İslami Manşet Məqalələr Xəbərlər — 11 September 2017

Namaz əmrinin nazil edilməsindən danışan hədisi davamlı şəkildə zehnimdə götür-qoy edirəm. Belə ki Peyğəmbər səmaya qaldırılmış, namazın vacibliyi əmrini almışdı. Peyğəmbərimizin dediyi ki, başlanğıcda əlli vaxt namaz əmr edilmişdi. Peyğəmbər rəbbindən namaz sayının ümməti üçün azaldılmasını o vaxta qədər xahiş etmişdi ki, axırda Allah Təala bu sayı beşə endirmişdi. Hər dəfə bu hədisi xatırlayanda özümə belə bir sual verirəm, yəqin siz də eyni sualı verirsiniz: görəsən, hər gün əlli vaxt namazı necə qılardıq? Belə olduqda vaxtımız digər şeylərə çatardımı? Nə vaxt yeyər, içər, yatar, oyanar, oxuyar, yazar, danışar, öyrənər, işləyər, qurar, yaradar, həyatdan həzz alar, bir-birimizə baş çəkər və s. və i.a.

Nəhayət, namazın mahiyyətini, fərd və cəmiyyətin həyatında oynadığı rolu, namaz qılan şəxsə göstərdiyi təsiri başa düşdüyümdə dərk etdim ki, namaz həyat deməkdir və həyat isə bütün tərəfləri ilə namaz növlərindən biridir.

Oyanıb gördüyündə ki, qısa yuxu ölümündən sonra dirilmişsən və sənə həyatı yenidən bəxş edəni tanıdığını hiss edirsən, deməli, namaz qılırsan;

Övladlarının və başqalarının övladlarının üzünə baxdığında onların cismən və mənən inkişaf etdiklərini görüb heyrətlənirsənsə, deməli, namaz qılırsan;

Ailəni xeyrə istiqamətləndirdiyində, Allaha sarı hikmətlə, gözəl öyüd-nəsihətlə çağırdığında, deməli, namaz qılırsan;

Haqqını tapdaladıqlarında qardaşının, yoldaşın və qonşunun səmimiyyətlə təqsirindən keçirsənsə, daha sonra üzrxahlıq edib, özünü təqsirkarmış kimi aparırsansa, deməli, namaz qılırsan;

Söyüldüyünü eşidib cavab vermirsənsə, (səbir göstərməyinin) mükafatını Allahdan umursansa, deməli, namaz qılırsan;

Müsəlman qardaşının qeybətinin edildiyi bir məclisi söhbəti dəyişə bilmədiyin və ya qardaşını müdafiə edə bilmədiyin üçün tərk edirsənsə, deməli, namaz qılırsan;

Müharibə elan edib kin bəsləmək əvəzinə, doğru yola yönəlsin deyə bir qeyri-müsəlman üçün Allaha dua edirsənsə, deməli, namaz qılırsan;

Qeyri-müsəlmana islamın mərhəmətini, tolerantlıq və nəzakətini, sevgi və mədəniyyətini, əxlaq və təbəssümünü göstərirsənsə, deməli, namaz qılırsan;

Yaşadığın ölkəndə – qeyri-müsəlman ölkə olsa da, – asayişi qoruyursansa, əmin-amanlığa əməl edirsənsə, öhdənə düşənləri (vergi, etika, maliyyə və s.) yerinə yetirirsənsə, deməli, namaz qılırsan;

Səni hər tərəfdən pislik bürüdüyündə daxilində şəri inkar edirsənsə, amma dilin və əlinlə onu dəyişə bilmirsənsə, deməli, namaz qılırsan;

Ailəni, ətrafındakıları razı salmaq üçün əlləşirsənsə – fərqi yoxdur buna nail olursan ya yox – deməli, namaz qılırsan;

Allahın sənin üçün ancaq xeyir istədiyini düşünürsənsə, Onun barəsində bəd gümana düşmürsənsə, deməli, namaz qılırsan;

Hər şeyə görə: nemətlər və bəlalara görə Allaha şükür edirsənsə, deməli, namaz qılırsan;

Hər tərəfdən şirnikdirici və tovlayıcı şeylərlə əhatələndiyin halda gözünü haramdan qoruyursansa, deməli, namaz qılırsan;

Xəstəliyə, yoxsulluğa, müsibətə, məişət çətinliyinə səbir edirsənsə, deməli, namaz qılırsan;

Əgər qan axıdılmasına razılıq göstərən milyonlar arasında tək qalıb bir can xilas edirsənsə, deməli, namaz qılırsan;

Əgər heç olmazsa səsinlə, hisslərin və dualarınla başqa ölkələrdəki müsəlmanların dərdinə, kədərinə, qayğısına şərik çıxırsansa, deməli, namaz qılırsan;

Əgər bir xəstəni yoluxmağa gedirsənsə, deməli, namaz qılırsan;

Yuxuya təslim olub, növbəti gündə işləmək, çalışıb-əlləşmək, yaratmaq üçün bədənini istirahətə verirsənsə, deməli, namaz qılırsan;

Nəhayət, yatmazdan əvvəl həmin gündə etdiklərin üçün özünü hesaba çəkirsənsə, deməli, namaz qılırsan.

Tərcümə etdi: Elvüsal Məmmədov

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.