Tarix elmləri doktoru, MDBMİ-nun professoru Andrey Zubov Rusiya-Türkiyə münasibətləri haqqında

“Dünən axşam mənim evimin yaxınlığında, Türkiyə səfirliyi önündə, türk hərbi hava qüvvələri tərəfindən Rusiya təyyarəsinin vurulmasına etiraz edən insanlar yığışmışdı. Orada “Türkiyəyə gedən vətənpərvər deyil”, “Türkiyə İŞİD-lə ortaqdır”, “Bir rus təyyarəsi əvəzinə on türk təyyarəsini vuraq!” və s. kimi çağırışlar səslənirdi. Və yenə də kütlənin içində Georgiyev lentləri yellənirdi… Bütün bunlar vurulan təyyarə və havada öldürülən pilotlar haqqında  xəbərə olan ilk emosional reaksiya kimi başa düşüləndir (Tanrıya şükür olsun ki, indi biz, onlardan birinin sağ olduğunu bilirik). Lakin “başa düşülən” heç də həmişə “doğru olan” davranış demək deyildir. Əgər emosiyaları ağılla yoxlasaq, mənim fikrimcə, Konstitusiyanın 31-ci maddəsinə görə öz alınmaz hüququnu həyata keçirən etirazçılar Türkiyə səfirliyi yanına deyil, “Boyarskiy Dvor” mehmanxanasına yaxın Köhnə meydanda yığışmalı idilər. Bu mehmanxananı bolşeviklər özləri üçün Mərkəzi Komitənin binasına çevirmişdilər, indi isə Rusiya Federasiyası prezidentləri buranı Administrasiya binası ediblər.

Köhnə meydanda o səbəbdən yığışmalı idilər ki, bizim əsgərlərimiz türklərin və ya suriyalıların günahı üzündən deyil, Kremlin nəfsi və istəkləri üzündən həlak olurlar. O Kreml ki, Rusiyanı nəticələri haqqında düşünülməyən, kobud qüvvənin zəfərinə və cənab Putinin düşündüyü kimi, həmişə qabaqlayıcı zərbənin verdiyi şok effektinə olan ümidlə və böyük ambisiyalarla dolu növbəti beynəlxalq avantüraya sürükləmişdir.

Əslində, nə baş vermişdir? Rusiyanın terrorizmə qarşı mübarizə apardığını və bunun üçün öz qoşunlarını Suriyaya göndərdiyini söyləyən cənab Putin həqiqətdə Bəşər Əsəd hökumətinin qorunması uğrunda və bu insanın və onun rejiminin bütün düşmənlərinə qarşı mübarizəyə başlamışdır. Məsələ bundadır ki, Suriya əhalisinin ən azı 80 faizi və bu ölkəyə qonşu olan bütün sünni ölkələr Əsəd hakimiyyətinə qarşıdır. Odur ki, cənab Putinin bu düşüncəsiz hərəkəti Suriya əhalisinin əksər hissəsi, Ərəb Ölkələri Liqası və Türkiyə ilə düşmən münasibətlərin yaranmasına səbəb olmuşdur. Əsədin müttəfiqləri – İran, Livanın “Hizbulla” hərəkatı və müəyyən dərəcədə, İraqın şiə çoxluğudur. Rusiya da bu kampaniyaya daxil olmuşdur.

Osmanlı imperiyasının keçmiş mərkəzi kimi Türkiyə onun ənənəvi təsir sferasında –  indi müstəqil dövlətlərə çevrilmiş keçmiş əyalətlərində nələrin baş verdiyinə biganə qala bilmir. Bu dövlətlər arasında Suriya xüsusi əhəmiyyət kəsb edir: Türkiyə ilə həmsərhəddir və əhalisinin xeyli hissəsi eyni məzhəbdəndir, müəyyən mənada isə eyni soydandır (Rusiya üçün Ukrayna Donbassının olduğu kimi). Bir anlıq təsəvvür edək ki, suveren prezident olan Pyotr Poroşenko Donetsk separatizminin öhdəsindən gəlmək üçün prezident Ərdoğandan yardım istəyib, haradasa Çerkass yaxınlığında türk hərbi-hava bazası yaratmağa icazə verib və türk hücum təyyarələri Donetsk və Luqanskı bombalamağa başlayıblar. Prezident Putin buna necə reaksiya verərdi və bunun nəticələri necə olardı?

Türklər çox təmkinli davranıblar. Demək olar ki, iki ay onlar Rusiyadan diqqəti İŞİD üzərində cəmləndirməyi və xüsusilə, türkmanların, yəni Suriya türklərinin yaşadığı və ənənəvi olaraq Türkiyənin dəstəklədiyi şimali Latakiyadakı mülayim sünni müxalifəti bombalamamağı xahiş ediblər. Lakin Əsəd Türkiyəyə və Bəşər rejimi əleyhinə mübarizə aparan Suriya türkmanlarına nifrət edir və Rusiya hərbiçilərinə şimali Latakiyadakı hədəfləri nişan verir. Təəssüf ki, cənab Putin Ərdoğana deyil, Əsədə qulaq asır. Ərdoğan və Putin arasında son danışıqlar cəmi bir neçə gün əvvəl 20-liyin Antaliyada təşkil edilmiş görüşü zamanı keçirilmişdir. Bu danışıqlarda da yenə diqqəti İŞİD-ə yönəltmək xahiş olunmuşdu, amma göründüyü kimi, boşuna… Rus təyyarələri Latakiyanın türkman kəndlərini bombalamağa davam edirdilər. Bu da nəticəsi. Türklər təyyarəni vurdular, rus bombalarından əzizlərini itirmiş qəzəbli yerli sakinlər də təyyarəçini öldürdülər. Bunun günahkarı kimdir?  Kim münaqişəyə təhrik edirsə, o! Suriyadakı münaqişəni isə ənənəvi olaraq bu həmsərhəd bölgədə həmişə öz mövcudluğunu göstərən Türkiyə deyil, Suriyaya bütün maraqlı ölkələrlə razılaşma olmadan girən və burada çox riskli bir oyun aparan Rusiya qızışdırır. Türklər öz həmvətənlərinin və Suriyadakı din qardaşlarının rus silahlarından həlak olmasını istəmirlər, onlar Suriyadan Türkiyəyə gələn qaçqınların sayının artmasını istəmirlər (hazırda bu ölkədə iki milyondan çox suriyalı qaçqın var). Rusiya isə Türkiyənin xahişlərini nəzərə almaq niyyətində deyil – bu da sonu.  Avantüranın əvəzi isə bizim hərbiçilərin həyatıdır (RF-nin bu əməliyyata sərf etdiyi külli miqdarda vəsaiti hələ demirəm).

İndi nə etmək olar? Ən əsası, nə türklərdən, nə də Suriya türkmanlarından intiqam almamaq, onları başa düşməyə çalışmaq. Əgər indi Rusiya qisas yolunu tutsa, özünü tamamilə antiterror koalisiyadan təcrid etmiş olar və terrorçu Əsədin ortağına çevrilər, hansı ki, İŞİD-in etdiyindən xeyli dərəcədə çox insanı azadlıqdan məhrum etmiş və öldürmüşdür. İndi NATO-nun vasitəçiliyindən imtina etmək yox, onu qəbul etmək, Türkiyə ilə sərhəd zolağının təhlükəsizliyi haqqında razılığa gəlmək, mülayim müxalifətə zərbə endirməyi saxlamaq, terror əleyhinə ittifaqın bütün üzvləri ilə əlaqələndirilmiş fəaliyyət sistemində İŞİD-lə mübarizəyə diqqəti yönəltmək lazımdır. Eyni zamanda, alyansın digər üzvləri ilə birlikdə Suriyada müharibədən sonrakı tənzimləmə və sülh planını hazırlanmaq gərəkdir.

Əlbəttə, baş verən hadisə hələ müharibə deyil, lakin bu, müharibəyə doğru atılmış iri addımdır. Bir tarixçi kimi, mən bilirəm ki, 1914-cü ilin yayında Sarayevoda Ferdinandın qətlindən sonra Rusiyanı necə həyəcan dalğası bürümüşdü. Və mən bilirəm ki, bu həyəcan və emosiyalar çarı 2 il yarımdan sonra Rusiyanın süqutu ilə nəticələnən müharibəyə sövq etmişdi. Onda da Peterburqda Almaniya səfirliyini, bütün Rusiyada isə alman mağaza və fabriklərini dağıdırdılar. Lakin bunun sonu heç də yaxşı olmadı.

Sakitləşmək, özünü ələ almaq, əgər bacarırsınızsa, dua etmək, və olduqca mülayim və düşünülmüş qərarlar qəbul etmək lazımdır. Əks təqdirdə, tezliklə artıq gec olacaq. Uçuruma aparan yol ayaq altından qaçan bir-neçə kiçik daşdan başlanır”.

Tərcümə etdi: Zülfiyyə Əmrahlı

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.