Manşet Maraqlı Məqalələr Xəbərlər — 01 November 2017

İslam bir dünya görüşü, bir həyat tərzi olmaqla yanaşı, eyni zamanda da bir mədəniyyətdir.Bu fikri söyləməklə əlbəttə ki, yeni bir şey demiş olmadıq.Fəqət, məqsədimiz bununla islami mədəniyyəti vurğulamaqdır.O mədəniyyət ki, bizi biz edən əsas, vacib amillərdən biridir.O,tarixi kimliyimizi,bizi başqalarından fərqləndirən dünyagörüşümüzü, həyata baxışımızı, dərdimizi, sevincimizi, mübarizəmizi əks etdirən  yüz illərin topladığı xəzinədir.

Ancaq biz müsəlmanlar bundan nə dərəcədə xəbərdarıq, nə dərəcədə ona sahib çıxmaqdayıq, bax, bu, əsas məsələdir.

Bəllidir ki, artıq Azərbaycan da qloballaşan dünyanın bir parçası olmağa başlayıb. Yəni, artıq yekrəng bir cəmiyyətin nümayəndələri deyilik. Bu gün Azərbaycanda artıq hər növ insana rast gəlmək mümkündür. Və etiraf etməliyik ki, paytaxt gənclərinin böyük bir hissəsi fərqli bir mədəniyyətin təsiri altında tərbiyələnməkdə, yetişməkdədirlər. Vaxt ötdükcə bu insanları Azərbaycanla bağlayan sadəcə bu torpaqda yaşamalarıdır. Bütün bu insanları tərbiyə edən şoular, elektron informasiya vasitələrinin bol xəbər və məlumatlarıdır. Biz bu insanlarla eyni cəmiyyətdə yaşasaq da aramızda  ciddi fərqlər, dərin uçurumlar mövcuddur.
Bəli, bu gün Azərbaycanda mədəniyyətin tənəzzülü, parçalanması baş verir. Dəstələr, firqələr bir-birindən ayrılır. Ancaq, Allaha şükrlər olsun ki, müsəlmanlar da (söhbət statistik müsəlmanlardan getmir)günü-gündən daha bəlirgin hala gəlməkdə, çoxalmaqda, möhkəmlənməkdə və cəmiyyətin daha təsirli parçasına çevrilməkdədirlər. Müsəlmanları bu cəmiyyətdə daha çox fərqləndirən onların  mədəniyyət tərzidir. Buraya geyim, yemək tərzindən, evdə ailə münasibətlərindən tutmuş, sosial-iqtisadi münasibətlərə, baxdıqları kanallara, oxuduqları kitablara və s. qədər  hər şey  daxildir. Kimsə bizi  bu sözlərimizlə toplumu parçalamaqda təqsirləndirməsin. Artıq biz fakt qarşısında qalmağa başlayırıq. Sovet dövrünün dindən uzaq, ancaq əxlaqi dəyərlərə sadiq, mühafizəkar ailələri yavaş-yavaş yox olmaqdadır. Ola bilsin ki,  bu proses, rayonlarda gec getsin, ancaq, ölkəni gözləyən iqtisadi inkişafdan dolayı rayonların da bu hala gəlməsi qaçılmazdır. Artıq klassik əxlaqlı sovet insanının yerini fərqli tiplər tutmağa başlayıb. Bu insanlar qloballaşan dünyanın mədəni təsiri qarşısında çox acizdirlər. Ancaq, müsəlman həyatını yaşayanlar bu haldan müstəsnadırlar. Müsəlman olan  fərd İslamın ona təlqin etdiyi həyat tərzi ilə hər cür təsirlərdən qorunmaq imkanı əldə edir. 
Bununla yanaşı, müsəlmanlar arasında da ciddi,  həll olunmalı məsələlər mövcuddur.Ancaq, mən hamı  kimi, məzhəbi bölünmələrdən, camaatlardan bəhs etməyəcəyəm. Əslində, bunlar təbiidir. Azərbaycanda islami dirçəliş bu gün o mərhələsini keçir  ki, bu zaman onun camaatlaşmalarla müşahidə olunması qaçılmazdır. Bunu faciəyə çevirmək lazım deyildir. Bu məsələ yazımızın mövzusu olmadığına görə bundan bəhs etməyəcəyik. 
Bizim ən ağrılı yerimiz tarixən var olmuş islami mirasımızdan xəbərsiz olmağımızdır. Məsələn,  ədəbiyyat  kimi  ancaq hədisləri və qismən də fiqhi mövzuları ehtiva edən kitablara sahibik.  İslam dünyagörüşünü əks etdirən tarixi mütəfəkkirlərin tərəfimizdən nə dərəcədə oxunub-öyrənilməsi göz qabağındadır. Az-çox tanıdığımız şərq klassikləri əsasən şairlərdir. Bunları da iki məsələyə görə tanıdıblar: ya azərbaycanlı olduqları (məsələn Nizami, Xaqani, elm adamlarından N. Tusi və s. ),  ya da   zamanın ideologiyasına uyğun olduqları üçün (məsələn Xəyyamı dinsiz olaraq tanıtmaq kimi).  Ancaq, ümumilikdə, biz mənsub olduğumuz mədəniyyətin hüquqi mirasından, sənətə , dövlətə, insana münasibətindən və bunları əsərlərində əks etdirən şəxsləri tanımaqdan məhrum olmuşuq və çox təəssüf ki bu,  bu gün də davam etməkdədir.
Bunun üçün də biz müsəlmanlar bu məsələyə xüsusi diqqət ayırmalı, həm özümüzün yetişdirilməsində, həm də övladlarımızın tərbiyəsində islam mədəniyyətinin öyrənilməsinə yer ayıraraq onun qaynaqlarını araşdırmağa və həyata tətbiqinə çalışmalıyıq.

/AzeriMuslims/    

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.