Mən burada Həzrəti Əlinin (Allah ondan razı qalsın!) elçisi Abdullah ibn Abbasın xaricilərlə apardığı təmkinli və rasional dialoqu dərc etməklə kifayətlənəcəyəm. Dialoqun mətnini İbn Abbasa (Allah ondan razı qalsın!) istinadən Əbdürrəzzaq, Hakim və Beyhəqi rəvayət etmişlər. İbn Abbas belə rəvayət edir:

“Hərurilər (xaricilər – mütərcim) Həzrəti Əlidən ayrılıb təcavüz üçün bir yerə toplanmışdılar. Bir gün Əliyə dedim:

– Ey Möminlərin əmiri, namazı bir az gecikdir ki, vaxt edib gedim onlarla danışım.

Onların yanına getdim. Allahın halal etdiyi geyimlərdən ən gözəlini geyinmişdim. Yanlarına çatdım. Məni gördükləri zaman:

– Xoş gördük səni, ey İbn Abbas! – dedilər. – Bu da nə paltardır geyinmisən?

Onlara dedim:

– Bunumu məndə eyib tutursunuz? Məgər Allahın rəsulu ən gözəl libas geydiyi zaman bu ayə enməmişdi: “(Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?”[1]

Çarəsiz soruşdular:

– Nə üçün gəlmisən?

Dilləndim:

– Deyin görək, Peyğəmbərin əmisi oğlu və kürəkəni, ona ilk iman gətirmiş Əliyə və yanındakı səhabələrə nə veribsiniz ki, ala da bilmirsiniz?

– Biz onunla üç məsələdə razı deyilik.   

– Hansı məsələlərdə?

– Əvvəla, o, Allahın dinində insanları hakim gördü. Məgər Allah belə buyurmur: “…Hökm ancaq Allahındır…”[2].

– Sonra?

– Əli insanlarla savaşa girdi. Ancaq nə yağmaladı, nə də əsir aldı. Əgər vuruşduğu insanlar kafir idilərsə, onda malları ona halal olmalı idi. Yox, mömin idilərsə, onda möminlərin qanını axıtmaq haramdır.

– Daha sonra?

– “Möminlərin əmiri” adından imtina etdi. Belədirsə, deməli, kafirlərin əmiridir.

– Əgər sizə Allahın möhkəm kitabından, Peyğəmbərin də sünnəsindən şübhə etmədiyiniz dəlilləri gətirsəm, fikirlərinizdən vaz keçərsinizmi?

– Bəli, keçərik.

– Deyirsiniz ki, Əli Allahın dinində insanları hakim təyin etdi. Məgər Allah belə buyurmur: “…Ehramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədalətli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kə`bəyə çatası (Kə`bənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərti ilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır…”[3];

Qadın və əri haqda isə belə buyurmurmu: “(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər hakim təyin edib (onların yanına) göndərin…”[4].

İndi isə sizi Allaha and verirəm, deyin görək qanlarını axıtmayıb bir-birləri ilə barışsınlar deyə, insanların arasında hökm vermək daha xeyirlidir, yoxsa qiyməti qara qəpik olan dovşan, yaxud da bir neçə qadın barəsində hökm çıxarmaq?

– Qanlarını axıtmayıb bir-birləri ilə barışsınlar deyə, insanlar arasında hökm vermək daha xeyirlidir.

– Bu iddianızdan vaz keçdinizmi?

– Allaha and olsun ki, bəli!

–  “Əli insanlarla savaşa girdi. Ancaq nə yağmaladı, nə də əsir aldı” – deyirsiniz. Sual verirəm, ananız Aişəyə söyürsünüzmü? Başqa qadınlarda halal gördüyünüzü onun üçündəmi halal görürsünüz? Belədirsə, kafir olub dindən çıxarsınız! Yox, əgər iddia etsəniz ki, o, ananız deyildir, kafirlərdən olub müsəlmanlığınızdan olarsınız. Allah buyurur: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır…”[5]. Göründüyü kimi, siz iki zəlalət arasındasınız. Hansını istəyirsənizsə, onu da seçin! Bu iddianızdan da vaz keçdinizmi?

– Allaha and olsun ki, bəli!

– Nəhayət, deyirsiniz ki, Əli “Möminlərin əmiri” adından imtina edib. Hüdeybiyyə günü Allahın rəsulu Qüreyşi dəvət etdi ki, aralarında anlaşma yazılsın. (Həmin gün) Peyğəmbər (Əliyə) deyir: “Yaz, ey Əli. Bu, Allahın rəsulu Məhəmmədin hökmüdür.” Qüreyşlilər etiraz edirlər: “Əgər sənin peyğəmbərliyini tanısaydıq, nə sənə qarşı vuruşar, nə də səni Kə`bədən məhrum edərdik. Elə isə belə yaz: “Abdullah oğlu Məhəmmədin”. Peyğəmbər cavabında dedi: “Allaha and olsun ki, siz təkzib etsəniz də, mən Allahın rəsuluyam”. Sonra üzünü Əliyə tutdu: “Yaz, ey Əli! Yaz: “Abdullahın oğlu Məhəmməd…”.

(Abdullah ibn Abbas sözünə davam edir): Allahın rəsulu Əlidən daha üstün olduğu halda peyğəmbərlik adından vaz keçmişdi. Ancaq bu, onu peyğəmbərlikdən çıxarmadı. Bu iddianızdan da vaz keçdinizmi?

–  Allaha and olsun ki, bəli!

Nəticədə iyirmi min nəfər fikirlərindən vaz keçdi. Yerdə dörd min nəfər qaldı. Onlar (da sonrakı müharibələrdə) öldürüldülər”.

Bu dialoqun xülasəsi budur ki, Allahın mütləq hakimliyi dində və şəriətdə insanın hakimliyi ilə ziddiyyət yaratmır. Allahın hakimliyi mütləq hakimiyyətdir və hər şeyi – Qələmi, Lövhəni və Yazılanları əhatə edir.

Bəşərin hakimliyi isə məhdud hakimiyyətdir, onun cavabdehliyi və öhdəçiliyi çərçivəsindədir. Bu hakimliyi insanın ağlı və bacarığı tənzimləyir, islamın əngin təlimlərindəki rəbbani hidayət və ümumi prinsiplər ona istiqamət verir. Kim bundan qeyrisini düşünərsə, qorxuram ki, İbn Abbasın dediklərini təhrif etmiş olsun.

[1] “əl-Əraf” surəsi, 32-ci ayə.

[2] “Yusif” surəsi, 40-cı ayə.

[3] “əl-Maidə” surəsi, 95-ci ayə.

[4] “ən-Nisa” surəsi, 35-ci ayə.

[5] “əl-Əhzab” surəsi, 6-cı ayə.

Tərcümə etdi: Elvüsal Məmmədov

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.