Fiqh Sual cavab — 23 September 2014

Allah təala Öz qullarına dünya və axirət olaraq hər cür nemət bəxş etmişdir. Bu nemətlərdən biri də bayramdır. Məlum olduğu kimi, Rəsulullah (s.a.s.) Mədinəyə hicrət etdikdə oradakı insanların iki bayram keçirdiyinə şahid oldu. Bundan sonra Rəsulullah (s.a.s.) “Allah sizə bu iki bayramın əvəzinə daha xeyirli olan iki bayram verdi.” Bu bayramların da bəzəyi sözsüz ki, bayram namazlarıdır. Bu bayramlar namazla bərabər İslamın şüarları olaraq ümumümmət bir hərəkat şəklini almışdır. Bu həqiqət bayram namazına dair hökmlərdən də anlaşılmaqdadır. Belə ki, Rəsulullahın (s.a.s) sünnətinə görə bayram namazları şəhərin kənarında meydan kimi bir yerdə qılınardı. Yəni şəhər, kənd, qəsəbənin yaşayış evlərin bitdiyi yerdə boşluq olan ərazidə qılınması sünnətdir. Bir namazın qılınması üçün bütün şəhər, kənd, qəsəbə sakinləri çıxmalıdırlarsa əlbəttə ki, buna yaşayış yerinin içindəki məscidlər dar gələr. Bayram namazı kişi, qadın, uşaq, yolçu, yerli, hər kəs tərəfindən qılınmalıdır. Hər nə qədər bu yalnız kişilərə sünnətdirsə qadın və uşaqların da bu namazı qılması müstəhəbdir. Biz yuxarıda bunun ümumxalq bir hərəkat olub İslamın şüarı olduğunu qeyd etmişdik. Belə ki, kişilərə sünnət olduğu halda nəyin ki, qadın və uşaqların da qılması müstəhəbdir. Hətta, heyzli qadınların və başqa vaxt çox gəzib dolaşması uyğun olmayan gənc qızların belə namaz qılınan yerə çıxmaları buyurulmuşdur. Bu qadınlar bayram namazına çıxar və təbii ki, namaz qılmazlar, bir kənara çəkilib bu kütləvi xalq gəzintisində iştirak edərlər.

 

Ümmü Atiyyə (r.a) deyir ki, “Bu durumda xeyirləri görsünlər və müsəlmanların dəvətinə qatılsınlar deyə bayram günlərdə gənc və heyzli qadınlar bayrama çıxmaları ilə əmr olundu. Ancaq heyzli qadınlar ayrı bir yerdə durardılar.” (Buxari, Müslim)

İbn Abbas (r.a) deyir ki, “Rəsulullah (s.a.s.) həyat yoldaşlarını və qızını namaza çıxartdı.” (İbn Macə, Beyhəqi)

 

Yenə İbn Abbas (r.a) rəvayət edir ki, “Rəsulullah (s.a.s.) ilə bərabər Ramazan və Qurban bayramına çıxdıq. Namaz qıldırdı sonra xütbə oxudu, sonra qadınların yanına gələrək onlara avaz etdi. Günün əhəmiyyətini xatırlatdı və onların sədəqə vermələrini istədi.” (Buxari)

Allah tezliklə millətimizi öz irsinə qaytarsın! Həqiqətən elə bir kütləvi ümumxalq bayramın feyzi bərəkətindən məhrum olmaq böyük məhrumiyyətdir. Bu bayram əhval ruhiyyəsinə bir də bayram namazına gedərkən gətirilən təkbirlər xüsusi əzəmət verməkdədir. Belə ki, camaat bayram namazına gedərkən (kişilər) səslə Allahu Əkbər, Allahu Əkbər. Lə iləhə illəllahu, Vəllahu Əkbər, və lilləhil-həmd şəklində təkbirlər gətirərlər.

Bayram namazının vaxtına gəldikdə bunun başlanğıc vaxtı günəş doğub iki mizə hündürlüyə yüksəldiyi zamandan etibarən başlar. Bu namazın digər namazlardan fərqli bəzi xüsusiyyətləri vardır. Bayram namazı üçün əzan və iqamə gətirilməz. Qılınma şəkli də bütün digər namazlardan fərqlidir. İstər Qurban bayramı namazı olsun istər Ramazan bayramı qılınma şəkli eynidir.

Bayram namazları iki rükət olur və tək başına qılınmaz. Ən azı imamla bərabər 3 nəfərin olması gərəkdir. Bütün namazlarda olduğu kimi namaz iftitah (açılış) təkbiri ilə başlayır. (Əllər qaldırılaraq Allahu Əkbər deyilir) Bundan sonra birinci rükətdə 7 təkbir gətirilir. (Hər dəfə əllər qaldırılaraq Allahu Əkbər deyilir) Bundan sonra adi qayda ilə Fatihə və Qurandan bir hissə oxunur. Daha sonra rüku sonra da səcdə edilir. İkinci rükətə qalxdıqdan sonra 5 təkbir edilir. (Birinci rükətdəki şəkildə) Bundan sonra rüku, səcdə, təhiyyat, salamlar edilir. Bundan sonra imam iki xütbə oxuyar. Və nəhayət bununla da bayram namazı bitmiş olur. Əsas izdiham və xalq gəzintisi bundan sonra başlayır. Allah üçün səcdə edən qullar bu vəzifəni icra etdikdən sonra biri-biriləri ilə qucaqlaşması, bayramlaşması “Təqabbəl-əllahu minnə və minkə” (Allah məndən də, səndən də qəbul etsin!) deməsi sünnətdir. Bundan sonra camaat biri-birini ziyarət etməyə, bayram süfrələrinə getməyə üz tutar.

Amma, bayram namazının fərqli qılınma şəkli də var. Bayram namazı ümumiyyətlə imam və camaatla qılındığı üçün bu namazı qılarkən imama uyular.

Siz bayram namazı haqqında sual verirsiniz. Amma, bayram namazına hələ bir neçə gün var. Bu gün gündəlikdə olan günün aktual mövzusu bayram namazı deyil, bayrama hazırlaşmaqdır. Bu Allahın qoyduğu bir üslubdur. Məsələn, fərz namazlarına hazırlıq olaraq azan, sünnət namazı, iqamənin olmasını göstərmək olar Yenə fatihədən sonra uzun-uzadı Quran oxumaqla, uzun zaman səcdə edib orada dua etməklə uzanan gecə namazlarına başlayarkən qısa yüngül iki rükət namazla başlamağı buna örnək vermək olar.

Bayram yaxınlaşdıqda ona ən gözəl şəkildə hazırlaşmanın yolunu Quran və sünnətin işığında görmək mümkündür. Allah təala Zilhiccə ayının ilk 10 (1-10) gününü mübarək qılmış onu feyzi bərəkət və rəhməti ilə doldurmuşdur. Bu günlərin 9-cu günü günlərin ən fəzilətlisi olan Ərəfə günü, sonuncu 10-cu günü isə bayram günüdür.

 

Share

About Author

Azerimuslims

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.