Azərbaycan Manşet Xəbərlər — 22 October 2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti mütəmadi olaraq insan alverinə məruz qalmaq ehtimalı olan əməkçi miqrantların sosial müdafiə tədbirləri ilə əhatə olunma imkanlarının asanlaşdırılması və genişləndirilməsi istiqamətində fəaliyyət göstərməlidir.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin  “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”a etdiyi dəyişiklikdə əksini tapıb.

Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi isə mütəmadi olaraq qanunsuz miqrantlar arasında insan alveri qurbanlarının aşkarlanması prosesinin təkmilləşdirilməsi məqsədi ilə miqrasiya, sərhəd, gömrük orqanları tərəfindən əməkdaşları üçün insan alverinə qarşı mübarizəyə və qurbanların hüquqlarına dair təlimlərin keçirilməsini təşkil etməlidir. Eyni zamanda Dövlət Miqrasiya Xidməti,Daxili İşlər Nazirliyi 2015-2018-ci illərdə də qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycan ərazisində yaşamağa əsasları olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində yaşamalarının leqallaşdırılması istiqamətində tədbirləri gücləndirməlidir. Paralel olaraq, bu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi insan alverinə şərait yaradan sosial problemlərin təhlil edilməsi və aradan qaldırılmasına dair təkliflər hazırlamalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyinə 2011-2012-ci illərdə həvalə edilmiş  yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan gənclərin sosial-məişət problemlərinin həlli istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin hazırlanması vəzifəsi 2015-2018-ci illərdə də həyata keçirilməlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi uşaqların mənəviyyatına, sağlamlığına və inkişafına zərər vuran informasiyalardan mühafizənin gücləndirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə 2016-cı ildə  təkliflər hazırlamalıdır. Bundan öncə Proqramda belə təkliflərin 2011-2012-ci ildə bu qurumlar tərəfindən hazırlanmalı olduğu əksini tapmışdı.

Proqrama edilən digər dəyişiklik Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyinə övladlığa götürmə prosedurunun təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması ilə bağlı 2011-ci ildə həyata keçirməli olduqları vəzifənin 2016-2017-ci illərdə də həyata keçirmələri ilə bağlıdır. Başqa sözlə, bu qurumlar 2016-2017-ci illərdə övladlığa götürmə prosedurunun təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər hazırlayaraq təqdim etməlidir.

/apa.az/

 

Share

About Author

dlvmmazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.