İslami Manşet Məqalələr Xəbərlər — 02 October 2017

Bir dəfə Ramazanda məni Oksforddakı Səudiyyəli Tələbələr Klubuna iftardan əvvəl məruzə oxumaq üçün dəvət etmişdilər. Məruzə üçün “Namazın idarə edilməsi (menecmenti)” mövzusunu seçmişdim.

Əlimdə namaza dair bir neçə ayə və hədis qeyd etdiyim kağız parçası ilə xitabət kürsüsünə yaxınlaşdım. Salam verdim, kağızı açdım, orada qeyd etdiklərimi son dərəcə tələskənliklə oxumağa başladım. O qədər tələsik oxudum ki, oradakılar heç nə başa düşmədilər. Bir dəqiqədən sonra kağızı oxuyub bitirmişdim. Tez-tələsik onu bükdüm, getməyə hazırlaşırmış kimi dedim:

– Tələskənliyimə görə üzr istəyirəm. Sizinlə vidalaşmağa məcburam. Sizdən daha mühüm insanlarla görüşüm var. Salamat qalın!

Çantamı götürüb qapıya tərəf yönəldim. Gözucu oradakılara baxırdım: mat-məəttəl qalmışdılar, üz ifadələrində dəhşət və narazılıq, nifrət və məzəmmət vardı. Gördükləri və eşitdiklərinə inana bilmirdilər.

Nəzakətsiz hərəkətlərə başqalarının ani reaksiyası bu cür olur. Mən də görüşdüyüm şəxslərlə eynilə bu cür davranmışdım. Necə təsəvvür edirsiniz: əgər Allahla bu cür davransaq, reaksiya necə olacaqdır?

Bir neçə saniyə keçməmiş tələbələrin yanına qayıdıb etdiklərimə görə üzr istəyib dedim:

 – Mənə qəzəbiniz tutub, eləmi? Qoy olsun. Sizə qarşı bu cür ancaq bir dəfə davrandım və budur qayıdıb üzr istəyirəm. Amma Allaha qarşı hər gün beş dəfə bu cür davranırıq. Amma qayıdıb tövbə etmirik, üzr də istəmirik!

Allaha qarşı vaxtını ayırmada xəsislik edirsənsə, bu cür tələsik namaz qılırsansa, böyük fürsəti əldən qaçırır, ehtirama layiq görüşü korlayırsan. Belə namazı namaz adlandırmaq mümkündürmü?!

Müşahidə etdinizmi: mən səudiyyəli tələbələrə ayə və hədisləri bədahətən deyil, vərəqdən oxumuşdum. Hansı dinləyiciyə daha çox təsir göstərir: vərəqdən oxumaq, yoxsa danışmaq istədiklərimizi sinədəftər söyləmək? Biz də çox vaxt namazda surələri nitqini kağızdan oxuyanlar kimi oxuyuruq. Belə oxuma qəlbdən gəlmir, dodaqlarımızın arasından çıxır. Namazı Allah qarşısında ağzımızla “oxumaq”la bədahətən könlümüzdən səsləndirmək arasında necə də böyük fərq vardır!

Uca Allahın qızıl boşqabda bizə təqdim etdiyi böyük investisiya layihəsini bivecliklə bir kənara atdıq, əliboş çıxdıq, qazancımız olmadı, heç olmadı. Özümüzlə məntiqli davranmadıq. Qazancımız rədd və inkar, bəlkə də, cəza oldu. Halbuki namaz salam deməkdir, amma biz bu salamı lağlağıya çevirdik. Özü də kimə verilən salamı?!

Özümüzü, ibadətimizi, ətrafımızdakı şeyləri yenidən kəşf etməli, övladlarımızı onlara ətraflarındakı hər şeyi yenidən aşkarlamağa kömək edəcək düşüncə üslubu aşılamalıyıq. Hətta istifadə etdiyimiz bu cihaz və qurğulara yeni gözlə baxmağı onlara öyrətməliyik. Təbii ki, əgər onların əzbərçi və təqlidçilərdən düşünüb yenilik yaradanlara çevrilməsini istəyiriksə.

Tərcümə etdi: Elvüsal Məmmədov

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.