Azərbaycan Manşet Xəbərlər — 29 December 2015

 Dekabrın 28-də “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi öz davamlı “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində növbəti görüşünü keçirib. Bu tədbir Azərbaycan Yazıçılar Birliyi və Rəssamlar İttifaqının üzvü, yazıçı, ssenarist, sənətşünas, Əməkdar incəsənət xadimi Sara Oğuz Nəzirovanın doğum gününə həsr olunmuşdu. Görüşü təşkilatın sədri Solmaz Əmirli açaraq, Sara Oguzun unikal şəxsiyyətindən və zəngin yaradıcılığından danışdı. “Uzun ömür yaşamaq əsas olan şey delyidir. Ömür qısa da olsa, əsas olan – onu faydalı və səmərəli yaşamaqdır” – deyən Solmaz Əmirli Sara xanımın xatirəsinin işığına yığışanları rejissor Şamil Nəcəfzadənin çəkdiy “Mən gözəlliyi seçdim…”  filminə baxmağa dəvət etdi.

Zahiri gözəlliyi ilə daxili gözəlliyi bir birini tamamlayan, “Mən xoşnəxtliyi yox, gözəlliyi seçdim çünki, Xaliq öz sifətini gözəllikdə göstərir”- deyən Sara Oğuzun həyat və yaradıcılığına güzgü tutan bu film alqışlarla qarşılandı. Görüşdə filologiya elmləri doktoru, professor Akif Hüseynli Sara Oğuzun ədəbi yaradıcılığından söz açdı, bildirdi ki, Sara Oğuz ilk hekayələrindən istedadlı qələm sahibi olduğunu sübut etmişdi. “Bayat oxşaması”, “Beton evdən yazılar”, “Köhnə kişi”, “Qədir  gecəsi”, “Xan yolu” və onlarca başqa hekayəsi ədəbiyyatımıza qeyri-adi istedadın gəlişindən xəbər verirdi. A.Hüseynov Sara Oğuzu “ədəbiyyatımızda, incəsənətimizdə daima öz yeri olacaq böyük yazıçı” adlandırdı.

Tənqidçi Bəsti Əlibəyli çıxış edərək, Sara Oğuzu ədəbiyyatımızın çox ciddi simalaraından biri adlandırdı, onun təmənnasız şəkildə özünü ədəbiyyata və incəsənətə həsr etmiş fədakar şəxsiyyət olduğunu qeyd etdi.

 Tədbirdə filologiya elmləri doktoru Alxan Bayramov, fəlsəfə üzrə fəlsəfə doktoru Lalə Əfəndiyeva, filologiya elmləri doktoru Tehran Alışanoğlu, multiplikator Elçin Hami, yazıçı Mənzər Muradlı və başqaları çıxış edərək, unudulmaz yazıçı haqqında xatirələrini danışdılar, səmimi duyğularını bölüşdülər. Sara Oğuzun qohumları onun xarirəsi əziz tutduqlarına görə görüşə toplaşanlara və təşkilatçılara öz minnətdarlığını bildirdilər. Sonda xatirə şəkli çəkildi.

   “Aydınlığa doğru” İB-nin  mətbuat xidməti

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.