Əqidə Sual cavab — 26 May 2014

Sual:
Rica edirik əqidə məfhumunu, onun öyrənilməsinin əhəmiyyətini izah edəsiniz və müsəlmanın iman baxımından bu ən mühüm məsələsində ayağının büdrəməməsi üçün nələrin lazım gəldiyini aydınlaşdırasınız.

Cavab:
Burada iki əsas məsələ var.
Əqidə anlayışı
Əqidənin öyrənilməsi (təlimi)
Əqida anlayışı
Əqidə insanın qəlbinin etiqad edərək doğruluğunda israr etdiyi və qətiyyətlə onun sabit və var olmasını iddia etdiyi bir şeydir.
Diqqətlə nəzər etdikdə görməkdəyik ki, əqidənin əsasında hərəkət verici qüvvə və nur dayanmaqdadır. Hərəkət verici qüvvə odur ki mömin yorulduğu, taqətdən düşdüyü vaxt ona yeni güc verərək onu Rəbbinin razı qaldığı əməllərə sövq edir. Əqidənin əsasındakı nur isə bütün insanlığı qurtuluşa çatdıracaq, cəmiyyəti islah edəcək, hidayət qaynağı olan həqiqətlərin məcmusudur.
İslam əqidəsindən bəhs edərkən Rəsulullahdan bu günə qədər gəlib çatmış, açıq-aydın və sadə olan, heç bir əlavəyə ehtiyac olmadan hamının anladığı inanc tərzindən söhbət getməkdədir. Rəsulullahın və sahabələrinin, onlara tabe olanların əqidəsi belə idi. Onlarım dövründə əqidə qalın-qalın kitabların mövzusu deyil praktik olaraq həyata tətbiq edilən yaşam tərzi idi. Sonrakı zamanlarda isə vəziyyət dəyişdi. İslamın yayılması ilə bu dinə çoxlu yad mədəniyyətlərdən qaynaqlanan fəlsəfə və düşüncə cərəyanlarının girməsi əqidəvi məsələlərə də öz təsirini göstərdi. Bu cərəyanların təsirindən meydana gələn kəlami məzhəblərin yaranması ilə əqidə əməli müstəvidən fəlsəfi söhbətlər müstəvisinə keçdi. Bu zaman bir çox məsələlər bir-birinə qarışdı. Əqidədən olmayan bir çox məsələlər əqidəyə daxil edildiyi kimi inandığına əməl etmə kimi əqidənin ortaya qoyduğu əsas məsələ arxa plana keçirildi. Bir çox kəlam firqələri yaranaraq müxtəlif qruplar meydana gəldi. Müsəlmanlar yuxarıda zikr etdiyimiz əqidənin hərəkətetdirici praktik yönünü unudaraq nəzəri kəlam müstəvisinə keçdilər. Beləliklə əqidə kəlamlaşdı, kəlam da əqidələşdi. Böyük İslam mütəfəkkiri Məhəmməd İqbalın söylədiyi kimi “Əqidə insanlar üçün bir nur idi, sonra isə kəlam üçün elmə çevrirdi” Lakin Allah (C) bütün bunların qabağım almaq üçün bu ümmətə Şeyxülislam İbn Teymiyyə, Imam Ğazali, İmam Əbul-İzz əl-Hənəfi, lmam İbnul-Qeyyim kimi alimlər göndərdi.
Bu gün bizim də əqidə məfhumunu Allah Rəsulunun, onun səhabələrinin anladığı kimi anlamağa ehtiyacımız var. Belə bir əqidəyə sarılmamızın nəticəsi əməl və fədakarlıq, insanlığı Allahın dininə dəvət etmə olmalıdır.
Əqidə onun üçün vardır ki bizi Rəbbimizə yaxınlaşdırsın, bizi həyatımızda nəfsimizdəki və şeytandan qorusun, Allahın dini üçün bizləri hərəkətə sövq etdirsin. Necə ki, bu Rəsulullahın zamanında da bu belə olmuş və bizlərdən də Allah və Rəsulu bu yolu izləməyimizi, ona təslim olmağımızı istəmişdir. Buna görə də bu din İslam adlanmışdır. İslam təslimiyyətdir. Nəfsin Xaliqinə təslimiyyəti…Nəfsin daşınması ilə məsul olduğu risalətə təslimiyyəti… Belə bir təslimiyyətlə nəfs bütün mənfəətlərindən keçməkdə, özünü haqqa dəvət üçün insanlığın xidmətinə verməkdədir. Bax bu bizim əqidəmizdir.
Əqidənin öyrənilməsi.
Sadaladıqlarımızla heç də əqidəmizin elmi yollarla öyrənilməsinə qarşı çıxmırıq. Çün ki, onun
öyrənilməsi əməllərimizin doğru və məqbul olmasında bir şərtdir. Əqidəmizi yetərincə öyrənməmək bizim harama girməyimizə vəsilə ola bilər. Əməllərimizə hüsn-zənn bəsləyərək xəta edə bilərik. Buna görə əqidəmizi öyrənmək – Rəbbimizin isim və sifətlərini, rəsullarını, mələklərini, kitablarını tanımaq, axirət gününü bilməyimiz, öyrənməyimiz zəruridir. Bu hər bir müsəlman üçün labüddür.
Biz müsəlmanları əqidə yönü ilə qoruyacaq iki əsas əhəmiyyətli məsələ var.
Əqidəmizi haqqı ilə öyrənmək.
Sadəcə olaraq mücərrəd əqidəvi qaydaları əzbərləyərək fəlsəfə və cədəllə məşğul olmaq
deyil, əqidəmizin gərəkdirdiyi əməlləri işləmək, əqidəni həyata tətbiq etməkdir. Bu müsəlmamn
ona əmr edilənləri yaşaması, bu yolda fədakarlıq etməsidir. İslam ümmətinin bu günkü hala düşməsinə bu iki yönün tərk edilməsi əsas səbəbdir. Əqidələrini bilməməklərinə görə müsəlmanlar zəlalət bataqlığına düşmüş, praktik həyatla heç bir əlaqəsi olmayan faydasız kəlami mübahisələr içərisində boğulmuşlar. Beləliklə qəlblərində də əqidənin nuru söndü. İslam aləmi qat-qarışıq və parçalanmış hala gəldi. Müsəlmanlar əsas əməllərindən olan haqqa dəvət də bu qarışıqlıq içərisində görünməz oldu.
Nə qədər qəribə də olsa deməliyik ki, dəvətin zəifləməsinin səbəblərindən biri də müsəlmanlar arasında tövhidi öyrətməyə çalışanlardır. Burada səhv ondan ibarətdir ki, əqidəvi məsələlərdə ən xırda detalları belə lüzumsuz şəkildə araşdıraraq onu ciddi bir problem halına gətirirlər. Allahın zatına aid olan məsələləri çox cürətlə sanki dünyaya ayrı məsələlər kimi izah edirlər. Bu zaman bir çox mütəşabih məsələləri də və hətta fiqhi məsələləri belə əqidədən hesab edərək aydın və sadə İslam əqidəsini mürəkkəbləşdirirlər.
Bu gün bizim əsas vəzifəmiz müsəlmanları imanları yönündəki başlıca məsələlərdən agah etmək, onlara ümmət olaraq vəsfləndirən əsasları çatdırmaqdır. O ümmət ki, Qurani-Kərimdə ən başda gələn vəsflərindən biri insanlar üçün çıxarılmış xeyirli ümmət olmasıdır. Və bu xeyirli olmanın da tək şərtini Allah-tala yaxşılığı əmr edib pisliklərdən çəkindirmək olduğunu bildirməkdədir. Beləliklə əməl, fəaliyyət əqidə ilə bir bütündür. Bu ümmətin digər bir vəsfi də vəsat (orta) ümmət olduğudur. İfrat və təfritdən (həddən artıq kəskinlikdən, radikalhqdan və həddən artıq yumşaqlıqdan, liberallıqdan) uzaq durmaq, orta yolu izləmək bu ümmətin əqidəsindəndir. Orta yoldan uzaqlaşmaq yəhudi və xristianlığın metodudur. Islamın yolu orta yol olan sirati-müstəqimdir. “Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!”(Fatihə 6-7)
Bəli, İslam əqidəsində ana xətt tövhiddir. Onu dərk edib qəbul etməklə müsəlman mömin olur. Ancaq tövhidə sarılmış mömin Allahı razı salacaq əməllər işləyə bilər. Tövhid anlayışının möhkəmliyi ancaq bir möminə çətinliklərə sinə gərməyə imkan yaradar. Tövhid əqidəsi eyni zamanda elm və əməlin vəhdətidir.
Əlbəttə, əqidənin təlim və tərbiyəsi zamanı hikmət əsas şərtlərdəndir. Dəvət etdiyimiz, öyrətdiyimiz adamların yaş səviyyələri, fərqli sosial mühitdə tərbiyə olunmaları, elm və xasiyyətlərinin fərqliliyi bizi diqqətli olmağa məcbur etməkdədir. Hamı ilə öz qədərində danışmaq hikmətdir. Rəsululah (s) əqidəvi məsələlərin izahında həmişə qarşısındakının səviyyəsini nəzərə alar, onun öz müstəvisində anlatmağa çalışardı.
Ancaq təəssüflər olsun ki, bu gün əqidə məsələlərinin xırdalıqlarını bir-birlərinə sual verməklə insanlar bir-birlərini sanki imtahan edirlər, çox zaman da bunu qarşı tərəfi bidət və küfrdə ittiham etməsi üçün etməkdədirlər. Əqidə müsəlmanları parçalamaq üçün bir mövzu deyil, onları Allaha yaxınlaşdıracaq əməllər üçün səfərbər edəcək imanın dinamizmidir.

Hazırladı: Ramin Vəkilov

Share

About Author

(0) Readers Comments

Comments are closed.