Türkiyənin Soma şəhərində kömür mədənində baş vermiş faciə ilə bağlı bu gün Türkiyənin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, anım mərasimində iştirak edən Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov bildirib ki, kömür mədənində baş vermiş partlayış ağır faciədir: “Azərbaycan olaraq Türkiyədə ölən vətəndaşlara Allahdan rəhmət diləyirik”.

Onun sözlərinə görə, Azərbaycan hər zaman Türkiyənin yanında olub, bundan sonra da yanında olacaq.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib ki, Azərbaycanda anım tədbiri “bir millət iki dövlət” prinsipi ilə keçirilir: “Azərbaycan Prezidentindən aldığımız başsağlığı mesajı, eyni zamanda, Azərbaycan xalqının göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir”.

Anım tədbirində Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, Türkiyənin ölkəmizdə olan iş adamları, diplomatik korpusların nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 282 nəfərə çatıb. Trend-in “TRT-1” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.

T.Yıldız bildirib ki, işçilərin sayı haqqında açıqlanan rəqəmlər mədən rəhbərliyi tərəfindən təqdim olunub. Hazırda 90 nəfər dağıntılar altındadır.

Onun sözlərinə görə, görülən işlər çərçivəsində mədəndən 370 nəfər çıxarılıb.

Nazir bundan əvvəl qeyd etmişdi ki, qəza vaxtı mədəndə 787 nəfər olub. Hələlik yalnız 363 şaxtaçı xilas edilib.

Partlayış işçilərin növbə dəyişikliyi zamanı olub.

Faciə İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində özəl mədənlərdən birində, yerin təxminən 2 km dərinliyində baş verib.

İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.

Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir. Hazırda xilasedicilər şaxtanı oksigenlə təmin edirlər.

Share

About Author

Azerimuslims

(0) Readers Comments

Comments are closed.