Manşet Maraqlı Məqalələr Xəbərlər — 03 November 2017

İnsan öz təbiəti etibarı ilə ictimai varlıq olub cəmiyyətdən ayrı yaşamağa qabil deyildir. Cəmiyyət daxilində yaşayan insan öz iradəsindən asılı olmayaraq ətrafında olan müxtəlif insanlar və ya insan qrupları ilə ünsiyyət qurmaq məcburiyyətində qalmış olur. Bu ya insanın öz istəyi yaxud da ətrafdakıların ona qeyri-şərtsiz müraciəti əsasında baş  verir. Ünsiyyət insan həyatında yaşamaq, yaratmaq baxımından çox mühüm əhəmiyyətə malik bir faktordur.Ünsiyyətin özəlliyi ondan ibarətdir ki, iki və ya daha çox tərəfdən biri və ya hər ikisi hər hansı bir məlumatı və informasiyanı ötürür və ya qəbul edir. Lakin  ünsiyyətin daha bir mühüm əlaməti ondan ibarətdir ki, tərəflərdən biri və ya hər ikisi müəyyən vaxtlarda dinləyici rolunda çıxış edir.

Bu istənilən ünsiyyət prosesində baş verir.
Ünsiyyətin sona qədər normal dialoq formasında keçməsində dinləmə amili əsas yer tutur. Hər birimiz müəyyən vaxtlarda kiməsə qulaq asmaq, hər hansısa bir məlumatı qəbul etmək hadisəsi ilə üzləşmişik. Bunun təzahür formalarını ilk əvvəl ailədə, hələ körpənin təzə dirçəlməyə və nə isə anlamağa başladığı bir dövrdə valideynlərinin ona nə isə başa salmasında, daha sonra uşaq baxçasında müxtəlif yeni uşaqların ətrafında , yeni tərbiyəçilərin ona nə isə izah etdiyi vaxtlarda, sonra məktəb, universitet mühazirələrində, daha sonra isə müxtəlif irihəcmli tədbirlərdə, konfranslarda, elmi və ya sadəcə toplantılarda açıq-aydın görmək mümükündür. Bütün bu hallarda bizlər dinləmək və hər hansı bir məlumatı qəbul etmək, sonra həmin məlumatı analiz edib, nəticə çıxardıb digərlərinə ya ötürürük, ya da sadəcə özümüz əldə etdiyimiz məlumatla kifayətlənmiş oluruq. Lakin bu proses zamanı ən vacib faktor düzgün  dinləmək vərdişidir. Bu vərdişlərin hələ ailədə düzgün aşılanması lazımdır. Düzgün dinləmək vərdişlərinə malik olmayan insan ona ötürülən məlumatı da düzgün qiymətləndirməkdən, obyektiv nəticə çıxarmaqdan çox uzaq olar.
Bəs bizim bəhs eydiyimiz dinləmə nədir?
Dinləmə məlumat xarakterli bildirişin bir vericidən başqa bir alıcıya ötürülməsi yolu ilə səs-küyü batıran və cavaba həvəsləndirən bir mühitə çatdırılması sayəsində meydana gəlir.
Xəbər – çatdırılan şeydir, məlumat xəbərdəki qeyri-müəyyənliyi bərpa edəndir. Biri sual verə bilər: “Bu  xəbərdə nə qədər məlumat var?” Mənbə – xəbəri göndərəndir, alıcı xəbəri qəbul edəndir. Mühit – içində dinləmə hadisəsinin meydana gəldiyi şərait  və vəziyyətlərin bütöv halıdır. Səs – göndərənlə qəbul edən arasındakı məlumat axınına mane olan bir şeydir. Cavab – dinləyicinin göndərənin  xəbərinə şərh olunduğu şəkildə münasibət bildirməsidir. 
Dinləmə prosesi ikixətli prospektə bənzəyir. Natiq dinləyicilərin başa düşməsini asanlaşdırmaq üçün əsas anlayış qaydalarına uyğun danışmalıdır. Dinləyicilər də natiqin fikrini qavramaq üçün bir sıra şərtlərə əməl etməlidirlər. Unutmayaq ki, hər hansı bir natiqin (iclasda və ya sadəcə toplantıda) dinləyicisi adətən bir nəfərdən çox olur. Natiqlə dinləyicilər arasında əlaqə müvafiq, müəyyən ümumi cəhətlərə uyğun olmadıqda çatdırılan məlumat çox müxtəlif şəkildə qavranıla bilər.
Dinləyicilərin düzgün başa düşməsinə kömək etmək üçün natiq kimi biz fikirlərimizi onlara hansı sözlərlə və hansı təfsilatlarla çatdırmağımıza yaxşı diqqət yetirməliyik. Rəsmi bir yığıncaq və ya sərbəst bir ziyarət olsun, bütün hallarda ən münasib dinləyici kütləsini və onlara müraciət etmək üçün uyğun vaxt seçməliyik. Hətta çıxış yeri belə – iş sahəsi, müzəkirə zalı, sosial rayon olsun – natiqlə dinləyici arasında əlaqənin yaranmasına kömək edə və ya mane ola bilər.
Nəhayət, bütün bu şərtləri sözlə və ya yazılı şəkildə ifadə etmək barədə qərara gəlməliyik.Digər tərəfdən dinləyici kimi bunlara əməl etməliyik:

1.natiqin söylədiklərini diqqətlə dinləyin.
2.deyilənə qarşı sizdə baş qaldıran reaksiya fikrinizi yayındırmamalıdır.
3.natiqin gətirdiyi dəlillərə diqqət yetirin.
4.verilən məlumat üzərində diqqətinizi cəmləşdirin.
5.cismən dinləməyə hazır olun.

Nitqin sonunda verilən məlumatı başa düşməsək, natiqdən fikrini təkrar etməsini, əlavə misallar gətirməsini və ya mövzunu bir daha izah etməsini xahiş edə bilərik. Yaxud bunu daha münasib bir vaxtda və ya başqa bir yerdə edə bilərik.Dinləmə prosesinin nə olduğunu, necə baş verdiyi anladıqdan sonra öz üzərimizdə təlim keçərək  dinləməyi öyrənməliyik.Hamımıza dinləmə qabiliyyəti verilmişdir. Lakin ağıllı cəhd göstərməklə yaxşı dinləmək qabiliyyəti əldə edə bilərik. Əla  dinləyici olmaq üçün aşağıdakıları təcrübədən keçirmək lazımdır:

a.diqqətlə dinləmək.
b.diqqətinizin dağılmasına yol verməmək.
c.danışılan məsələ üzərində fikri cəmləşdirmək.
d.sakit halda qulaq asmağa çalışmaq.
e.deyilənləri yadda saxlamaq.           
f.ön sırada oturmaq və qeydlər aparmaq.
Özümüzü göstərmək meylindən uzaq olmalı və yalnız natiq çıxışını bitirdikdən sonra nə deyəcəyimizi müəyyənləşdirməliyik. Natiqi dinləyərək sözünü kəsməməli, həyəcanımızı dəf edib sona kimi qulaq asmalıyıq. Bizi xüsusilə maraqlandıran məsələləri ayıra və bu hadqa daha dəqiq və aydın cavab almaq üçün suallar verə bilərik.
Dinləyicinin əsas nəzərə almalı olduğu amillərdən biri ona ötürülən məlumatın qiymətləndirilməsindən ibarətdir. Bunun üçün dinləyici natiqlə birbaşa əlaqə yaratmaqdan çəkinməməlidir. Natiqə cavab vermək və dinləyici kimi nə anladığımızı bildirmək əksər hallarda faydalıdır. Natiqdən daha çox məlumat almaq üçün suallar verə bilərik, bununla natiqin daha anlaşıqlı danışmasına, çətin bir məsələnin şərhinin öhdəsindən gəlməsinə də kömək etmiş olarıq. Natiqin demək istədiyi fikri dəqiqləşdirmək üçün onun ifadəsini təkrar edə bilərik. Dediklərini başa düşdüyümüzü natiqə əl-qol jestlərimiz və hisslərimiz vasitəsilə də çatdıra bilərik.
Daha çox məlumat almaq üçün ən ümumi suallar (Nə vaxt? Nə? Harada? Kim? və.s) verə bilərik. Mətləbi xırdalamaq və ya natiqin çətin bir məsələnin şərtinə diqqət yetirməsinə kömək etmək üçün başqa konkret suallar da verə bilərik.
Dinləmə prosesində dinləyicinin fiziki vəziyyətinin düzgün seçilməsi çox vacibdir.  Dinləyici natiqə daha yaxşı və səmərəli  qulaq asıb istədiyi məlumatı əldə etmək niyyətindədirsə, bu zaman natiqlə özü arasındakı münasib uzaqlıq və ya yaxınlığı, natiqi görmə bucağını özü müəyyənləşdirməlidir. Dinləmə prosesindəki fiziki vəziyyət müxtəlif dinləyicilər üçün müxtəlif olduğu üçün bununla bağlı konkret göstərişləri də müəyyən etmək  bir qədər çətinlik törədir. 
Ümumiyyətlə düzgün dinləmək özü bir ədəbdir. Bu ədəbə riayət olunması insanın ətrafdakılar yanında hörmətini artırar, ünsiyyət prosesini gözəlləşdirər, insanın kamilləşməsinə və hikmətinin artmasına təsir göstərər.

Elçin Musa 

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.