtı Pakistan ordusu ilə əməkdaşlıq edərək, 344 mülki banqladeşlinin və hərbçinin qətli və daha digər 3 maddə üzrə təqsirli bilərək, barəsində ömürlük azadlıqdan məhrumetmə cəzasını verir. 2013-cü ilin sentyabr ayında cinayət prosesini tədqiq edən Pakistan Ali Məhkəməsinin qərarı ilə isə Mollanın barəsində verilmiş cəza edam hökmü ilə əvəzlənir. Məhkəmə prosesi ərzində ona qarşı yönəldilən iddialarla razılaşmayan Əbdülqadir Molla bütün ittihamları rədd edir.

Ali Məhkəmənin qərarı ilə eyni vaxtda ölkənin müxtəlif şəhərlərində Mollanın və hərbi cinayətlərdə təqsirli bilinən digər məhkumların edam edilməsi tələbi ilə Şahbaq aksiyaları başlayır. Buna cavab olaraq, İCP həbs olunan liderlərinin sərbəst buraxılması tələbi ilə etiraz aksiyaları başladır…

Əbdülqadir Molla 2013-cü il dekabrın ayının 12-də edam edilib.

P.S. Ə.Molla siyasi fəaliyyəti ilə yanaşı, “Deyli Sanqram” qəzetinin redaktoru vəzifəsində də çalışıb. Habelə o, 1986 və 1996-cı illərdə keçirilən parlament seçkilərində deputatlığa namizədliyini irəli sürsə də uğur qazana bilməyib. İCP funksioneri Sənurə Cahan ilə evli idi.

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.