Azərbaycan Manşet Xəbərlər — 20 October 2015

“Azərbaycan dövlətinin siyasətinin ən uğurlu istiqamətlərindən biri gənclər siyasətidir. Bunun əsasını ümummilli lider Heydər Əliyev qoyub. Gənclərlə bağlı iş dövlətin prioritet siyasətidir. Bu da öz effektini verir”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə parlament seçkilərində gənclərin fəallığı ilə bağlı respublikanın Gənclər Təşkilatları nümayəndələri ilə keçirilən görüşdə deyib.

Ə.Həsənov bildirib ki, elə gənclər formalaşdırılmalıdır ki, onlar Azərbaycan dövlətinə, dəyərlərinə sahib çıxsınlar: “Heydər Əliyevin istək və arzuları bu idi. Biz indi bunun effektini görürük. Bu il keçiriləcək parlament seçkilərində gənclər aktiv olmalıdır. Prezident İlham Əliyev dəfələrlərlə vurğulayıb ki, dövlətə məsuliyyətli gənclər lazımdır. Yəni, gənclər bir sıra məsələlərdə dövlətin yanında olmalıdır. Avropa Oyunlarında Azərbaycan gənci necə fəallıq göstərdi, şahidi oldunuz. Həmin oyunlarda 10 mindən çox Azərbaycan gənc iştirak etdi. Bu da göstərdi ki, bizim gənclər digələri ilə rəqabət aparmaq gücündədirlər”.

Ə.Həsənov Azərbaycan gəncliyini seçkilərdə yaxından iştirak etməyə çağırıb: “Bu gün sosial şəbəkələrdə, daxili və beynəlxalq mətbuatda Azərbaycandakı seçkilərlə bağlı müzakirələr gedir. O cümlədən, seçkidən sonra seçkinin, “exit-poll”ların nəticələri ilə bağlı müzakirələr gedəcək. Azərbaycanda seçki reallığını təhrif etməyi qarşısına məqsəd qoymuş yerli və xarici qurumlara və şəxslərə müqavimət göstərin. Sadəcə, gördüklərinizi təbliğ edin, sizdən başqa heç nə istəmirik. Namizədlərlə görüşlərdə fəal olub, problemlərinizi nəzərə çatdırın ki, gənclərlə bağlı iş deputat seçildikdən sonra onların fəaliyyətlərində əsas istiqamətlərdən biri olsun. Arzu edirəm ki, hər biriniz vətəndaş məsuliyyəti dərk edərək seçkilərdə fəal iştirak edəsiniz”.

Ə.Həsənov gənclərin Azərbaycan dövlətinin qorunmasında, seçkilərdə fəal iştiraklarına əmin olduğunu qeyd edib.

x x x

Ə.Həsənov sonra bildirib ki, bu görüş çoxlarının hafizəsində daimi özünə məskən tapacaq: “Bu görüş ilk dəfə səsverən gənclərin xatirəsində gələcək nəsillərə çatdırılacaq. Bu tədbiri təşkil etdiyinə görə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyevə təşəkkür edirəm. Son zamanlar Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən uğurlu istiqamətlərindən biri gənclər siyasətidir. Ümummilli lider Heydər Əliyev tərəfindən 1993-cü ildən başlayaraq bünövrəsi qoyulan və sonrakı illərdə mühüm dövlət proqramları və strateji xətt üzrə həyata keçirilən gənclər siyasəti bu gün effektiv nəticələrini verməkdədir”.

Ə.Həsənov deyib ki, Azərbaycanda ilk dəfə ümummilli liderin yaratdığı yeni nazirliklər sırasında Gənclər və İdman Nazirliyinin adının çəkilməsi, ondan sonra gənclər siyasətinin formalaşdırılması ilə bağlı mühüm dövlət proqramlarının qəbul olunması, gənclər gününün təsis olunması, gənclər siyasətinin dövlətin prioritet siyasəti səviyyəsinə qaldırılması və bunun verdiyi nəticələri nümunə göstərə bilərik: “Sözün həqiqi mənasında, mən bu gün qətiyyətlə bildirirəm ki, Azərbaycanda həyata keçirilən ən uğurlu istiqamətlərdən biri məzh gənclər siyasətidir. Və bunun nəticəsidir ki, bu gün Azərbaycan dövlətinə sahiblik etmək iqtidarında olan gənclər ordusu formalaşıb. Ümummilli liderin ən böyük arzularından biri ondan ibarət idi ki, Azərbaycanda elə bir gənc nəsil yetişdirilsin, formalaşsın ki, Azərbaycana sahib çıxmağı bacarsın. Azərbaycan dövlətinin estafetini bu günkü nəsildən, bu gün dövləti idarə edənlərdən qəbul edib, onu uğurla, bir səviyyə daha yüksəkdə davam etdirməyi bacarsın. Azərbaycan gəncliyi ölkənin milli-mənəvi dəyərlərinə sahib çıxa bilsin, bu iqtidarda olsun. Həm də gənclər öz yaşıdları sırasında rəqabətə davamlı olsunlar. Dünya siyasətində yaxından iştirak etmək bacarıqları olsun. Bütün bunlar ümummilli liderin Azərbaycan gəncliyi ilə bağlı arzuları idi”.

Daha sonra PA rəsmisi qeyd edib ki, biz bunları real həyatımızda görür və şahidi oluruq: “Burada zalda oturan və sizin təmsil etdiyiniz Azərbaycan cəmiyyətindəki gənclik öz səviyyəsində bu sahələrdə formalaşıb. Onlar həm fiziki, həm mənəvi, həm də intellektual keyfiyyətləri ilə dünyanın ən inkişaf etmiş ölkələrinin gənclərinin təmsilçiləri ilə rəqabət aparmaq gücündədirlər. Bu gün bu zala toplaşmağımızın əsas səbəbi Azərbaycan dövlətinin həyatında mühüm hadisə olan qarşıdan gələn parlament seçkilərində iştirakla bağlı gənclərin vəzifələrini bir daha bu gün tədbirdə iştirak edən gənclər təşkilatlarına çatdırmaqdan ibarətdir. Onlar da öz növbəsində təmsil etdikləri təşkilatlar çərçivəsində gənclərə çatdırsınlar. Yəni gənclər siyasətini həyata keçirən rəsmi qurumlar var – Gənclər və İdman Nazirliyi və dövlətin digər müvafiq qurumları. Bununla yanaşı, dövlət qurumlarının dəstəyi ilə dövlətin gənclər siyasətini həyata keçirən Azərbaycan gənclərinin təşəbbüsü ilə formalaşmış gənclər təşkilatları da var. Bu təşkilatlar bilavasitə gənclərin içərisindən çıxan təşəbbüslərin nəticəsi olaraq yarandığına görə, onlar gənclər siyasətinin formalaşmasında birbaşa iştirak edirlər. Onlar güclərin ümumiləşdirilərək dövlət siyasəti ilə əlaqələndirilməsinə yardım edir, dövlət gənclər siyasətinin formalaşmasında yaxından iştirak edirlər”.

Ə.Həsənov sonra bildirib ki, düşünürəm ki, bugünkü görüşdən sonra zalda olan gənclər təşkilatları yeni səsverməyə qatılacaqlar: “Bu il 18 yaşı tamam olacaq gənclər arasında, o cümlədən, bütövlükdə Azərbaycan gəncləri arasında seçkilərin mahiyyəti, əhəmiyyəti, düzgün seçim etməklə bağlı dövlətin və cəmiyyətin tələbləri ilə bağlı məsələlər ətrafında təmsil etdikləri qurumlar içərisində iş aparacaqlar. Cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında gənclərlə bağlı bu və ya dgiər toplantılarda qeyd edib ki, Azərbaycan dövlətinə, dövlətçiliyinə məsuliyyətli gənclik lazımdır. O gənclik ki, təkcə dövlətinin müvəffəqiyyətlərinə kənardan baxıb onu alqışlamır, müvəffəqiyyətlərini görüb fəxarət hissi keçirmir, eyni zamanda, dövlətin formalaşması istiqamətində aparılan siyasətin həyata keçirilməsində yaxından iştirak edir. Yəni, bəzi sahələrin yükünə öz çiyinlərini verərək o siyasətdə iştirak edirlər. Təkcə bir faktı qeyd edim ki, çox da uzaqda olmayan, bu yaxınlarda yekunlaşdırdığımız Birinci Avropa Oyunlarında Azərbaycan gəncliyi hansı yükü daşıdığının şahidi oldunuz”.

Ə.Həsənov onu da vurğulayıb ki, Birinci Avropa Oyunları Könüllüləri qismində iştirak edən 10 mindən yuxarı Azərbaycan gənci sözün həqiqi mənasında bu Oyunların bütün ağırlığını oyunların keçirilməsinə məsul olan dövlət və digər rəsmilərlə çiyin-çiyinə verərək daşıdı: “İlk Avropa Oyunlarında formalaşmış o könüllü gənclər ordusu bu gün Azərbaycan gəncliyinin istənilən sahəsində avanqard hissə kimi öndə getməyə və arxasınca digər gəncləri aparmağa hazırdır”.

Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Gənclər və idman naziri Azad Rəhimov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Gənclər Təşkilatlatının rəhbərləri və qonaqlar iştirak edir.

/trend.az/

Share

About Author

dlvmmazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.