İslami Manşet Məqalələr Xəbərlər — 24 February 2017

Görkəmli Misir filosofu və ədibdir.

Əbdürrəhman Bədəvi 1917-ci il fevral ayının 17-də Misirdə, paytaxt Qahirədən 95 mil aralıda yerləşən Şərabas kəndində anadan olub. İlk təhsilini Qahirədəki əs-Səidiyyə məktəbində alan Bədəvi paytaxtdakı Misir universitetindən fəlsəfə üzrə I dərəcəli diplomla məzun olmuşdur (1938). Bədəvinin dissertasiyası üzrə təyin edilən elmi rəhbər isə tanınmış rus əsilli fransız filosof Aleksandr Koyre olmuşdur.

1950-1956-cı illərdə Bədəvi ölkənin İbrahim Paşa Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1954-cü ildə Misirin yeni konstitusiya layihəsini hazırlayan komitəyə üzv seçilən filosof dövrün ölkə başçısı Camal Əbdünnasirlə mübahisə etdiyinə görə 2 il sonra – 1956-cı ildə komitədən uzaqlaşdırılmışdır.

Bədəvi 1956-1958-ci illərdə əsasən bisavad və riyakar diplomatlara dəstək xarakteri daşıyan Misirin İsveçrədəki mədəniyyət attaşesi vəzifəsini icra etmişdir.

Alim 1967-ci ildə Fransanın Sorbon universitetində pedaqoji fəaliyyətlə məşğul olmaq üçün C. Nasirin Misirini tərk etməsini “böyük həbsxana”dan qurtulmaq kimi xarakterizə etmişdir. 1967-1973-cü illərdə Liviyanın ali təhsil ocaqlarında elmi fəaliyyətini davam etdirən professor Bədəvinin sözügedən ölkədəki pedaqoji işi dövrün lideri Müəmmər Qəddafinin alimin əməkdaşlıq etdiyi universitetə gəlişi zamanı tələbələrinin ölkə başçısı ilə söz azadlığına dair mübahisəsi və ikincinin qəzəbi ilə başa çatmışdır. Qəddafi Bədəvinin şəxsi kitabxanasını açıq şəkildə yandıraraq, alimin həbsinə göstəriş versə də, dövrün Misir prezidenti Ənvər Sədatın məsələyə müdaxiləsindən sonra alim sərbəst buraxılmışdır.

1975-1982-ci illərdə Küveytin ali təhsil ocaqlarında dərs deyən və “ərəb ekzistensializminin qabaqcıl ustadı” adlandırılan Bədəvi 75-i ensiklopedik dəyəri olan 150-dən çox elmi işin müəllifidir. Doğma ərəb dili ilə yanaşı, ingilis, ispan, fransız və alman  dillərinə də əsər qələmə alacaq qədər yiyələnən alim yunan, latın və fars dillərində olan elmi və tarixi ədəbiyyata da asanlıqla müraciət etmişdir.

İslam fəlsəfəsi professoru olan, Qahirə, Tripoli, Tehran və Küveyt əmirliyindəki universitetlərdə dərs deyən Bədəvi 1985-ci ildə Fransanın paytaxtı Parisə gəldiyi zaman İslam fəlsəfəsi, İslam tarixi və Məhəmməd peyğəmbərin həyatına dair 30-dan çox əsərin müəllifi idi.

Bədəvi 2002-ci ildə dünyasını dəyişmişdir.

Alimin xüsusilə “Qərb düşüncəsinin formalaşmasında İslamın rolu” əsəri dünyanın müxtəlif dillərinə tərcümə edilmişdir. Əsərində ümumilikdə Qərb dünyasının, xüsusilə də Avropanın İslama münasibətini tənqid edən alim hər hansı bir dini və ya istənilən fərdi tanımaq üçün əvvəlcə onun düşüncəsini doğru öyrənmək zərurətini, daha sonra onu təhlil etməyin vacibliyini vurğulamışdır.

Alimin xüsusilə iki kitabı – “Qərb düşüncəsinin formalaşmasında İslamın rolu” və “Əbədi hikmət” əsərləri islam dünyasında geniş rezonans doğurmuşdur.

Hazırladı: Anar Rüstəmov

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.