Kim - kimdir? Manşet — 02 March 2015

Tarixdə ilk universitetin əsasını qoyan müsəlman qadın

 Tam adı Fatimə bint Məhəmməd əl-Fəhriyyə əl-Qüreyşidir. Tunis fatehi və Qəyrəvan şəhərinin əsasını qoyan Əqəbə ibn Nafei əl-Fəhrinin nəslindəndir. Bu şəxs Tunisdəki Qəyrəvan şəhərinin ölməz tarixi şəxsiyyətlərindəndir. Hicri 265-ci ildə vəfat edib.

Hələ az yaşlı qız ikən öz ailəsi ilə Qəyrəvandan köçən Fatimə əl-Fəhri İkinci İdrisin hakimiyyəti altında olan  Fasa (o zaman bu ərazi əl-Məğrib əl-Əqsa  deyə adlandırılırdı) yerləşirlər. Burada ailə quran  Fatimə Fasda qalmağa qərar verir. Bir müddət sonra ailəsi  bu torpaqlarda çox böyük var-dövlət sahibi olur. Çox keçmədən həyat yoldaşını və ailəsini itirən gənc Fatimə bir müddət sonra qardaşını da itirir. Ailəsindən ona  xeyli sayda var-dövlət, mal-mülk miras qalır.

Atası Fasa hicrət edən Məhəmməd ibn Abdullah əl-Fəhri idi. Çoxlu var-dövlətə sahib olan Abdullahın Fatimə və Məryəm adlı iki qızı var idi. Abdullah bu iki qızını gözəl şəkildə tərbiyə etmiş, onları boya-başa çatdırmışdır.

Dünyadan getdikdən sonra var-dövləti qızlarına qalır. Yaşadıqları ərazidə  müsəlmanların namaz qıldıqları məscidin darlığını görən Fatimə atalarının xatirəsini əbədiləşdirmək üçün   bu məscidi genişləndirmək qərarına gəlir.

Bundan sonra Fatimə Qərəvilər məscidinin yenidən inşasına başlayır.  Bu hadisə İdrisilər dövlətinin hakimiyyəti illərinə təsadüf edir. Fatimə hicri 245-ci ildə atasının ona miras qoyduğu var-dövlətin köməyi ilə bu məscidin ərazisini genişlədir. Hüvarə qəsəbəsində yaşayan bir kişidən böyük torpaq sahəsi alaraq məscidə birləşdirir. Nəticədə möhtəşəm bir təlim-tədris mərkəzi inşa edilir. Sözügedən məscid də bu mərkəzin daxilində fəaliyyət göstərir. Həmin mərkəz tarixdə ilk universitet kimi tanınır.

Qeyd edək ki,  Qərəvilər məscidinin özülü ilk dəfə Birinci Yəhya əl-İdrisinin dövründə qazılıb. Fatimə əl-Fəhriyyə isə həmin məscidin inşasına əhd edir və hətta inşa işləri başa çatana qədər niyyət orucu tutur. 

Məlumatlara görə, Fatimə bu məscidin inşası üçün tikinti vasitələrini kənardan gətizdirməmiş, məscidin ərazisində dərin quyular qazdıraraq oradan daş, sarı torpaq və əhəng çıxartdırmışdır.

Fatimə əl-Fəhriyyə tikinti  və dizayn işlərini çox gözəl bildiyi üçün məscidin inşasında da   ustalığını  və  məharətini göstərmişdir. İnşa işlərində birbaşa özü iştirak etmişdir.

Məscidin inşası başa çatdıqdan sonra Fatimə məscidin içində Allaha şükür namazı qılmış, ona saysız-hesabsız var-dövlət, mal-mülk nəsib etdiyi üçün  həmd etmişdir.

Qərəvilər məscidi Fatimənin bacısı tərəfindən inşa edilən Əndəlüs məscidinin yanında  yerləşir. Bu iki məscid  Məğribdə, sonralar isə Avropada İslamın və digər elmlərin tədrisində çox böyük əhəmiyyətə malik idi.

Bu məscid Məğribdə fəaliyyət göstərən ən böyük institut və ərəb fakültəsi kimi tarixə düşmüşdür.

Xanım Fatimə təxminən hicri 265-ci ildə (miladi, 878) vəfat etmişdir.

Tərcümə etdi: Dilavər Məmmədov

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.