Kim - kimdir? — 15 May 2014

Türkiyə diplomatiya tarixinə bir çox yenilik gətirən Əhməd Davudoğlu 1959-cu ildə ölkənin Konya şəhərinin Daşkənd qəsəbəsində anadan olub.

Dörd yaşında olarkən vaxtında xəstəxanaya çatdırılmadığına görə, anasını itirən Əhməd atası və ögey anası Səfurə xanımla birlikdə İstanbula köçür. İstanbulda orta məktəbin ilk dörd ilinin təhsilini Hacı Süleyman Bəy məktəbində aldıqdan sonra İstanbul Oğlanlar liseyində təhsilini davam etdirir. Liseyin alman təmayüllü olması Əhmədin həm qərb, həm də şərq mədəniyyətini təhlil etməsinə şərait yaradır. Burada o, Kafka, Höte, Bertold Brext və digər tanınmış yazıçı və mütəfəkkirlərin əsərlərini oxuyur, türk ədəbiyyatını dərindən mənimsəyir, Əhməd Həmdidən Füzuliyə, Fərabidən Əhməd Cövdətə qədər bir çox alim və mütəfəkkirin əsərləri ilə tanış olur. Həmçinin, Əhməd liseydə təhsil aldığı illərdə futbol və güləşə maraq göstərir.

Onsuz da alman təmayüllü liseydə təhsil alan Ə.Davudoğlu ali təhsil üçün ölkə xaricinə üz tutmaq əvəzinə yerli universitetlərdən birinə daxil olmağa üstünlük verir.

Tekstil sənayesi sahəsində və ticarətlə məşğul olan atası Mehmed Davudoğlu oğlunun marketinq ixtisasına yiyələnməsini istəyirdi. Beləliklə, Əhməd 1977-ci ildə liseyi bitirdikdən sonra Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsinə, bir il sonra isə elə həmin universitetin Siyasi elmlər fakültəsinə daxil olur. O, 1982-ci ildə İqtisadiyyat, bir il sonra isə Siyasi elmlər fakültəsini bitirməklə Boğaziçi universitetinin iki fakültəsində təhsili eyni zamanda başa vuran ilk tələbə olur. 1984-cü ildə Ə.Davudoğlu həkim Sara ilə ailə həyatı qurur.

Universiteti bitirdikdən sonra elmi şəxsiyyət olma yolunda qəti addımlarla irəliməyə davam edən Əhməd Boğaziçi Universitetinin İctimai İdarəetmə fakültəsində magistratura pilləsi üzrə, Siyasət və Beynəlxalq Münasibətlər fakültəsində isə doktorantura pilləsi üzrə təhsilini başa vurur. Ə.Davudoğlu 1989-cu ildə iki təklif alır. Bunlardan biri ABŞ-dan, digəri isə Malayziyadan idi. Seçim qarşısında qalan Əhməd ətraflı götür-qoy edir. Onun fikrincə, Ameirka cəzbedici deyildi. Qərb mədəniyyətini kifayət qədər tanıdığını düşünən Əhməd biliyini Malayziyada artırmaq qərarına gəlir. Əhməd ailəsi ilə birlikdə Malayziyaya yola düşərkən onun artıq iki qız övladı var idi.

Malayziyada İslam Konfransı Təşkilatının (İKT) qurduğu Beynəlxalq İslam Universitetində işləməyə başlayan Əhməd yerli mədəniyyətlə tanış olmaq üçün heç bir fürsəti fövtə verməməyə çalışır. Əhməd Davudoğlu ölkəsinə qayıtdıqdan sonra hərbi akademiyalardan Müstəqil Səyaneçilər və İş Adamları Dərnəyinə (MÜSİAD) qədər bir çox yerlərdə konfranslar verir.

1990-95-ci illər arasında ölkədən xaricdə bir sıra vəzifələrdə çalışdıqdan sonra 96-99-cu illərdə Mərmərə universitetində pedoqoji fəaliyyətlə məşğul olur. Ə.Davudoğlu 1993-cü ildə dosent, 1999-cu ildə isə professor elmi vəzifələrini alır. Bundan sonra o, bir müddət Bəykənd Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müdiri vəzifəsində işləyir.

Bu illərdə yaradıcılığa da vaxt ayıran Ə.Davudoğlu özünün “Alternativ paradiqmalar” və “Mülki Transformasiya və müsəlman dünyası” adlı kitablarını qələmə alır. Beynəlxaq münasibətlər, regional siyasi hadisələrin təhlili, müqayisəli siyasət və mədəniyyət fəlsəfələri, eləcə də mədəniyyət tarixi kimi mövzuları ehtiva edən araşdırmaları dünyanın müxtəlif dillərinə tərcümə olunur. 2001-ci ildə Ə.Davudoğlunun “Strateji dərinlik” adlı kitabı işıq üzü görür.

Ə.Davudoğlunun 80-ci illərdə Türkiyənin hazırkı prezidenti Abdullah Güllə tanış olur. Belə ki, onun dərc olunmuş məqalələrindən biri A.Gülün nəzərini cəlb edir. Bundan sonra o, R.T.Ərdoğanla tanış olsa da A.Güllə olan münasibətləri daha isti idi. Ə.Davudoğlunun istedadını və zəkasını hiss edən A.Gül ona dövlətdə vəzifə təklif edir. Təklifdən bir müddət sonra A.Gülün Baş nazir olması ilə Ə.Davudoğlunun müşavirliyi rəsmiləşir. Beləliklə, 2002-ci ilin noyabr ayında Əhməd Davudoğlu Türkiyə Baş nazirinin Baş məsləhətçisi kimi yeni vəzifəsinin icrasına başlayır. A.Gül Baş nazir postunu R.T.Ərdoğana təhvil verdikdən sonra da Ə.Davudoğlu öz vəzifəsini icra edir. Həmin illərdə o, “kölgə Xarici İşlər naziri” kimi Türkiyənin xarici siyasi kursunun müəyyənləşdiricisi rolunu ifa edir. Avropa Birliyi (AB) ilə münasibətlər, Kiprə dair müzakirələr, İraqda baş verən proseslərdə Türkiyənin hansı rolu oynayacağını müəyyənləşdirən başlıca fiqur olur.

Vəzifəyə gətirildikdən 2-3 il sonra istefa verməyi və həyatını elmi və pedoqoji fəaliyyətə ayırmaq istəyən Davudoğlunun istəyini A.Gül və R.T.Ərdoğan eşitmək belə istəmirlər. R.T.Ərdoğanın xüsusi təyyarəsi ilə müxtəlif ölkələrə səfər edən, hökumətin adından rəsmi əlaqələr quran Davudoğlu Türkiyə diplomatiyası tarixində misilsiz bir Baş müşavirə çevrilir. Xarici səfərlərin əvəzedilməz nümayəndəsi olan Ə.Davudoğlu təkbətək qapalı görüşlərdə belə iştirak edir.

Suriya ilə İsrail arasında münasibətlərin nizamlanması istiqamətində aparılan müzakirələrin təşkili Ə.Davudoğlunun mətbuatın nəzərini cəlb etməsinə səbəb olur. Onun HƏMAS lideri Xalid Məşəllə məxfi görüşünün mətbuata sızması isə ölkədə rezonans doğurur. Bütün bu hadisələrdən sonra o, “Türkiyənin Kissinceri” adlandırılır. Taktik, strateq və peşəkar diplomat olan Ə.Davudoğlu daha sonra “Neo-Osmanlı”çı olmaqda günahlandırlır. Əhməd özü isə bu ifadəni qəbul etmir.

Ə.Davudoğlu 2009-cu il may ayının 1-də Xarici İşlər naziri vəzifəsinə təyin olunur.

Bir il yarımn ərzində 11 ölkəyə səfər edən Davudoğlunun əsas məqsədi Türkiyəni “mərkəz ölkə”yə çevirməkdir. Onun uğurlarına daxildir: Suriya ilə İsrail arasında vasitəli sülh müzakirələrinin başlanması, eləcə də Fələstin qrupları arasında sülh görüşləri, İsrail və Fələstin arasında sülh müzakirələirinin yenidən başlanması üçün lazımi zəminin yaradılması, Livan və Suriya arasındakı böhranın aradan qaldırılaraq, Mişel Süleymanın Livan prezidenti seçilməsinə Bəşşar Əsədin razı salınması və s.. İraqın dini liderlərindən olan Müqtəda əs-Sədrin bir müddət əvvəl Türkiyəyə gətirilərək, danışıqlara qoşulmasında da Ə.Davudoğlunun böyük əməyi vardır. Ə.Davudoğlu Türkiyəyə strategiyanı sevdirən şəxs kimi tanınır. Türkiyə mətbuatının yazdığına görə, Türkiyənin Kipr siyasətində əsaslı dəyişikliklərin memarı, ABŞ-ın və AB-nin etirazlarına baxmayaraq, İranla qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsi də Ə.Davudoğlunun xidmətidir. Yeni nazirin əsas strategiyası “qonşularla sıfır problem”, “Türkiyənin mərkəz ölkəyə çevrilməsi, regional və qlobal güc statusu qazanması” istiqamətindədir. Davudoğlu Türkiyə ictimaiyyətinə bir sıra siyasi məfhumları gətirdiyi də məlumdur. Bunlar: “ritmik diplomatiya”, “oynaq mərkəz”, “strateji dərinlik”, “model ölkə”, “çoxtərəfli siyasət” və s-dir.

Share

About Author

Azerimuslims

(0) Readers Comments

Comments are closed.