İslami Manşet Məqalələr Xəbərlər — 20 October 2017

Bir nəfər İbrahim ibn Ədhəmin yanına gələrək deyir:

– Ey Əbu İshaq, mən çox günah işləyirəm. Bundan xilas olmağıma kömək et.

İbrahim ibn Ədhəm ona belə cavab verdi:

– Beş  xüsusiyyət var ki, onlara əməl edə bilsən, günahlar sənə zərər verməz.

Həmin adam:

– Buyur, ey Əbu İshaq, – dedi.

İbrahim ibn Ədhəm sözünə davam etdi:

– Birincisi, əgər Allaha asi olmaq istəsən, Onun ruzisindən yemə.

Həmin şəxs təəccübləndi: 

– Nə yeyim? Dünyada nə varsa, Onun ruzisindəndir.

– Bəs səncə, birinin çörəyini yeyib sonra onun üzünə ağ olmaq kişiyə yaraşarmı? 

– Xeyr, yaraşmaz. İkincisini de.

– İkincisi, əgər Allaha asilik etmək istəsən, Onun mülkündə yaşama.

– Bu daha çətindir. Onun mülkü olmayan yermi var?!

– Bəs səncə, birinin çörəyini yeyib, mülkündə yaşayıb özünə də asilik etmək insana yaraşarmı?

– Xeyr, yaraşmaz. Digərlərini də de.
– Üçüncüsü, Onun ruzisini yesən də, diyarında gəzsən də (yaşasanda),  əgər Allaha qarşı günah etmək istəsən, elə bir yerdə et ki, səni Allah görməsin.

– Ya İbrahim, bu nə deməkdir. O, gizlini də, aşkarı da görəndir.

– Bəs onda bu insafdandırmı ki, Onun ruzisini yeyəsən, diyarında gəzəsən və gözü qarşısında, O görə-görə Ona asilik edəsən?

– Haqlısan, dördüncüsünü de. 

– Dördüncüsü, ölüm səni aparmağa gəldiyində ona de ki, gözlə günahlarıma tövbə edim, Allah üçün saleh əməllər işləyim sonra gələrəm.

– Bunu məndən qəbul etməz.

– Əgər ölüm gələndə onu tövbə etməyin üçün saxlaya bilməyəcəksənsə nə üzlə sağ ikən günah işlədirsən?!

 – Düz deyirsən, beşincini söylə.

– Beçincisi, zəbanilər (cəhənnəm mələkləri) səni cəhənnəmə aparanda onlarla getmə.

– Onların əlindən kim qurtara bilər ki!?

– Elə isə cəhənnəmdən nicat tapmağa gücün yoxdursa, nə üçün günah edirsən?! 

– Ya İbrahim, bəsdir. Mən Allaha tövbə edirəm, ondan bağışlanma diləyirəm…

/AzeriMuslims/ 

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.