Manşet Məqalələr Xəbərlər — 22 May 2017

Əgər Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) həyatında ayrı-ayrı cəhət və xüsusiyyətləri, davranış və məziyyətləri tədqiq etsək, yuxarıdakı arqumentin tapılmasına ehtiyac qalmayacaqdır. Lakin hər biri ayrı-ayrılıqda əzəmət ifadə etsə də, bu və ya digər şəxsin bu xüsusiyyətlərdən biri ilə seçilməsi mümkündür.

Amma Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) həyatının müxtəlif tərəflərinə bir bütöv kimi nəzər salsaq, məlum olacaqdır ki, möcüzə onun hər bir fərdi keyfiyyətinin möhtəşəm olmağında deyildir; möcüzə budur ki, bütün bu üstün keyfiyyətlər bitkin şəkildə bir insanda toplanıb. Deməli, Peyğəmbərin hər hansı üstün xüsusiyyətə sahib olmağı deyil, bütün ali keyfiyyətlərlə seçilməyi möcüzədir. Bu möcüzəvilik o dövrün mədəni səviyyəsi, Həzrəti Məhəmmədin şəxsi həyat şəraiti nəzərə alındıqda daha da qabarıq görünür.

Bu möcüzəviliyin ehtişamı ondadır ki, Peyğəmbəri (Ona Allahın xeyir-duası və salamı olsun!) bəşərilikdən uzaqlaşdırmamış, ağıl və məntiqin üstündən xətt çəkməmiş, dinin insanların təbii xüsusiyyət və xarakterlərinə uyğun şəkildə təbliğinə mane olmamışdır. Belə bir rasional-elmi və bəşəri möcüzəvilik qeyb aləmini real dünya ilə birləşdirən “halqa” rolunu oynamışdır. Həzrəti Məhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiqləyən qəti elmi-rasional arqument də məhz budur. Çünki istənilən möcüzə – barəsində bizə gəlib çatan məlumatlar (hədis və rəvayətlər – mütərcim) səhih olsa da, – etiqadın (imanın) zəruri şərti olmayıb, əlavə təsdiqləyici dəlil kimi çıxış edir.

Peyğəmbərin həyatındakı universal bəşəri, elmi-rasional möcüzəvilik dedikdə nəyi nəzərdə tutduğumuzu izah etmək üçün onun həyatına bir anlığına səyahətə çıxmalıyıq. Bu ona görədir ki, şəxsiyyətindəki başlıca məziyyətləri, həyatındakı əsas hadisələri müşahidə edək, kompleks təhlildən keçirək. Nəticədə görəcəyik ki, bu məziyyət və hadisələrdə elmi-rasional və bəşəri möcüzəvilik öz əksini tapıb. Həzrəti Məhəmmədin həyatı və peyğəmbərliyindəki bu möcüzəvilik qala-qala möcüzələrin arqument seçilməsinə ehtiyac yoxdur. O möcüzələrin ki, onları rəvayət etmək (dəlil göstərmək) nə peyğəmbərliyin başlıca prinsipləri, nə də bu peyğəmbərliklə başlanan yeni ümumbəşəri, elmi-mədəni mərhələnin məzmunu ilə üst-üstə düşmür.

Həzrəti Məhəmməd (Ona Allahın xeyir-duası və salamı olsun!) quru İbrahim vadisində, Ərəbistan səhrasında dünyaya gəldiyində atası həyatda yox idi. Uşaqlığında babası Əbdülmüttəlibin, daha sonra əmisi Əbu Talibin himayəsində yaşamışdı. Doğulmazdan əvvəl atasını, altı yaşına çatdıqda isə anasını itirmişdi. Atadan-anadan yetim qalsa da, Allah Təala onu uşaqlığında hər kəsin möhtac olduğu ana sevgisi, mehribanlığı və şəfqətindən məhrum buraxmamışdı. Bu ona Yaradanın lütfü idi. Allah istəmişdi ki, balaca Məhəmməd ana nəfəsini, qayğısı və əmin-amanlığını hiss etsin. Həzrəti Məhəmməd (Ona Allahın xeyir-duası və salamı olsun!) həyatın müxtəlif mərhələlərindən keçmişdi. Əgər bu müddət ərzində digər insanlar kimi iddiaları, arzu və ehtirasları olsaydı, qırx il boyu bunu insanlardan gizlədə bilməzdi. Nə peyğəmbərlikdən əvvəlki illərdə, nə də 40 yaşında Səmadan vəhy aldığı vaxt üzünə bilik və hikmət qapıları açıldıqdan, qarşıya çıxan əngəlləri uğurla, liderlik bacarığı ilə aşdıqdan sonra Həzrəti Məhəmməddə şəxsi iddia və ehtiraslar baş qaldırmamışdı.

Uşaqlıqda, yeniyetməlikdə, cavanlıq və böyüklüyündə Həzrəti Məhəmmədin həyatı bitkin idi. O, qırx yaşına çatmadan bir ata və həyat yoldaşı, bir böyük olaraq kamilləşmişdi. Vəhy endiyi vaxt Həzrəti Məhəmməd (Ona Allahın xeyir-duası və salamı olsun!) artıq dürüst, etibarlı, əxlaqlı, mülayim və sadə insan idi. Bu səbəbdən Məkkənin ağıllı və iffətli qadını – Həzrəti Xədicə (Allah ondan razı qalsın!) var-dövlətini ona etibar etmiş, onunla izdivaca girmişdi. Çünki onda üstün ali keyfiyyətlərin, müsbət məziyyətlərin şahidi olmuşdu.

Əslində qırx yaşına qədəm başmaqla Həzrəti Məhəmmədin “cavanlıq” illəri başlanırdı. Halbuki qırx elə yaşdır ki, hissləri və ehtirasları, istəkləri alışıb-yanan insanlarda düşüncəsizlik (çılğınlıq) fırtınaları sakitləşir, yelbeyinlik yanğısı sönür. Çünki bu yaşda ipə-sapa yatmayan istəklər cilovlanır. Amma biz bu yaş mərhələsində Həzrəti Məhəmməddə deyilənlərin əksini görürük. Bu sadə, mülayim və əxlaqlı insan özünü xeyri təmsil edən ciddi ilahi missiyanın sahibi kimi təqdim etməyə başladı. O, insanlara qeyb aləmindən təlimlər gətirmiş, həm öz xalqını, həm də bütün bəşəriyyəti tövhidə, qardaşlığa, ədalətə, düşünməyə, gözəl əxlaqa, elm öyrənməyə, yaxşılaşdırmağa, tolerantlığa, etiqad azadlığına çağırmış, əxlaqsızlığa, azğınlıq və zülmə, korrupsiyaya, təkəbbürlülüyə yox demişdi. Bütlərə tapınan xalqı bunu təəccüblə qarşılamış, məsələnin ciddiliyini, nə ilə nəticələnə biləcəyini nəzərə almamış, ilahi kəlamı rədd etmişdi. Maraqlıdır ki, Həzrəti Məhəmməd (Ona Allahın xeyir-duası və salamı olsun!) peyğəmbərliyi və missiyasının həqiqiliyini isbatlamaq üçün həmişə dürüst və etibarlı insan olduğunu xalqına – ərəblərə xatırladırdı. Məsələn, Səfa təpəsində ikən insanları çağırmış və səslənmişdi: “Əgər sizə desəm ki, bu dağın arxasında bir dəstə süvari toplaşıb sizə hücum etmək istəyir, mənə inanarsınızmı?” İnsanlar bir ağızdan demişdilər: “Bəli! Səni heç yalan danışan görməmişik!” O da demişdi: “Heç şübhəsiz ki, mən sizə Allahın göndərdiyi elçiyəm”. Quranda bu hadisə haqqında deyilir:

“De: “Əgər Allah istəsəydi, mən onu sizə oxutmazdım və Allah da onu sizə bildirməzdi. Mən ondan (Quran nazil ediləndən) qabaq sizin aranızda (qırx il) ömür sürmüşəm. (Bu müddət ərzində məni doğru danışan bir adam kimi tanıyırsınız. Qırx yaşından sonra mən sizə necə yalan deyə bilərəm?) Məgər (bunu) dərk etmirsiniz?” (Yunis, 16).

Əgər o bu vaxtadək xalqına heç yalan danışmayıbsa, sizcə, bundan sonra belə bir ali işdə onları aldadardımı? Həzrəti Məhəmməd və ya başqa birisinin həyatı boyu susması, öz istəklərini, ehtiras və arzularını gizli tuta bilməsi mümkün idimi? O və ya başqası, əgər altdan-altdan iş görən birisi idisə, qırx yaşınadək özünü dürüst göstərməsi, yalan və fırıldaqlarını gizləməsi, başqalarını buna inandırması necə mümkün ola bilərdi?! Hətta dürüst və etibarlı insanlar uğur, nailiyyət və güc əldə etdikləri illər ərzində əsl məqsəd və niyyətlərini gizlədə bilmirlər, o ki qala bu müddət qırx il olsun! Əgər Allah Həzrəti Məhəmmədi (Ona Allahın xeyir-duası və salamı olsun!) böyüdüb tərbiyə etməsəydi, əsl niyyət və istəyi kimsədən gizli qalmazdı. O bu illər ərzində heç bir niyyətə düşməmiş, istək nümayiş etdirməmiş, sonralar ona müdhiş uğurlar qazandıra biləcək güc və təcrübə toplamamışdı. Əgər o bütün bunlardan uzaq olmuşsa, onda təkcə etibarlılıq və dürüstlük hər bir peyğəmbər üçün tələb olunan başlıca məziyyətlərə çevrilir.

Bəli,  Həzrəti Məhəmməddə (Ona Allahın xeyir-duası və salamı olsun!) belə bacarıq və iddialı davranışlar, üstün ali keyfiyyətlər qırx yaşından sonra özünü göstərmişdi. Bütün bunların sistemli şəkildə, özü də o cür ibtidai cəmiyyətdə, sadə bir insanda cəm olmağı bir möcüzədir. Ağılı lazımlı bilən, ona həqiqi status qazandıran möcüzə! 

Bu mülayim, dürüst və etibarlı insan yaxşılaşdırma işinə – islaha çağıran sarsılmaz və möhkəm “ağac”a çevrilmişdi. Heç savad da almamışdı. Dünyanın ucqar guşəsində savadsız çöl xalqının arasından çıxmışdı. Burada fəlsəfi cərəyanlar, dərslərin deyildiyi portiklər, kitabxanalar yox idi. Əsasən gəncləri islama çağırırdı. Səhabələri ilə birlikdə əzab-əziyyətə tuş gəlməsi, işgəncələrə məruz qalması, Qüreyşin inad göstərib bütpərəstlikdən ikiəlli yapışması Həzrəti Məhəmməd və yoldaşlarının Allaha çağırış əzmini, çətinliklərə dözümünü artırırdı. Özü də elə bir vaxtda ki, ətrafdakı insanların onların çağırışına hay vermə ehtimalı yox idi və məruz qaldıqları işgəncələrin sonu görünmürdü. Nəhayət, usanma nədir bilməyən, işgəncələrə səbrin göstərildiyi 13 illik çağırışdan sonra dönüş baş verdi: dəvət öz gücünü toplamış, Yəsribin[1] Övs və Xəzrəc qəbilələri gözlənilmədən islamı qəbul etmiş, Peyğəmbərə tabe olub islama kömək edəcəklərinə söz vermişdilər.

Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) on il ərzində ədalətli, tolerant, qardaş, xeyirxah və etiqad azadlığına hörmət edən ümmət üçün dövlət qura bilməyi, özü də müvəffəqiyyətlə qura bilməyi son dərəcə heyrət doğurur. O bu dövləti ədalətlə idarə edir, müdrikliklə qərar verib hökm kəsir, sistem yaradır, səhra və dağlardakı ərəb qəbilələrini dizə gətirən, qalalarına güvənən yəhudilərin oyunlarını boşa çıxaran müzəffər ordulara rəhbərlik edirdi. Eyni vaxtda, kəlamları, tövsiyələri fəsahətli, yaxşı və faydalı olub, müdriklik, yolgöstərənlik, asanlıq və kamillik baxımından bir möcüzə idi.

Bir insanın belə bir mühitdə bu kimi ehtiras və istəklərə, güc və bacarığa sahib olmağı, uşaqlığı, cavanlığı və yeniyetməliyi boyu bütün bunları gizlətməyi, qırx yaşınadək həyatının heç bir anında büruzə verməməyi təəccüb doğurmurmu? Həzrəti Məhəmmədin (Ona Allahın xeyir-duası və salamı olsun!) belə bir işi qırx il ərzində həm bu qədər dəqiqliklə planlaşdırması, həm də heç nə hiss etdirmədən gizli saxlaması, istək və arzularını dilinə gətirməməsi mümkündürmü? Həmçinin necə oldu ki, təcrübəsi az “yaşıl budaq” qocaman “ağaclar”a – liderlərə, ağalara, kahin və qəbilələrə qalib gəldi, özü də müdriklik və tədbirliliklə, siyasət və müharibələrlə qalib gəldi? Qurduğu dövlət o dövrün böyük zülm ocaqlarını – Sasani İranı və Bizansı tənəzzülə uğratmış, gətirdiyi din isə dünyanın, demək olar ki, hər yerinə, fərqli mədəniyyətlər və xalqlar arasında yayılmışdı. Bütün bunlar təəccüblü deyildirmi? 

Altmış üç il ərzində Həzrəti Məhəmməd ağacını, keyfiyyət və bacarıqlarını həm tək-tək, həm də cəm halda “çiçəkləndirən” bu “nəfəs” onun peyğəmbərliyinin həqiqiliyini isbatlayan əsl möcüzədir. Xalqının böyük insanları bu peyğəmbərliyə iman gətirmişdilər. Cəmiyyətdə seçilən və nüfuz qazanan bu insanlar Həzrəti Məhəmmədi (Ona Allahın xeyir-duası və salamı olsun!) hələ balaca ikən tanımış, sınaqdan çıxarmışdılar. Onlar Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) heç bir ümidin olmadığı bir dövrdə – 13 illik  məşəqqət və əziyyət illərində tabe olub iman gətirmişdilər. Yaxşı bilirdilər ki, Məhəmmədə tabe olmaq onlara fayda və qazanc gətirməyəcəkdir. Elə isə uzun əsrlər sonra kim meydana atılıb iddia edə bilər ki, səhabələrdən daha bəsirətli, daha gözüaçıq, daha ağıllıdır, onların bilmədiklərini bilir, Məhəmməddə onların görə bilmədiyi cəhətləri (yalan, fırıldaq və s.) görür?! Özü ağıllı(!), səhabələr isə qafildir(!)

Həzrəti Məhəmmədin həyatı, inkişaf mərhələləri, enerji və bacarıqlarının meydana çıxması – bütün bunlarda hər bir ağıllı və insaflı elm adamı möcüzəvilik aşkar edə bilər. Bəlkə də, bizdən kimsə Həzrəti Məhəmmədin həyatının ayrı-ayrı səhnələrində qəribəlik görməyəcəkdir. Halbuki bu ayrı-ayrı səhnələr bir çox cəhətdən yeganə və möcüzəvidir. Amma inanılmaz əsl möcüzə budur ki, bütün bu ayrı-ayrı səhnələr, ayrı-ayrı üstün xüsusiyyətlər bir adamda 63 il ərzində bu qədər kamil və bitkin şəkildə toplanmışdır.

İnsan həyatının strukturu piramidanı xatırladır. Bu piramidanın enli aşağı hissəsi (insan həyatının əvvəli və əsas hissəsi) tərbiyə, təhsil, təlqin, məharət, təcrübə və praktikadan ibarətdir. Bu baza az sayda insanı həyatın bu və ya digər sahəsində güc və qabiliyyət zirvəsinə çatdırır. Yəni, insan oğlu həyatının sonrakı mərhələsində birinci mərhələdə qazandıqlarının nəticəsi olaraq azacıq zəhmət çəkməklə ya müzəffər komandirə, ya bacarıqlı siyasi xadimə, dövlət adamına,  ya təsirli qələm sahibinə, böyük şairə, ədibə, ya da yaradıcı alimə, tədqiqatçıya çevrilir. Amma Həzrəti Məhəmmədin həyatı bunun əksinədir. Onun həyatı hər bir sahədə (liderlik, müdriklik, siyasət) başıaşağı piramidanı xatırladır. Bəlkə də, onun həyatını “başıaşağı piramida” kimi təsvir etmək məqsədəuyğun deyildir; bu həyat incə yaşıl zoğun çiçək və meyvə verən ağaca çevrilməsinə oxşayır. 

Peyğəmbərlik – islam, düzgün başa düşüldüyü təqdirdə, könüllərə əmin-amanlıq bəxş edir, insanları qardaşlıq və rəhmdilliyə təşviq edir, ədalətə, haqqa, xeyrə, biliyə, sülhə çağırır. Bu elə dindir ki, möcüzəvidir, xeyir təbiətlidir, dini mətnləri mütəvatirliklə[2] bizə gəlib çatmışdır, əxlaqlı, dürüst, etibarlı peyğəmbərdən meydana çıxmışdır; möcüzəvi kitabı vardır. Belə din həqiqi din olmalıdır və doğruluğuna heç bir ağıllı insan şübhə etməyəcəkdir. Belə dinin Allahdan gələn din olmağı şübhəsizdir. Yaradıcı, Tək, Hər Şeyə Surət Verən Allahdan! Belə bir dini insanlara dürüst, etibarlı bir peyğəmbər çatdırmalıdır. Hidayət və istiqamət missiyası olaraq! Bu missiya özündə qeyb aləmi ilə reallıq dünyasını birləşdirir, yer üzünün xəlifəsi sayılan insanın həyatına məna qazandırır. İnsan həyatı ali əxlaq üzərində bina edilməli, yer üzünün abadlaşdırılmasına həsr olunmalıdır. İnsanın sağlam fitrəti də bunu təsdiqləyir, buna çağırır.

[1] Mədinənin – tərcüməçinin qeydi.

[2] Mütəvatirlik: hər hansı bir informasiyanın mötəbər sayılan bir qrup şəxsdən eyni məziyyətli digər qrupa ötürülməsini ifadə edən termin. Məsələn, “mütəvatir” hədis dedikdə yalan və saxtakarlıqda həmrəylikləri mümkün olmayan bir qrup ravinin eyni xarakterli digər ravilərdən nəql etdikləri hədis növü başa düşülür – tərcüməçinin qeydi.

Əbdülhəmid əbu Süleyman

Ərəb dilinə tərcümə etdi: Elvüsal Məmmədov

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.