Manşet Xəbərlər — 12 November 2014

Tunisin tarixi Cərbə adasında yerləşən yeraltı məscidlərdən birinin 2 mehrabı var.

“Azerimuslims.com” Panoram.az-a istinadən xəbər verir ki, Şimali Afrikanın ən böyük adası sayılan Cərbə adasında sahilə yaxın ərazidə inşa edilən yeraltı məscidlər sanki illərə meydan oxuyur. Yerin 3-5 metr altında qayaların oyulması ilə tikilən məscidlərin laqeyd münasibət və xəzinə ovçularının apardığı qazıntılar ucbatından məhvolma təhlükəsi ilə üzləşdiyi bildirilib.

Tunisin 9 Aprel Universitetinin Arxeologiya Elmləri kafedrasının pedaqoqu, prof. Sadiq ibn Əmran açıqlamasında Cərbə adsında 380 məscidin olduğunu, onlardan 20-nin yeraltı məscid kimi inşa edildiyini deyib.

İlk yeraltı məscidin XII əsrdə inşa edilən “Əlvata” məscidi olduğunu deyən Əmran sözügedən məscidin inşası zamanı yerin altındakı böyük bir qayanın oyulduğunu ifadə edib. Alim nərdivandan düşərək, daxil olunan məkanın işıqlandırılması üçün isə tavanda böyük “pəncərə” açıldığını və məscidd biri namaz qıldırmaq, digəri isə Qurani-Kərim öyrətmək məqsədilə 2 mehrabın hazırlandığını bildirib.

Məscidlərin yerin altında inşa edilməsinin səbəblərinə aydınlıq gətirən prof. Əmran əvvəlki dövrlərdə geoloji amillərdən və müharibələrdən dolayı bir çox tikilinin, o cümlədən, məscidlərin, evlərin və iş yerlərinin yerin altında inşa edildiyini deyib. Tunisli alimin fikrincə, məscidlərin yerin altında tikilməsinə digər bir səbəb isə yay aylarının həddən artıq isti keçdiyi halda yerin altındakı tikililərin yayda sərin, qışda isti olmasıdır.

“Bölgədə XVI əsrdə dəniz quldurlarının sayı artdığı vaxt məscidlər bəzən hərbi baza funksiyasını da icra etmişlər. Məscidlərin sahilə yaxın ərazilərdə inşa edilməsi həm də lazım gələrsə adanın düşməndən mühafizəsi işini asanlaşdırılmasına hesablanmışdı”, – deyə Sadiq ibn Əmran qeyd edib.

Alim tarixi məscidlərin laqeydlik və xəzinə ovçularının şüursuz apardıqları qazıntı işlərinidən dolayı zədələndiyini və onların ən qısa müddətdə mühafizəsi üçün iş görülməsinin vacibliyini vurğulayıb.

/azerimuslims/

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.