Ağıl möcüzədən daha məqsədəuyğundur

İbn Həzmdən fərqli olaraq, mən ilk mərhələ olaraq dəlil axtarışına, Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) aid edilən möcüzələrdə “itirilmiş halqa” axtarışına çıxmamış, rəvayətlərdəki istinad və məzmun problemlərini həll etməyə  girişməmişəm. Fikirlərimi Peyğəmbərin kimliyinə yönəltmişdim. Fərqinə varıram ki, ağlımla varlıq və fövqəlvarlığın mahiyyətini qavraya bilmərəm. Onun da fərqindəyəm ki, qeyb aləmi ilə – Allahla danışmağım, Peyğəmbər və peyğəmbərlik haqqında sual verməyim mümkün deyildir. Bu səbəbdən dəlil axtarışına çıxmalı, Peyğəmbərin həyatındakı “itmiş halqa”nı tapmalı idim. Özü də bu dəlil və ya “itmiş halqa”nı ağıl və fitrətə əsaslanaraq, maddi möcüzələrə müraciət etmək, onları heçə saymamaq, varlıq qanunauyğunluqlarını inkar etməmək şərti ilə tapmalı idim. Həmin vaxtlar mən Peyğəmbər və peyğəmbərliyin həqiqiliyinin isbatlanmasında möcüzələrin arqument seçilməsinin zəruriliyinə ehtiyac hiss etməmiş, bu iki anlayışı təsdiqləyən elmi-rasional dəlil tapa bilmişdim. Bu da öz növbəsində məni yaşadığımız elm əsrində mühüm bir boşluğu doldurmaq, elmi-rasional və metodoloji bir problemə aydınlıq gətirmək, haqlı güclünün deyil, güclü haqlının yanında dayansın deyə materialist dünyagörüşü ilə mübarizədə mənəvi dünyagörüşünü yenidən meydanlara qaytarmaq üçün bu məqaləni yazmağa sövq etmişdi.

Hələ uşaqlığımdan təsəvvürümdə tutduğum elmi metod sonuncu peyğəmbərliyin həqiqiliyinin rasional-elmi yolla isbatlanmasını zəruri edirdi. Bu metod elə etməli idi ki, peyğəmbərliyi təsdiqləyərkən dövrümüzdə yaşayan insanların yəqinliyi Həzrəti Məhəmmədin (Ona Allahın xeyir-duası və salamı olsun!) müasirlərinin yəqinliyindən fərqlənməsin. Bu səbəbdən Həzrəti Məhəmmədin (Ona Allahın xeyir-duası və salamı olsun!) peyğəmbərliyini isbatlayarkən ağıl əsas götürülməli idi. O ağıl ki, Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) gətirdiyi təlimlərdə ona ehtiram göstərilir, onun zəruriliyindən söz açılır. Buna görə də peyğəmbərliyin həqiqiliyi isbatlanarkən ağıl və hisslərin nüfuz edə bilmədiyi müxtəlif möcüzələr arqument olaraq göstərilməməlidir. 

Bu metoda görə peyğəmbərliyin həqiqiliyi əgər Həzrəti Məhəmmədin şəxsiyyəti (kimliyi) əsasında isbatlanmalıdırsa, onda başlanğıc olaraq, onun həyatına həm “hissə-hissə”, həm də bir bütöv kimi nəzər salmaq, ömür salnaməsini başqa insanlarınkı ilə müqayisə etmək lazımdır. Bu imkan verəcəkdir ki, Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) vəhyi insanlara necə çatdırmağı, onları ona necə inandırmağı məsələsi məntiqi cəhətdən izah olunsun.

Tarixçilər qeyd edirlər ki, islamın meydana çıxması digər dinlərin meydana çıxması kimi olmamışdır: Quranın mətni və Peyğəmbərin həyatı bizə olduğu kimi gəlib çatmışdır. Həm tarix, həm də Quran mətni bizə izah etmişdir ki, Həzrəti Məhəmməd (Ona Allahın xeyir-duası və salamı olsun!) insan olmuş, başqa insanlar kimi ömür sürmüş, həyatının ayrı-ayrı detallarında bəşərilik ifadə olunmuşdur. Elə isə peyğəmbərliyinin həqiqiliyi isbatlanarkən seçilən arqumentdə bəşərilik nəzərə alınmalıdır. Yəni, möcüzəvilik bu “bəşər övladı”nın həyatının harasındadır? Və ya onun qeybdən göndərilən bilikləri rasional qaydada insanlara çatdıran bir peyğəmbər olduğunu isbatlayan arqument haradadır? 

Həqiqi peyğəmbərliyin şərtləri

İki şərtə əməl edildiyi üçün Həzrəti Məhəmmədin (Ona Allahın xeyir-duası və salamı olsun!) missiyasını (Quranı) ilahi missiya hesab etmək mümkündür. Bu şərtlərdən birincisi mötəbərlikdir. Qurani-Kərim başdan-ayağadək mötəbər kitabdır. Çünki başqa dinlər və kitablarının mötəbərliyini təsdiqləyən sənədlər əlimizdə yoxdur. Halbuki Quran hələ Peyğəmbərin dövründə yazıya köçürülmüş, ixtisaslı qarelər tərəfindən bütöv şəkildə kəsilməz istinadlarla dildən-dilə ötürülmüş, indi də ötürülməkdədir. Həmçinin hər bir müsəlmandan tələb olunur ki, gündəlik beş vaxt namazlarında Qurandan müəyyən hissələri oxusun. Müsəlmanların əksəriyyəti həyatı boyunca könüllü şəkildə Quran oxuyur, əzbərləyir, öyrənir, ondan ibadətdə istifadə edir, təbərrük umur. Bu da Quranı o dərəcədə mötəbər edir ki, heç bir tarixi mənbənin (sənədin) mötəbərliyi onunla müqayisə oluna bilməz. Elmdə, fəlsəfədə, bilik və mədəniyyətdə heç bir nailiyyəti olmayan savadsız bir xalq[1] tərəfindən mötəbərliyin bu səviyyədə təmin edilməsi, doğrudan da, heyrət doğurur.

İkinci şərtə gəlincə, bu, yaxşılıq (xeyir) məziyyətini ifadə edir. Quran dünyada yaxşılıq etməyə, əməlisalehliyə çağırır. Belə olmazsa, islamı müqəddəs missiya hesab etmək yersiz görünərdi. Bəlkə də, aşağıdakı ayə Quran missiyasının xüsusiyyətini, onun müsəlmanların həyatında oynadığı rolu aşkar şəkildə izah edir:

“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” (ən-Nəhl, 90).

Mötəbərlik və yaxşılığı məqsəd bilmək bir missiyanın ilahiliyini təsdiqləyən şərtlər kimi göstərilsə də, xeyrə təşviq edən mötəbər bir kitabın meydana gəlməsi məsələsi ətrafında yarana biləcək mübahisələrə son qoymaq gücünə sahib deyildir. Çünki əməllərini böyük göstərmək, onlara müqəddəslik donu geydirmək istəyən birinin peyğəmbərlik iddia etməsi mümkündür. Buna görə də üçüncü şərtə ehtiyac yaranır. Üçüncü şərt kimi elə rasional arqument seçilməlidir ki, Həzrəti Məhəmmədin (Ona Allahın xeyir-duası və salamı olsun!) Allahdan gələn təlimləri insanlara çatdıran peyğəmbər olduğunu isbatlasın. Bu səbəbdən əsas diqqəti Peyğəmbərin şəxsiyyətinə yönəltmək, həyatı və həyatının ayrı-ayrı detalları üzərində düşünmək lazımdır. Ancaq bu təqdirdə onun missiyasının həqiqiliyini təsdiqləyən həmin rasional arqumenti tapmaq mümkün olacaqdır. Həm də ki biz Həzrəti Məhəmmədin (Ona Allahın xeyir-duası və salamı olsun!) həqiqi səma elçisi olub-olmadığını müəyyənləşdirmək üçün Allahla birbaşa əlaqə yarada bilmirik. Bununla yanaşı, peyğəmbərlik elmi-rasional  institutdur: “Oxu!” əmri ilə başlanmış, kitab gətirmiş, öyrənməyə, düşünməyə, dəlil və sübut istəməyə təşviq etmiş, qanunauyğunluqlar və səbəblərin dərkinə söykənmişdir. Bütün bunlar zəruri edir ki, Peyğəmbərin həyatına, şəxsi məziyyətlərinə, xarakterinin ayrı-ayrı detallarına nəzər salaq. Nəticədə biz onun peyğəmbərliyinin həqiqiliyini göstərən arqumenti tapacağıq.

[1] Ərəblər nəzərdə tutulur – tərcüməçinin qeydi.

Əbdülhəmid əbu Süleyman

Tərcümə etdi: Elvüsal Məmmədov

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.