Kim - kimdir? Manşet — 02 June 2015

Əndəlüs Əməvi dövlətinin əmiri: Rəbiüləvvəl 300 – Zülhiccə 316-cı illər

Əndəlüs müsəlmanlarına xəlifəlik etdiyi illər: Zülhiccə 316 – Ramazan 350-ci illər

Tam adı: Əbu əl-Mütrif ən-Nasir li-dinillah Əbdürrəhman ibn Məhəmməd ibn Abdullah ibn Məhəmməd ibn Əbdürrəhman  ibn Həkəm ibn Hişam ibn Əbdürrəhman ibn Müaviyə ibn Hişam ibn Əbdülməlik ibn Mərvan ibn Həkəm ibn əbu əl-As ibn Ümeyyə ibn Əbdüşşəms.

Atası: Məhəmməd ibn Abdullah ibn Məhəmməd ibn Əbdürrəhman

Anası: Müznə (Mariya)

Doğum tarixi: Ramazan 277-ci il

Doğum yeri: Kordova

Ölüm yeri: Zəhra şəhəri

Dəfn yeri: Kordova qəsri

Dini: müsəlman (Maliki məzhəbi)

Əndəlüs Əməvi dövlətinin ilk xəlifəsi

Atası Məhəmməd ibn Abdullah Əndəlüs Əməvi dövlətinin yeddinci hökmdarı Abdullah ibn Məhəmmədin oğludur. Hicri 277-ci ilin Ramazan ayında dünyaya gələn Əbdürrəhman babasının vəfatından sonra iyirmi üç yaşında III Əbdürrəhman adı ilə taxta çıxır. Öz dövründə dövləti ən güclü vəziyyətə gətirir. Hicri 316-cı ildə xəlifəliyini elan edir. Əmirəlmöminin və Nasirəddin adı ilə tanınır. Hicri 350-ci ildə yetmiş iki yaşında vəfat etmişdir.

Körpə ikən atasını itirən Əbdürrəhman babasının yanında böyüyüb boya-başa çatır. Təlim-tərbiyəsi ilə babası məşğul olur. Zəkalı, cəsur, mədəni, comərd və sağlam iradəli bir şahzadə kimi yetişməsi üçün əlindən gələni edir. Bir çox iclas və mərasimlərdə onu özünə vəkil təyin edərək, dövlət işlərində dərinləşməsinə dəstək oldu. 912-ci ildə babası Abdullah ibn Məhəmməd vəfat edincə sarayın vali və hərbiçiləri Əbdürrəhman ən-Nasiri taxta çıxarıb ona tabe olurlar. Üstün əxlaq, qüvvətli iradəyə sahib olduğuna görə saraydakılar və Kordova xalqı onun hökmdar olmasını məmnuniyyətlə qarşılayırlar.

Öz qohum-əqrəbaları, xanədan ailəsi də onun seçilməsinə məmnun olurlar. Xanədanın ən yaşlısı bir xütbə verdikdən sonra ona beyət etdiklərini elan edirlər. Ona etimad  və itaət edəcəklərini bildirirlər.

Əbdürrəhman  etimad edilən, bilikli, əzimli və dinin əmrlərinə tam şəkildə tabe olan hökmdar idi. İşlərində məşvərət edər, fiqh alimlərinə və ədəbiyyatçılara  dərin hörmət bəsləyər, onlara dəyər verib qoruyardı. Onun rəhbərliyindən nəinki müsəlmanlar, hətta qeyri-müsəlmanlar da razı idilər. Ona minnətdar olub hörmət və ehtiramlarını bildirirdilər. Bütün təbəə onun hakimiyyəti dövründə firavan həyat yaşamışdı. Günü-gündən dövlətini rifahını yüksəldən Əbdürrəhman ən-Nasir xoş söhbətləri, zarafatları ilə tanınırdı.

Taxta çıxdıqdan sonra Əbdürrəhman zəifləmiş dövlətin etibarını gücləndirmək üçün əlindən gələni edir. Dövlətdən müstəqil krallıqları ləğv edərək dövlətin bütövlüyünü təmin edir. Ən əsası dövlətdə baş qaldıran üsyanları yatırır. Bölgənin bütün əyalətlərini tək bir bayraq altında birləşdirir. Dövlətin poçt,  ordu, təhlükəsizlik və maliyyə sistemini yenidən bərpa edir. Rəhbərliyi dəyişərək dövlətin avtoritetini gücləndirir. Xalqın hər yöndən rahat və rifah içində yaşaması üçün əlindən gələni edir. Əsirləri müxtəlif işlərdə işlədərək dövlətə yük olmaqdan xilas edir.

Əbdürrəhman üsyanları yatırmaqda özünə xas üsul tətbiq edir. Baş qaldıran üsyanları yatırdıqdan sonra üsyan başçılarını yanına alıb onlara xələt geyindirər, onun yaxınlarının yanında saxlayar, hədiyyə və bəxşişlər verərdi.

Bu taktika üsyankarların sevərək ona itaət etməsinə zəmin yaradırdı. Bu yolla üsyankarların sayını azaldan Əbdürrəhman inad edərək müqavimət göstərənlərlə daha yaxşı mübarizə fürsəti əldə edirdi. Özündən əvvəlki sultanların muxtar bir bölgə olaraq saxlamaq məcburiyyətində qaldıqları Toledo bölgəsini də tabe edir. Əvvəlki illərdə hakimiyyətə qarşı ən çox üsyan dalğaları bu bölgədən ucalırdı. Bərbərləri, ispanları və ispan əsilli müsəlmanları rəhbərliyi altında birləşdirir. Yatırdığı ən təhlükəli  və ən vacib üsyanlardan biri də Həfsoğullarının üsyanı idi.

Əbdürrəhman ən –Nasir üçün digər ən mühüm bir məsələ Əndəlüsün şimalındakı xristianlarla yanaşı, Fatimilərin təhdidi idi. Əndəlüs şəhərləri Afrikada Fatimilərin, şimalda xristianların təhdidi ilə qarşı-qarşıya idi. Leon bölgəsində hakim olan bu xristianlar Zamora, Estefano, Osma və Simakakas qalalarını inşa edirlər. Əbdürrəhman bu bölgələrə hakim olmaq üçün səfərə çıxır. Ancaq onlarla apardığı döyüşlərdə ağır itkilər  verir.  Navar kralı Sançodan himayə və dəstək görən  bu xristianlar daha əvvəl müsəlmanların əlində olan torpaqlarda yerləşdirilmişlərdir. İlk qarşıdurmalarda qələbə qazanan xristianlar  çox zülmlər etdilər. Minlərlə müsəlmanı qılıncdan keçirirlər. Leyn Pol özünün  “The Moors in Spain” adlı əsərində dindaşlarının bu davranışlarını qınamış, onların əməllərini belə təsvir etmişdi: “Bu xristianların etdikləri pisliklər və sahib olduqları xüsusiyyətlər cahilliklərini göstəricisidir. Bu kobud və cahil insanlardan ancaq bunu gözləmək olardı. Nə aman diləyənə aman verdilər, nə də qaçıb canını qurtaranı boş buraxdılar. Yaralılara belə acımayan bu insanlar gücsüzləri himayədən məhrum edirdilər. Müsəlmanlar isə düşmənlərinə hər zaman hörmət edər, alicənab, comərd, tolerant  davranardılar. Bütün bunlar göz qabağında ikən Leon və Kastiliyanın azğın insanlarının bu xeyirxah insanları qılıncdan keçirmələrini, onların yaşadıqları şəhər və qəsəbələri viran qoymalarını, qalanlarını da kölə halına salmalarını xatırladıqca  çox üzülürəm”.

Müsəlmanların ağır məğlubiyyətindən istifadə edən Leon kralı II Ordona da İslam torpaqlarına hücum edir.  Bundan sonra böyük bir İslam ordusu hazırlanır. Xristianların üzərinə ilk hücum hicri 304-cü ildə baş tutur.  Bir il sonra təşkil edilən ikinci hücumda isə müsəlmanlar Estefanonun qoşunları qarşısında məğlub olurlar. Müsəlmanların məğlubiyyətindən cəsarətlənən Leon və Navara hökmdarları qoşun göndərərək Toledo və ətrafındakı ərazilərə ziyan vurur. İslam ordusu onların bu həmlələrinə qarşı çıxıb, ilk qələbəni qazanır. Xristianların bütün hücumlarını dəf etmək və onları itaət altına almaq istəyən Əbdürrəhman ən-Nasir qoşun yığaraq ordunun başına özü keçir. Hicri 308-ci ildə çıxdığı ilk səfərdə Osma və Estefano qalalarını mühasirəyə alır. Daha sonra şimaldakı xristianlara kömək edən və onların lideri olan kral Sançonun hakim olduğu Navara üzərinə hücuma keçir.

Döyüş zamanı kral Sanço meydandan qaçır və xristian orduları Əbdürrəhman ən-Nasirin ordusu qarşısında  Cist yaxınlığında məğlub olurlar. Bütün bunlara baxmayaraq hicri 311 –ci ildə Leon kralı Ordona və daha əvvəl meydandan qaçan kral Sanço yenidən ordu toplayaraq İslam torpaqlarına hücum edir və bəzi qalaları işğal edirlər.

Vəziyyəti belə görən Əbdürrəhman sürətlə şimala doğru hərəkət edir. Ordu keçdiyi bütün şəhərləri alır. Navara kralı Sançonun ordusu yenidən məğlub olur. Digər tərəfdən, II Ordona Leon kralı seçilir. Oğulları arasında daxili hərc-mərclik baş qaldırır. Bütün bunlar Əbdürrəhmanın işini asanlaşdırır. Bunun nəticəsindən bölgənin bütün işləri ilə məşğul olmaq fürsəti əldə edir. Həm daxili, həm də xarici problemləri həll edərək dövləti ən güclü vəziyyətə gətirir. Məhz dövlətin ən güclü illərində xəlifə adı ilə çağırılır.

Bir müddət sonra Leon dövlətinin taxtına keçən II Ramiro şimaldakı xristianlarla birləşir. Bununla yanaşı Əbdürrəhmana tabe olmaqdan imtina edən Saraqosa valisi Məhəmməd ibn Haşimlə də razılığa gəlir.

Bu vəziyyət qarşısında sürətlə hərəkətə keçən Əbdürrəhman ən-Nasir Saraqosanı tabe edir və Navara üzərinə hərəkətə keçir.  Bu səfər ərəfəsində bir neçə yerdə xristianları məğlub edir. Yüz min nəfərlik müsəlman ordusu qarşısında qalib gəlməyəcəyini başa düşən Ramiro hiyləyə baş vurur. O, Simanes bölgəsi yaxınlığında iri xəndəklər qazdırır. Hücum zamanı ilk olaraq geri çəkildiyini göstərən Ramiro İslam ordusunu qazdırdığı xəndəklərə tərəf çəkir. Xəndəkləri görməyən İslam ordusunun əlli min nəfəri şəhid olur. Bu acı fəlakət tarixə “Xəndək” müharibəsi adı ilə düşür.

Əbdürrəhman ən-Nasir Əndəlüs Əməvi dövlətinin hökmdarı olduğu müddətdə ömrünün sonuna qədər dövlətin güclü və əzəmətli olması üçün əlindən gələni etdi və buna nail oldu. Ən mühüm təhlükələrdən biri olaraq Fatimi dövlətinin fitnəsini aradan qaldırdı. Uzun müddət xəlifənin tam hakimiyyəti prinsipinə əməl etdi. İlk əvvəl Əbdürrəhman hakimiyyəti quraraq xəlifəliyini elan etdi. İkinci addımda qurduğu idarə sistemi ilə digər dövlətlər arasında etibar qazandı.

Qurduğu dövlətdə elmin inkişafı üçün əlindən gələni etdi. Din və texniki elmlər sahəsində alimlərin yetişdirilməsi üçün bir çox işlər gördü. İki yüz gəmilik bir donanma qurdu. Kordovada təsis etdiyi Kordova Universiteti o dövrün ən tanınmış elm ocaqlarından biri idi. Bu universiteti İspaniyanın hər tərəfindən tələbələri özünə cəlb edirdi. Bununla yanaşı, Avropa, Afrika və Asiyanın bir çox ölkələrindən gələn müsəlman və xristianlar bura axın edirdilər. Bu elm ocağı Bağdaddakı Nizamiyyə və Misirdəki Əzhər universitetlərindən qabaq inşa edilmişdir. Bu dövrdə təhsil və elmə təşviq üçün bir çox vəqflər də təsis edilir. Nəticədə Əndəlüsdə mədəniyyət çox yüksək bir səviyyəyə gəlib çatdı.

Oxuma –yazmaq bilməyənlərin sayı, demək olar ki, yox səviyyəsində idi. Böyük kitabxanalar inşa edildi. Kordovadan başqa, Malaqa, Valensiya, Almeriya və digər böyük şəhərlərdə yerli və əcnəbi tələbələrin təhsili üçün mədrəsə və universitetlər var idi.

Alimlər və elm tələbələri üçün bütün imkanlar yaradılmış, dərs  vermək üçün qonaq gələn alimlərin bütün ehtiyacları təmin edilirdi. Əbdürrəhman ən-Nasirin katibi Arib ibn Səd məşhur fizik və tarixçi idi.

Lan Pol Əbdürrəhman ən-Nasir haqqında yazırdı:

“O, Əndəlüsü üsyankarlardan və düşmənlərdən qorudu. Əndəlüsü yox olmaq təhlükəsindən xilas etməklə yanaşı, bu dövləti güclü etdi. Kordova heç bir zaman onun dövründə olduğu kimi güclü olmamışdı. Kənd təsərrüfatında  məhsuldarlıq artdı, sənayedə tərəqqi özünü açıq şəkildə büruzə verdi. O, xalq tərəfindən sevilən bir insan idi. Fransadan, Almaniya və İtaliyadan gələn qonaqlar oradakı mədəniyyətə heyran qalırdılar. Dövlətinin qüdrəti, məmləkətinin sərvəti Afrika və Avropada atalar sözünə çevrilmişdi.  Şöhrəti İslam ölkələrinin Asiyadakı ən ucqar yerlərinə qədər çatdı. Bütün bunlara zəkası, dürüstlüyü və qəti-qərarlılığı ilə nail oldu. Düşmənlərini məğlub etdi, bütün əngəlləri aşdı. Əndəlüsü qarışıqlıqdan və üsyan dalğalarından xilas etdi”.

Əbdürrəhman ən-Nasir etiqadı pozulmuş insanlarla da mübarizə apardı.  Dövrünün düşüncədə ən pozğun şəxslərindən biri İbn Məsərrə idi.  Əndəlüsdə böyüyüb başa çatan bu adam fəlsəfə ilə maraqlandı. Empedoklun fikirlərinə əsaslanan Almeriya məktəbinin təsirində qaldı. 912-ci  Kordovada dərs deməyə başlayır. Dövrün alimləri qarşısında aciz qalan İbn Məsərrə oranı tərk edir. Bir müddət mötəzili və İsmaili  məzhəbinin fikirlərini öyrənir və yenidən Əndəlüsə qayıdır. Fikirləri daha sonra Əbülabbas ibn Arif tərəfindən sistemləşdirilir.  Əhli-sünnə alimləri onların bu pozğun fikirlərinə tutarlı cavablar verirlər və məsələni Əbdürrəhmana bildirirlər. Əbdürrəhman vəziri Abdullaha bir xütbə hazırladır, bütün bölgələrə göndərərək minbərlərdə oxunulmasını əmr edir. Xütbədə deyilirdi:

“Allahın adı ilə!

Allah İslam dinini dinlərin ən üstünü etdi. Qullarından İslamdan başqa din qəbul etmədi. Sadəcə müsəlman olmalarına razı oldu. İslam dini daha əvvəlki dinləri aradan qaldırdı. “Ali-İmran” surəsində Allah buyurur: “Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar”.

Uca Allah Məhəmmədi (Ona Allahın salamı və xeyir-duası olsun!) son peyğəmbər olaraq göndərdi. Məxluqatı yaratmazdan əvvəl adını Ərşə yazdı. Quranı ona nazil etdi. Hənif dinini ümmətlərin ən xeyirlisinə göndərdi.  Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.

Hidayəti və həqiqəti başa düşməyimizi nəsihət etdi. Ən doğru, açıq, asan yol Onun yoludur. Bizi bir çox məşəqqət əziyyətlərdən xilas etdi. Camaatdan ayrılmağı dünya və axirət əzabının səbəbi etdi. Ayrılıq və təfriqə onun razı olmadığı bir şeydir. Müqəddəs kitabında belə buyurdu: “(Ya Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!”

Allah dində təfriqə yaratmamağımızı əmr edir. Fitnədən qaçmağımızı tövsiyə edir…”

“Qamus əl-Əlam” adlı əsərdə Əbdürrəhman Nasir haqqında  bunlar deyilib:

“Əndəlüs sultanı III Əbdürəhman məmləkətini genişlətdi və gücləndirdi. Fasda hakimiyyət quran İdrisiləri Fatimilərə qarşı dəstəklədi. Onları hakimiyyəti altına aldı. Mükəmməl bir donanma yaratdı. Özü və ətrafındakılar elmli və ədəbli insanlar idilər. Bütün ölkələrdən elm öyrənmək üçün Kordovaya axışıb gəlirdilər. Ən böyük tibb fakültəsi Kordovada quruldu. Avropa kralları və dövlət adamları müalicə almaq üçün bura gəlir, gördükləri mədəniyyət, qonaqpərvərlik qarşısında heyran qalırdılar. O, altı yüz min kitabın olduğu bir kitabxana inşa etdirdi. Əz-Zəhra adlı böyük saray tikdirdi, böyük bağçalar və məscid tikdirdi. Əndəlüsdə Əməvilərin səkkizinci xəlifəsi olan III Əbdürrəhman əlli illik ədalətli hakimiyyətindən sonra   961-ci ildə yetmiş iki yaşında vəfat etdi”.

Tərcümə etdi: Dilavər Məmmədov

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.