Kim - kimdir? Manşet — 13 October 2014

Əbubəkr əl-Bağdadi (1971)

Bağdad İslam Universitetinin professoru, İraq və Şam İslam Dövləti (İŞİD) lideri, məscid imamı, xətib

 

İbrahim Əvvad İbrahim Əli əl-Bədri Bağdadi 1971-ci ildə İraqın Səmərra şəhərində anadan olub. Bağdad İslam Universitetindən məzun olduqdan sonra bir sıra məscidlərdə imam və moizəçi kimi işləyən Bağdadi Səddam Hüseynin İraq prezidenti olduğu dövrdə İraqın Səmərra şəhərindəki “Əhməd ibn Hənbəl” məscidinin də imamı olub. Habelə o, Bağdad şəhərindəki “əl-Qübeysi” məscidində də imamlıq edib.

 

Ziyalı ailəsində böyüyən professor Bağdadinin ailə üzvləri arasında da ərəb dilinin biliciləri, filoloqlar, ərəbşünaslar və alimlər vardır.

 

İraqın ABŞ tərəfindən işğalından qabaq Tikrit Universitetinin pedaqoqu kimi fəaliyyət göstərən Bağdadi islam mədəniyyəti, şəriət elmləri, xüsusilə də fiqh (islam hüququ) sahəsində geniş biliyə malik şəxs kimi tanınır.

 

İraqın işğal edildiyi illərdə 4 il ölkənin cənubundakı həbsxanalardan birində məhbus həyatı yaşayan Bağdadi sərbəst buraxıldıqdan sonra işğala qarşı müdafiədə yaxından iştirak edir. O, əvvəlcə “Məclis əş-Şura əl-Mücahidin”, daha sonra isə İraq əl-Qaidəsi sayılan İraq İslam Dövlətinin sıralarına qoşulur.

2010-cu ildə Əbu Ömər əl-Bağdadinin ölümündən sonra İraq İslam Dövlətinə rəhbərlik etməyə başlayan Əbubəkr əl-Bağdadi təşkilatın Suriyada geniş fəaliyyətinə səy göstərir.

 

Genişləndirildikdən sonra İraq və Şam İslam Dövləti (İŞİD) adlandırılan hərəkat rəhbərliyi 2014-cü ildə xilafətin qurulduğunu bəyan edərək, İŞİD adını İslam Dövləti (İD) kimi dəyişir.

 

 

 

2013-cü ildə Bağdadi Suriyada Bəşşar Əsəd rejiminə qarşı mübarizə aparan qruplaşmalardan “Nüsrət Cəbhəsi”ni özünə birləşdirdiyini elan etsə də, hərəkat birləşməni rədd edərək “əl-Qaidə” lideri Eymən əz-Zəvahiriyə beyət etdiklərini açıqlayır.

 

2014-cü ildə “əl-Qaidə” Bağdadinin rəhbərlik etdiyi İŞİD  ilə əlaqələri kəsdiyini bəyan edir.

 

Bağdadi dəfələrlə ABŞ tərəfindən sui-qəsdə məruz qalsa da, bütün aktlardan xilas ola bilib.

 

 

Əbubəkr əl-Bağdadinin soyunun Məhəmməd peyğəmbərə gedib çıxdığı bildirilir. Onun nəsil şəcərəsi belədir: Əbubəkr əl-Bağdadi ibn Armuş ibn Əli ibn İd ibn Bədri ibn Bədrəddin ibn Xəlil ibn Hüseyn ibn Abdullah ibn İbrahim əl-Əvah ibn Şərif Yəhya İzzəddin ibn Şərif Bəşir ibn Macid ibn Ətiyyə ibn Yala ibn Davud ibn Macid ibn Əbdürrəhman ibn Qasım ibn Şərif İdris ibn Cəfər əz-Zəki ibn Əli əl-Hadi ibn Məhəmməd əl-Cavad ibn Əli ər-Rida ibn Musa əl-Kazım ibn Cəfər əs-Sadiq ibn Məhəmməd əl-Mis ibn Zeynəlabidin ibn Hüseyn ibn Əli ibn Əbu Talib və Fatimə bint Məhəmməd.

 

Hazırladı: Anar Rüstəmov

 

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.