Elmi Manşet Məqalələr — 14 April 2015

2011-ci ildə baş vermiş hadisə Fransa həkimlərini çox narahat etmişdi: 2 yaşlı qızcığaz nəfəsalmadakı problemlərinə görə xəstəxanaya yerləşdirilmişdi. Müayinədən sonra həkimlər onda qripin ağır formasının olduğunu müəyyən etdilər və “Tamiflyu” preparatı ilə müalicəyə başladılar. Uşaq sağaldı, lakin 20 gün xəstəxanada, əsasən ciyərlərin süni havalandırılması cihazına bağlı halda yatmalı oldu.

İndi tədqiqatçılar aşkar ediblər ki, nə üçün o zaman qızcığaz hər il milyonlarla insanın əsasən fəsadlarsız yoluxub sağaldığı xəstəlikdən az qala ölürdü. Alimlər bu qızın immunitetinin xəstəliyə cavabını dəyişdirən mutant geni müəyyən ediblər. Elmi işin “Sayns” (Science) jurnalında çap olunan nəticələri eyni zamanda göstərdi ki, genlərdəki “nasazlıq” qrip zamanı yaranan digər ölüm hallarına da aydınlıq gətirə bilər.

Qeyd edək ki, qripə yoluxmuş xəstə xəstəxanaya düşmədiyi halda həkimlər bunu ağır qripə yoluxma hadisəsi hesab etmirlər. Hər il baş verən ağır qrip yoluxmalarının miqdarı dövriyyədə olan virusun ştamından asılıdır. Adətən yaşlılar və uşaqlar bu xəstəliyə qarşı daha həssasdırlar.

“İntensiv terapiyanın olmadığı dövrdə belə xəstələrin əksəriyyəti ölümə məhkum olurdular, – deyə Nyu-Yorkdakı Rokfeller universitetinin həkimi Jan-Loran Kazanova fikirlərini bölüşür – Son illərdə qripin ağır formalarının müalicəsində tibb elminin xeyli irəliləməsinə baxmayaraq, qripin bəzi insanlara bu dərəcədə güclü təsir etməsinin səbəbi son vaxtlara qədər tədqiqatçılara aydın deyildi”.

Bundan öncəki tədqiqatlarında Kazanova və onun həmkarları immun sisteminin müəyyən infeksiyalarla mübarizə qabiliyyətini pozan bir sıra mutasiya aşkar etmişdilər. Bunlardan biri herpes ensefalitidir. Fransalı qızın buna bənzər mutasiyadan əziyyət çəkdiyini müəyyən etmək üçün tədqiqatçılar onun DNT-sinin zülalları kodlaşdıran hissəsini “oxumuşlar”. Tədqiqat nəticəsində IRF7 geninin hər iki surətində mutasiyalar aşkar olunmuşdur. 

Qızın valideynlərində də məhz bu genlərdə müxtəlif mutasiyalar müəyyən edilmişdir. Lakin onlarda bu genin (IRF7) normal surəti də olduğundan sağlamlıqlarında ciddi problemlər olmamışdır. Mahiyyət etibarı ilə belə demək olar ki, qız valideynlərindən bu genin deffektli variantlarını mənimsəmişdir və onda IRF7-nin normal surəti yoxdur.

IRF7 geni immun sistemini yandırıb-söndürən “açar”lardan biridir. Viruslar hüceyrələri zədələdikdə virus əleyhinə zülallar sayılan I və III növ interferonlar fəaliyyətə keçir, lakin gen mutasiyalı olduqda öz vəzifəsini yerinə yetirə bilmir. Həkimlər xəstə qızcığazın dentrit hüceyrələrində interferonların fəallığının normadan xeyli aşağı səviyyədə olduğunu aşkar etmişlər.  

Kazanova və onun həmkarları eyni zamanda virus hücumuna məruz qalan hüceyrələrin mutasiyalar tərəfindən nə dərəcədə zədələndiyini müəyyən etmək istəyirdilər. Lakin xəstəlik zamanı zədələnmiş ağciyər hüceyrələrini əldə etmək çox çətin idi. Bu səbəbdən tədqiqatçılar qızın dəri hüceyrələrindən, öncə onları kök hüceyrələrinə, daha sonra isə ağciyər hüceyrələrinə çevirməklə istifadə etdilər. Məlum oldu ki, virus xəstə qızın hüceyrələrinə adi insanlardan alınmış yoxlama hüceyrələrə vurduğundan ikiqat artıq zərər vurmuşdur.

Doktor Kazanova belə hesab edir ki: “Ağır qrip sadəcə virus xəstəliyi deyil, genetik xəstəlikdir. Aşkar etdiyimiz mutasiyalar olduqca nadir mutasiyalardır. IRF7 geninin  surətindəki mutasiya on min insandan cəmi səkkizində müşahidə olunur. Uşaqlarda baş verən ağır halların hamısını bununla əlaqələndirmək olmaz. Lakin biz digər qarışıq genlərdə mutasiyaların axtarışını aparmağı planlaşdırırıq”.

Rus dilindən tərcümə etdi: Zülfiyyə Əmrahlı

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.