İslami Manşet Məqalələr Xəbərlər — 20 February 2017

Quranı oxuyuram: qarşımda vəhyin kağıza tökülmüş maddi qabığı canlanır, ilahi kəlamın əsrarəngizliyini beynim və qəlbimlə hiss edirəm… Çünki həm düşünür, həm də müqəddəs kəlamı nazil olduğu dildə oxuyuram. Tərcümə ilə Qurandakı hökmləri, əmr və qadağaları öyrənmək mümkündür, amma onun ilahi kəlam olduğunu, vəhyi ifadə etdiyini hiss edib duymaq üçün (başa düşmək deyil!) onu ərəbcə oxumaq lazım gəlir. Bu da bir nemətdir…

Allahın Quranda bilikləri çatdırma üslubu, cavablandırma metodu məni həmişə maraqlandırmışdır. Çünki insanı xəlq edən Odur, bu üzdən ona necə cavab verəcəyini çox yaxşı bilir. Allahın cavablandırma üslubuna mətləbə işarə etmək, ondan kənara çıxmamaq, əlaqədar müqayisələr aparmaq, konkretlik və pilləlilik… xasdır.

Bu səbəbdən müsəlman filosofu Əbu Yaqub əl-Kindi deyirdi ki, heç bir zəka, hətta fəlsəfi zəka suallara Quranda olduğu kimi qısa və qənaətbəxş cavab verməyə qadir deyil.

Budur “Ali-İmran” surəsinin 168-170-ci ayələri qarşımdadır:

  1. (Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, – deyənlərə (Ya rəsulum!) söylə: “Əgər doğru deyirsinizsə, onda (bacarın) ölümü özünüzdən uzaqlaşdırın!”
  2. Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.
  3. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.

Birinci ayədə görürük ki, iddiaçılar ölüb-ölməməyin onlardan asılı olduğunu bildirirlər. Allah isə bir-başa onların ittihamına (“Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”) cavab vermir. Onları bu iddiaya sövq edən zehniyyəti hədəf alır və məntiqi “zərbə” ilə “daşlar”ı yerinə oturdur: “Əgər doğru deyirsinizsə, onda (bacarın) ölümü özünüzdən uzaqlaşdırın!” Yəni, ölüb-ölməmək sizdən asılıdırsa, onda heç ölməyin. Əgər bunu edə bilsəniz, deməli, sizin sözünüzə qulaq asmaq olar.

İkinci ayədə Peyğəmbərə və onun timsalında möminlərə müraciət vardır. Allah əmr formasında bildirir ki, nəinki iddiaçıların dediyi puçdur, bununla yanaşı, danılmaz bir həqiqətə əksdir: şəhid düşmüşlər ölü deyillər! Bununla da, Allah möminlərə ölümsüzlük həqiqətini yəqinliklə aşılayır.

Üçüncü ayədə isə Allah ölümsüzlük həqiqətini əyani şəkildə diqqətə çatdırır, müddəanı gücləndirir.

Göründüyü kimi, bu ayələrdə a) iddianı iddiaçıdakı ziddiyyət əsasında puça çıxarmaq; b) danılmaz həqiqəti xatırlatmaq; c) həqiqəti əyani surətdə təsəvvürlərdə canlandırıb möhkəmlətmək vardır. Belə cavablandırma əməliyyatında, əvvəlcə, iddiaçıya zərbə endirmək, sonra bu zərbənin tutarlılığı fonunda ittiham olunanlara həqiqəti xatırlatmaq,  daha sonra onları əqli və mənəvi cəhətdən rahat etmək vardır…

Allaha sonsuz şükürlər olsun!!!

Elvüsal Məmmədov

/AzeriMuslims/

 

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.