İslami Manşet Məqalələr Xəbərlər — 18 December 2017

Gözəl əxlaq peyğəmbərlərin, sadiqlərin, salehlərin sifətlərindən olub, möminin Allah yanında dərəcəsini, məqamını yüksəldən insana məxsus bir haldır.

Allah Qurani-Kərimdə öz peyğəmbəri  Muhammədin (s) gözəl əxlaq və yüksək ədəb sahibi olduğunu qeyd etməkdədir: “Şübhəsiz, sən gözəl bir əxlaq üzrəsən” (Qələm 4).

Gözəl əxlaqla keyfiyyətlənmiş insanlara qarşı ətraflarında ülfət və sevgi yaranır. Pis əxlaq isə, əksinə, qarşıdakı insanlarda kin-küdurət, nifrət və hörmətsizlik yaradır. Rəsulullah (s) gözəl əxlaqla vəsflənənləri mədh etmiş, bunu təqva kimi bir sifətlə yanaşı qeyd etmişdir. Rəsulullah (s) buyurur: “İnsanları cənnətə ən çox aparan əməl Allah təqvası və gözəl əxlaqdır” (Tirmizi, Hakim). Gözəl əxlaqa bunlar daxildir: gülər üz, xeyirxah iş görmək, insanlara əziyyət verməmək, gözəl və doğru danışmaq, qəzəbini kontrol edə bilmək, heç kimə zülm etməmək, qonşu və qohumlara ihsan etmək və s. Əbu Hüreyrəyə (r.a) Rəsulullah (s) nəsihətində deyir: “Ey Əbu Hureyrə, gözəl əxlaqlı ol.” Əbu Hureyrə soruşur: “Gözəl əxlaq nədir, ey Allah Rəsulu?” Rəsulullah: “Səninlə qohumluq bağlarını kəsənlə bu bağları bərpa et, sənə zülm edəni əfv, nə vaxtsa, nəyi isə səndən əsirgəyəndən sən əsirgəmə.” – dedi (Beyhəqi).

İndi isə gözəl əxlaqla qazanılan dərəcəni və savabı Rəsulullahın (s) hədisindən dinləyək: “Həqiqətən bir insan gözəl əxlaqı ilə gecə-gündüz oruc tutan və namaz qılanın dərəcəsini əldə edə bilər” (Əbu Davud, Əhməd). Rəsulullahın (s) bu sözünü də unutmamalıyıq: “İnsanlar içində Allaha ən sevimli olan insanlara ən çox fayda verəndir. Əməllər içərisində isə bir müsəlmanı sevindirmək, və yaxud sıxıntısına kömək olmaq və ya onun borcunu ödəmək, və yaxud qarnını doydurmaqdır. Müsəlman qardaşımla onun ehtiyacını həll etmək üçün getmək mənə bir ay məsciddə itikafa çəkilməkdən daha sevimlidir” (Təbərani).
Müsəlman qiyamət günü əməllərinin çəkildiyi tərəzidə savab əməllər görmək istəyirsə bu dünyada əmr edildiyi gözəl və xoş sözlü olmağa əməl etməlidir. Rəsulullah buyurur: “Gözəl söz söyləmək sədəqədir” (Buxari, Müslim). Hətta mömin heç əziyyət çəkməyərək sifətindəki təbəssümlə belə savab qazana bilər. Rəsulullah buyurur: “Müsəlmanın din qardaşının üzünə gülümsəməsi sədəqədir” (Tirmizi). Gözəl əxlaq və digər müsəlmanlara qarşı səbirli olmaq haqqında hədislər çoxdur. Rəsulullahın mübarək sirətində (həyat tarixçəsidə) xanımlarına, dostlarına, müsəlmanlardan aciz olanlara, hətta körpələrə qarşı belə əxlaq yüksəkliyi ilə davranmasına aid nümunələr hədsizdir. Allah buyurur: “Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (Maidə 8). 
Bir çox keyfiyyətlər vardır ki, bunların ümumiləşməsi gözəl əxlaqı təşkil etməkdədir. Müsəlman bunlardan möhkəm yapışmalıdır. Gözəl əxlaqı təşkil edən xüsusiyyətlər əsasən bunlardır: həyalı olmaq, digərlərinə əziyyət verməmək. doğru olmaq, az danışmaq, hökm verdikdə ədalətli olmaq, şəfqətli və yumşaq olmaq, özünü insanlardan üstün saymamaq, davamlı ihsan (yaxşılıq) etmək, çoxlu yaxşı əməl edib az günah işlətmək, özünü insanlardan üstün saymamaq, səbirli olaraq şükr əhli olmaq, söyməmək və lənət etməmək, ara vurmamaq və qiybət etməmək, qəzəbinə hakim olmaq, tələsməmək, həsəd aparmamaq, paxıllıq etməmək, müsəlmana qarşı kin saxlamamaq, Allah üçün sevmək və Allah üçün qəzəblənmək.
Sevilməyən əxlaqın isə əsli təkəbbürlülük, alçaqlıq kompleksidir. Gözəl əxlaqın əsli isə Allaha itaət və himmət ucalığıdır (könül yüksəkliyi). Özündən razılıq, fəxrlə gəzmək, həddini aşmaq, zülm etmək, kobudluq və daş ürəklilik, nəsihətə qulaq asmamaq, vəzifə sevgisi, təriflənmək istəyi kimi bütün qəlb xəstəlikləri təkəbbürlülükdən qaynaqlanmaqdadır. Amma, yalan danışmaq, xəyanət etmək, riyakarlıq, məkrlilik, hədsiz tamahkarlıq, qorxaqlıq və acizlik göstərmək, paxıllıq, tənbəllik etmək, Allahdan qeyrisinə əyilmək və bu kimi şeylər alşağılıq kompleksindən qaynaqlanmaqdadır.   Bütün bulardan qorunmaq gözəl əxlaqı anlayaraq ona bağlanmaqla mümkündür. Bununçün mömin diqqət etməlidir ki, onun həyatdakı fəaliyyəti kin və küdurətə, fitnəyə, ədalətsizliyə, qeybətə, insanlar arsındakı münasibətlərin pozulmasına yol açmasın. Çünki, hər gün abdəst alaraq gündə beş dəfə üzünü Allaha çevirən insan  bunu heç ildə bir dəfə də qəlbinə tətbiq etmirsə, yəni qəlbini təmizləyərək Allaha yönəlmirsə bu ona bədbəxtlik olaraq yetər. Möminin əxlaqı həm özünə cənnəti qazandırmalı, həm də ətrafındakıların cənnəti qazanmasına vəsilə olmalıdır. Valideynləri, xanımı, övladları,    dostları ümumilikdə bütün cəmiyyət arasında nümunə olmalı. əməlləri ilə xeyrə dəvət etməli və bundan da ancaq Allah rizasını qazanc olaraq gözləməlidir.

Müsəlman qardaş! Rəsulullahın bu nəsihətini gəl unutmayaq: “Harada olursan ol, Allahdan qorx (təqvalı ol). Bir günahın olunca həmən yaxşıllıq et ki, o günahını silsin. İnsanlarla da gözəl əxlaqla davran” (Tirmizi). Allah bizləri və sizləri Rəsulullahın “qiyamət  günü mənə ən yaxın olanınız ən gözəl əxlaqa sahib olanınızdır” dediyi hədisindəki möminlərdən etsin.

/Azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.