İslami Manşet Məqalələr Xəbərlər — 23 January 2017

Əgər alimlər ixtilaf etməsəydilər, ictihad məsələlərindən qaynaqlanan ixtilaf ümməti məzhəblərə bölməsəydi, alimlərin fikir ayrılığından törəyən təfriqə də baş verməzdi. Gəlin bu cümləni geniş şəkildə ələ alaq. Alimlərin ictihad məsələlərində fikir ayrılığına düşməsi təbiidir.

İnsanın yaradılışından irəli gələn bu reallığı din rədd etmir. Bu səbəbdən İslamda ictihad və ictihad zamanı xətaya yol vermək pislənmir. İctihaddan irəli gələn fikir ayrılığı su keçirməz qablar kimi məzhəblərin ortaya çıxmasına səbəb olmaya bilərdi, ancaq təəssüflər olsun ki, bu baş verdi. Məzhəblər ortaya çıxsa da, məzhəb təəssübkeşliyi, məzhəbçilik olmaya bilərdi. Belə ki alimlik dərəcəsinə çatmayan müsəlmanlar dini həyatlarında ehtiyac hiss etdikləri məlumat və fitvaları bütöv şəkildə İslam məzhəblərindən alar, daha geniş şəkildə bir həll yolu ortaya qoyardılar. Ancaq bu da baş vermədi. Lakin bugünkü mövzumuz fiqh və kəlam məzhəblərinin birdən artıq olması deyil. Bu gün əsas məsələ ümməti bir nöqtədə birləşdirəcək alimlər birliyinin olmaması, tam əksinə, təfriqənin ortaya çıxmasına zəmin yaradacaq “alimlər firqəsi”nin mövcudluğudur.

“Alimlər firqəsi” nə üçün vardır? Bu firqənin ortaya çıxmasının əsas səbəblərindən biri qəflət və təəssübkeşlikdir. Məsələn, bir mövzu ətrafında alimlər həmrəy deyillərsə, bu, konkret bir məsələ deyildir. Konkret və tədqiq olunmayan bir mövzu dəqiq bir əmr və təlimatdan üstün ola bilməz.

Dində təfriqə, ümmətin bölünməsi və ümmətin fərdləri arasında qarşıdurmanın baş verməsi haramdır. Əgər bir alim dəqiq olmayan ictihad və düşüncələrindən əl çəkməyərək, ümmətin parçalanmasına və fərdləri arasında qan tökülməsinə zəmin yaradırsa, bu yol verilməzdir. Çünki təfriqə yaratmaq dində haramdır və bu hökm dəqiq və konkretdir. Buna imkan yaradan alim hökmü dəqiq olan bir əmrə qarşı gəlmiş olur. Əgər bir alim bunda israr edirsə, demək ki, həmin alimdə qəflət və təəssübkeşlik özünü açıq-aşkar büruzə verir.

Digər bir məsələ isə xəyanətdir. Yəni elmin, mənfəətə qurban verilməsi. Bir alim maddi və mənəvi mənfəəti üzündən haqq və həqiqətə üz çevirirsə, xəyanət etmişdir. Tarixdə və hal-hazırda güc və iqtidar sahiblərinin yanından olan, gücün və iqtidarın haramdan rahat şəkildə istifadə etməsi üçün onlara dəstək verən alimlər olmuşdur. Onların etdikləri əsl xəyanətdir. Suriyada Əsədin, Misirdə isə Sisinin yanında olan və onların etdiklərinə saxta don geyindirən üzdəniraq alimləri misal göstərə bilərik.

Ümməti bir-birinə düşmən edən digər bir amil qruplaşmadır. Ümmətin fərdləri tarixin müəyyən dövrlərində bəzən təriqət, məzhəb, siyasi partiya, etnik qruplar, qəbiləçilik, millətçilik donu altında bir-biriləri ilə mübarizə aparmışlar. Bu saydıqlarımızın hər birinin öz alimi və rəhbəri olmuşdur. Əgər bu alimlər dinin dəqiq və ixtilafa səbəb olmayan əmr və təlimatları üzərində həmrəy olsaydılar, bir icma yaradıb ümməti bir araya toplaya bilərdilər.

Məlumdur ki, bir məsələ üzərində alimlər qrupu həmfikirdirsə, bu fikrə qarşı çıxmaq elə də asan olmur. Ancaq təəssüflər olsun ki, birlik yoxdur. Əgər məcbur olub bir araya gəlsələr, haqqın deyil, təfriqənin, ayrılığın ətrafında birləşirlər. Bəzən gözəl çıxışlar edib, ortaq nöqtələrə aid nəticə əldə etdiklərini söyləsələr də, səmimi olmadıqları üçün onları reallaşdıra bilmirlər. İslam peyğəmbəri (Ona Allahın salamı və xeyir-duası olsun!) buyurub:

“Qiyamət gününə qədər ümmətin içindən haqq və həqiqəti təmsil edəcək alimlər olacaq”.

 Heç şübhəsiz hər firqə hədisdəki sözügedən alimlərin onlar olduğunu iddia edəcək. Ancaq bunu da unutmamalıyıq ki, dinimizdə haqq və həqiqət hündür bir dağın arxasında gizli deyildir. Sözügedən həqiqət Quranda, Pak Sünnədə və “İcma”da açıqlanmışdır. Həll yolu bu açıq və dəqiq olan təlimatı əldə rəhbər tutmaq və onunla əməl etməkdir.

Hayreddin Karaman

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.