Maraqlı Məqalələr — 30 May 2014

Bəlkə də, bir çoxlarımızı düşündürür. Nədən öz nəzakət və incəliyi ilə bütün dünya mədəniyyətlərinə nümunə olmağa çalışan avropalılar birdən-birə tolerantsız, dözümsüz, xoşgörüdən uzaq, orta əsrlər qaranlıqlar Avropasının insanlarına çevrilirlər.

Bilirəm, bir çoxları məni bütün Avropanı ittiham etdiyim üçün qınayacaq. Ancaq mənimlə razılaşarsınız ki, son dövrlər dünyanın bu bölgəsində fərqli mədəniyyətin nümayəndələrinə (yəni müsəlmanlara) qarşı münasibət heç də yaxşı deyil.

Onlar bizim demokratiya, insan haqları “müəllimlərimizdir” İnsan haqları, azadlıqlar, milli və cinsi azlıqlara münasibət sahəsində bizim “çox pis vəziyyətdə” olduğumuzu və bu vəziyyətdən bizi ancaq özlərinin çıxaracaqlarını iddia etməkdədirlər. Bu ölkədə seçkidən tut, işığın, qazın qiymətinə qədər hər şeyə qarışmaqda, bu ölkəni və bu ölkənin adamlarını istədikləri yerə yönəltməkdədirlər. Nə isə bu məsələləri çox qurdalamayaq, xülasə onlar bizim “böyüklərimizdirlər”.

Və son zamanlar məlum olmaqdadır ki, bu “böyüklərimizin” çox ciddi problemləri var. Daxillərində bir əsrə yaxındır davam edən mənəvi çöküş artıq daha aydın formada sosial həyatlarında büruzə verməkdədir. Həqiqətən Avropa qocalmışdır. Bəlkə də maddi rifah və yüksək texnoloji imkanlar fonunda bu qocalma bir o qədər hiss edilmir. Bəlİ, bir tərəfdən yüksələn Amerikan hedonist (nəfsin istəklərinə, həzlərə keyfə bağlı) həyat tərzi qoca qitənin mədəni dəyərlərini məhv etməkdədir. Amerikan qloballaşması Avropanın mədəni qısırlığını daha çılpaq formada gözlər önünə sərməkdədir.

Digər tərəfdən isə günü-gündən mənəvi sərhədlərini genişləndirən İslam, bütün istilalara, boğulduğu qana, uğradığı zülmə baxmayaraq böyüyən İslam mədəniyyəti… Bu qədər əleyhinə planlar işlənmiş, hərbi hücumlar təşkil edilmiş, əl-qolu hər yandan bağlansa da, bütün bunlara rəğmən gün-gündən böyüyən, ardıcıllarının sayını artıran ikinci bir əqidəyə tarix hələ şahid olmamışdır. Həqiqətən baxın, İslam aləmi, aclıq, səfalət, təhsilsizlik içərisində boğulmaqdadır. Əlbəttə, bunlar reallıqdır və obyektiv səbəbləri vardır. Ancaq, bu məhrumiyyətlər içərisində İslam dünyanı fəth etməkdədir.

İslam Avropanın sərhədlərini çoxdan aşmış, artıq fransızların, almanların, ingilislərin və s. qərblilərin dininə çevrilmişdir. İslam bu gün qərbdəki nailiyyətlərini ən güclü imperiyalara sahib olduğu zamanlarda belə əldə edə bilməmişdi. Avropada gün-gündən artan müsəlman toplumlar, onların yerli cəmiyyətə sürətlə inteqrasiyası Qərb ideoloqlarını əndişələndirməkdədir. Onların son fikri “nailiyyətlərindən” olan liberalizm bu gün öz vətənlərində əleyhlərinə işləməkdədir. Bu gün müsəlmanların Qərb cəmiyyətinə inteqrasiyası bunlar üçün ən təhlükəli məsələlərdəndir. Onlar inteqrasiya deyil assimilyasiya istəməkdədirlər.

Bu gün karikatura, terror və digər bu tipli planları tək bir hədəfə ünvanlanmışdır – Müsəlmanları Avropada durdurmaq. Yəni bu əməllərlə onları şiddətə məcbur etmək, radikallaşdırmaq, və beləliklə “vəhşi müsəlman” obrazı yaratmaq. Onlara görə bundan sonra İslam Dəvəti Avropada zəifləməli olacaq. Bu əlbəttə onların məkrli niyyətidir. İnşallah, müsəlmanlar onların bu məkrlərinə düşməyəcəklər.

“(Kafirlər Peyğəmbərə və islam dininə qarşı bacardıqları qədər) hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur. Onların hiyləsi ilə dağlar (İslam dini, onun hökmləri) yerindən oynayan deyildir!”(İbrahim 46)

Share

About Author

(0) Readers Comments

Comments are closed.