İslam şəriətində fitr zəkatı kimi adlandırılan bu zəkat növü xalqımız arasında fitrə və ya fitrə sədəqəsi kimi adlandırılır.Fitrə zəkatı Ramazan ayına xas ibadət (burada ibadət geniş mənada başa düşülməlidir) növü olub özünə məxsus gözəlliyə və oruc tutanlar üçün yerinə yetirilmə baxımından böyük əhəmiyyətə malikdir.

Bu gözəllik və əhəmiyyətdən dolayı bu fürsətin qaçırılmaması üçün fitrə zəkatı haqda olan məlumatı sizlərə təqdim edirik:

Fitrə zəkatı nə deməkdir və nə üçün belə adlandırılıb?

Fitrə kimi adlandırılmasının səbəbi onun Ramazanın sonuncu günündə orucu açdıqdan sonra “fitr” (hərfən: orucu açma, ondan azad olma) adlandırılan zaman müddəti ərzində verilməsidir. Ona zəkat deyilməsinə gəlincə isə bu, onu  verən insanın nəfsini təmizləməsindən (bu, təzkiyə adlanır və zəkat sözü də buradandır), orucunu mükəmməlləşdirməsindən, oruc tutduğu zaman yol vermiş olduğu nöqsanları, çatışmazlıqları onunla aradan qaldırmasından dolayıdır.
Qeyd: Fitrə zəkatı ilə İslamın üçüncü əsası olan zəkatı bir-biri ilə qarışdırmama lazımdır.

Fitrə zəkatının verilməsi nə vaxt fərz buyurulub?

Fitrə zəkatı hicrətin 2-ci ilində Ramazan orucunun fərz edilməsi ilə vacib edilib. Fitrə zəkatının fərz olması Qurani-Kərim, Sünnə və İcma ilə təsbitlənib. Allah təala buyurur:
“(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır” (əl-Ə`la, 14). Burada fitrə zəkat verməklə təmizlənmə nəzərdə tutulur. Belə olmasa idi, adil xəlifə Ömər ibn Əbdüləziz  fitrə zəkatının verilməsini əmr etdikdən sonra bu ayəni oxumazdı.
Hədislərdə də fitrə zəkatının verilməsinin vacibliyi vurğulanır. Buxari və Müslimin “Səhih” kitablarında Peyğəmbərin (s) fitrə zəkatının verilməsini əmr etdiyi və onun vacib olması bildirilib. Əksər islam alimləri (cumhur) fitrə zəkatının verilməsinin vacibliyi xüsusunda eyni mövqedən çıxış etmişlər. Mədinə əhlinə görə, bu zəkat növündən üstünü yox idi.

Hökmü

Alimlərin əksəriyyəti (cumhur) onun vacib olması xüsusunda razılığa gəlib. İbn Ömər rəvayət edir ki, “Peyğəmbər (s) azad, kölə olan hər bir kəsə, ümmətinə Ramazanda  bir saa (4 ovuc miqdarı) xurma və ya arpa fitrə zəkatı verməyi vacib (fərz) etdi”.

Hikməti

Fitrə zəkatının verilməsinin fərz qılınması nəfsi çirkinliklərdən, paxılıq kimi pis əxlaqdan təmizləmək, əgər boş-boş sözlərdən, lağlağıdan, söyüş və bu kimi digər bəyənilməyən əməllərdən dolayı orucumuzda qüsur və çatışmazlıq varsa, onu tamamlamaq, bu qüsurlardan təmizləmək, əcri, saleh əməlləri artırmaq, kasıbların, imkansızların halına şərik olmaq və bayram günü onların ehtiyaclarının ödənilməsi üçündür. Fitrə zəkatının verməklə biz Ramazan orucunu bitirdiyimiz üçün Allaha bu nemətdən, bu ayı ibadətlə, saleh əməllərlə keçirməyimizə imkan verməsindən dolayı şükür etmiş oluruq. Həmçinin, fitrə zəkatı islam cəmiyyətinin fərqli qrupları arasında sevgi, qardaşlıq, birlik yaratma kimi əvəz edilməz rola malikdir.

Kimə verilə bilər? 

Fitrə zəkatı cinsindən asılı olmayaraq azad, kölə, kəndli, şəhərli olan hər bir müsəlmana verilə bilər. Əksər alimlər (cumhur) belə bir şərtlə çıxış edirlər ki, fitrə zəkatı vermək istəyən şəxs bayram günü və gecəsi üçün özünün və əyalının, himayəsində olanların zəruri ehtiyaclarını ödəyə bilərsə, bundan sonra fitrə zəkatını verə bilər. Kasıblara gəlincə, onlar özlərinə verilmiş fitrə zəkatı ilə bayram günü və gecəsi üçün öz zəruri ehtiyaclarını ödəyə bilirlərsə və verilmiş fitrə zəkatından yerdə nə isə qalarsa, onlar ondan öz adına və ya ailəsindən kiminsə adına fitrə çıxa bilərlər.

Fitrə zəkatını kimin adından vermək olar?  

Öz adımıza, ehtiyaclarını ödəməyə borclu olduğumuz kəslərin – həyat yoldaşımızın, uşaqlarımızın, maddi imkanları olmayıb himayəmizdə yaşayan valideynlərimizin adına fitrə zəkatı verə bilərik.

Kimlər üçün sərf olunur?

Alimlərin yekdil fikrinə görə, fitrə zəkatı kasıb və imkansız müsəlmanlara xərclənməlidir. Əbu Hənifə fitrə zəkatının zimmilərə də xərclənməsinin mümkünlüyünü bildirib.  Çünki fitrə zəkatı kasıb və imkansızlar üçün nəzərdə tutulub. Əgər şəriət icazə verərsə, Qurani-Kərimdə verilməsi gərəkən 8 qrup insandan başqasına da fitrə zəkatı vermək olar.  Əks təqdirdə olmaz.

Vaxtı

Hədisə görə, fitrə zəkatı bayram namazından qabaq verilməlidir. Belə ki hədisdə deyilir ki, “Peyğəmbər (s) insanların bayram namazını qılmalarından qabaq onun (fitrə zəkatının) verilməsini əmr etdi”. Bunun üçün, fitrə zəkatını bayram namazından sonraya saxlamaq olmaz. Zəruri hallarda Ramazanın birinci günündə ehtiyacı olanlara, kasıblara bu zəkat növünü çatdırmaqla məşğul olan qurumlara  fitrə zəkatını vermək olar.

Ərzaq-qida, yoxsa pul?

Alim və məzhəb imamlarının yekdil fikrinə görə, fitrə zəkatı bir saa olmaqla xurmadan, arpadan, kişmişdən, pendirdən, kəsmikdən, buğdadan, qarğıdalıdan, bir sözlə ölkədəki bu tip bütün qidalardan çıxıla bilir. Həmçinin, bu qidaları pulla da əvəz etmək mümkündür. Bu, kasıblar üçün çox əlverişli olub dövrümüz üçün daha münasibdir. Fitrə zəkatının pulla əvəz edilməsi hənəfilərin görüşü olub Ömər ibn Əbdüləziz və Həsən əl-Bəsridən də rəvayət olunub.

Fitrə zəkatı miqdarının hesablanması

Bu, hansı qida növünün verilməsinə uyğun olaraq hesablanır. Məsələn, birisi düyü vermək istəyir. Bunun üçün o, 2 kq 150 qram düyünün (bir saa düyüyə bərabərdir) bazar qiymətlərinə müvafiq dəyərini ödəyir.
Qida miqdarı cədvəli: Bu cədvəl veriləcək hər bir qidanın adını və onun bir saa çəkisinin kiloqram ilə ifadəsini göstərir. Zəkatını pul şəklində vermək istəyən adam başına cədvəldə göstərilmiş göstəricini müvafiq bazar qiymətinə vurmalıdır.

Düyü            –  2.15 kq                                      
Mərci            –  2.0 kq
Paxla            –  1.9 kq
Quru lobya   –  2.0 kq
Ağ lobya      –  2.6 kq
Xurma          –  1.5 kq
Kişmiş          – 1.5 kq
Buğda           –  2.176 kq
Qarğıdalı       – 1.9 kq

Bətndəki körpənin adına fitrə zəkat çıxmaq olarmı?

Alimlərdən İbn Həzmə görə,  hamiləlikdən 120 gün keçdiyi təqdirdə körpənin adına fitrə zəkatı çıxmaq vacibdir. Alimlərin əksəriyyəti (cumhur) isə bildirir ki, bu, vacib olmayıb müstəhəbdir. Yusif əl-Qərdavi də bunun vacib olmayıb müstəhəb olduğu görüşündədir. Hər iki görüşü qəbul edə bilərsiniz.

Xidmətçilər üçün fitrə zəkatı

Əvvəllər sahibkar üçün öz xidmətçilərinin adına fitrə zəkatı çıxmaq vacib deyil. Burada xidmətçi deyiləndə kölə və cariyə nəzərdə tutulurdu. İndiki xidmətçilər isə azaddırlar. Müsəlman olan xidmətçilər öz adlarına fitrə çıxmalıdırlar. Əgər sahibi  onların əvəzinə verərsə, burada bir problem yoxdur. Qeyd edək ki, əgər xidmətçi kasıbdırsa, ona fitrə zəkatı vermək olar.

Toplanmış fitrə zəkatının ixracı

Şəriətin qoyduğu şərtlərə görə olmaz. İstisna hallarında ( kritik an, hədsiz ehtiyac, fövqəladə aclıq və s.) mümkündür. Həmçinin, ölkə də fitrə zəkatı veriləcək insan qalmayıbsa, toplanmış zəkatı ixrac etməyə icazə verilir.

Fitrə zəkatı və orucun qəbulu

Ramazan orucu və fitrə zəkatı ayrı-ayrılıqda yerinə yetirilməli vacib əməllərdir. Hər ikisi müstəqildir. İmkanı çatan hər bir müsəlmandan onları yerinə yetirmək tələb olunur. Ancaq oruc tutub fitrə zəkatı verməyənin orucunun qəbul olunmamasını iddia etmək doğru deyildir. Eyni zamanda, oruc tutmayanların da fitrə zəkatı verməyə borclu olmadığını da iddia etmək səhvdir.
Biz müsəlmanıq. İslam ritualları bir-biri ilə əlaqəli, bütöv dindir. Onun əmr və fərz məziyyətli buyruqlarını yerinə yetirmək lazımdır.

Kimlərə fitrə zəkatı vermək düşmür?

Əgər müsəlman olan kəs Ramazan bayramının səhəri günü günəş çıxanadək özünün və ailəsinin ehtiyaclarını ödəyə bilməzsə və bu xərcləri ödəyəcək puldan artıq vara sahib deyilsə, fitrə zəkatı ona vacib deyildir. Uca Allah buyurur: “Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər” (Bəqərə 185).

Fitrə zəkatını gecikdirmə

Əgər birisi fitrə zəkatını bilərəkdən bayram namazından sonraya saxlayarsa, günah etmiş olur və ona tövbə etmək, zəkatının qəzasını ödəmək gərəkdir. Unudaraq  fitrə zəkatını gecikdirən şəxs günah etmiş sayılmır, ancaq qəzasını ödəməlidir. Qeyd edək ki, ödənilən qəza fitrə zəkatı deyil, adi sədəqə sayılır. 

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.