Biz burada hökmün tətbiqi formalarından danışmayacağıq. Bu barədə yeri gəldikcə söz açılacaqdır. Qısa şəkildə qeyd edək ki, hökmün lüğəvi mənası “mühakimə etmək”dir.

“Hökm” sözü Qurani-Kərimdə təxminən yüz yerdə işlədilir və “mühakimə etmək”, “zülmə, təcavüzə son qoymaq üçün qərar çıxarmaq” mənalarını verir.

Hökm sözünün işlədildiyi və müəyyən məqsəd üçün birbaşa (həqiqi) mənasında istifadə edilmədiyi ayələrə nəzər salaq. Yəni, bu ayələrdə hökm sözü birbaşa (həqiqi) mənada işlədilməyib:

“…Hökm ancaq Allahındır…” (əl-Ənam, 57);

“…Hökm ancaq Allahındır…” (Yusif, 40);

“…Hökm ancaq Allahındır…” (Yusif, 67);

“…Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” (əl-Maidə, 44);

“…Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalımdırlar!” (əl-Maidə, 45);

“…Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, fasiqdirlər!” (əl-Maidə, 47).

Məlumdur ki, istər ərəb, istərsə də başqa dillərdəki mətnlər müxtəlif mənalar daşıyır. Və Quran ayələri ərəblərə meydan oxuyan ecazkar-ritorik semantikası səbəbi ilə həm bəlağəti, həm də polisemantikliyi baxımından bəşər sözünü üstələyir. Bu mənaları başa düşmək üçün kontekstlə yanaşı, həm də əlaqədar və münasib ayələri başa düşmək lazımdır. Bu baxımdan Qurana çoxmənalı kitab da deyirlər. Bu, şəraitə uyğun olaraq çoxtərəfli izah deməkdir, yozum zənginliyi deməkdir. Quran “tutqun” və mübhəm izahlar kitabı deyildir!

Yuxarıdakı ayələr möhkəm ayələrdir və mənaları da kontekstləri daxilində açıq-aydındır. Ancaq əvvəlki və indiki xaricilər – bidətçilər bu ayələrdən ikiəlli yapışaraq bəşəri qanunların tətbiq edildiyi ölkələrin sakinlərini və hakimlərini küfrdə təqsirləndirdilər. Onlar özlərinin siyasi şüarlarını daşımayan, zorakı metodlarına əməl etməyən müsəlman cəmiyyətlərinə cahiliyyət cəmiyyəti damğası vurdular.

Gəlin, bu ayələrin məna aləminə mənəvi səyahət edək. Edək ki, həmin bidətçilərin dediklərindən bu ayələrin nə qədər uzaq olduğunu görək.

Birinci. “əl-Ənam” surəsindəki “…Hökm ancaq Allahındır…” sözlərinin olduğu ayə belədir:

“De: “Mən Rəbbimdən açıq-aydın bir dəlilə (Qurna) istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə (mənim əlimdə) deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O, (haqla batili) ayırd edənlərin ən yaxşısıdır!” (əl-Ənam, 57).

Ayənin mənası budur ki, Peyğəmbər açıq-aydın bir dəlilə, sübuta – islama və tövhidə istinad edirdi. Müşriklər də onu yalan hesab edərək deyirdilər: “Əgər dediklərin haqdırsa, başımıza daş yağdır, bizi ələmli əzaba düçar et.” Onlara cavab üçün ayədə deyilir: “Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə (mənim əlimdə) deyildir.” Yəni, bu mənim ixtisasım və qabiliyyətim xaricində olan şeydir, mən ki bəşərəm. “…Hökm ancaq Allahındır…” – yəni, əzabı yubatma qərarı, ya da ki qəzavü-qədər yalnız Allaha aiddir.

Bu ayədən sonrakı ayə də dediklərimizi təsdiqləyir:

“De: “Əgər təcili istədiyiniz (əzab) mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda əlbəttə, bitmiş olardı (sizi dərhal məhv edərdim), Allah zalımları daha yaxşı tanıyandır!” (əl-Ənam, 58).

Əziz oxucu! Bu ayələri diqqətlə və düşünərək oxu. Qəlbin aram tapsın deyə, mötəbər təfsirləri də vərəqlə. Görəcəksən ki, ayədəki “hökm” sözü dünya işlərinə hökm etmək mənasında deyil, qəzavü-qədər mənasında işlədilib… “Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir…” (əl-Ənam, 59). “Şərh əl-Cəlal əd-Dəvvani” kitabına İsmayıl əl-Kələnbəvinin yazdığı haşiyədə deyilir: “Ağlın hakimliyinin “Hökm ancaq Allahındır” – ayəsi ilə ziddiyyəti mümkün deyil. Çünki ayədəki “hökm” sözü qəzavü-qədər və ya ustalıqla iş görmə mənasında işlədilib ki, bunlar da Pak və Uca Allahın zatına aid işlərdir”[1].

İkinci. “Yusif” surəsindəki “…Hökm ancaq Allahındır…” sözlərinin olduğu ayə bütövlükdə belə səslənir:

“Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxşıdır (ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) qadir (qalib) olan Allah?!

(Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!” (Yusif, 39-40).

Üçüncü: “Yusif” surəsindəki “…Hökm ancaq Allahındır…” sözlərinin olduğu digər ayə isə bütövlükdə bu cürdür:

“(Yəqub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” (Yusif, 67).

Yaqub peyğəmbər çox çalışırdı ki, övladlarına pislik dəyməsin. Ancaq bilirdi ki, Allahdan gələn bəlanı onlardan dəf edə bilməz. Çünki qəzavü-qədər Allahın əlindədir, hökm də Allahındır. Hökm burada qədər, qeyb, universal qüdrət mənalarında işlədilib ki, bütün bunlar da yalnız və yalnız Allahın əlindədir.

Bu cür izah qan axıtmamaq üçün Həzrəti Əlinin hakim təyinatı ilə qətiyyən ziddiyyət əmələ gətirmir. Həmçinin, ədalət və insaf – hər ikisi islamın prinsiplərindəndir – baxımından insanların mənafeyini təmin edən hansı isə qanunvericilik komitəsinin hakimlik qərarları da ayədəki mənaya zidd deyildir.

Dördüncü: Aşağıdakı üç ayə eyni mövzudadır:

  1. “…Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” (əl-Maidə, 44);
  2. “…Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalımdırlar!” (əl-Maidə, 45);
  3. “…Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, fasiqdirlər!” (əl-Maidə, 47).

Qədim dövrün müfəssirləri bu ayələri müxtəlif şəkillərdə izah etmişlər. Zəməxşəri Allahın nazil etdiyi şeylə hökm etməməyi sayğısızlıq adlandırmışdı: “Allaha etinasızlıq göstərib Onun nazil etdiyi ilə hökm etməyənlər, kafirdirlər. Zalımlıq və fasiqlik isə onların xüsusiyyətidir. Çünki onlar Allahın ayələrinə etinasızlıq göstərib özlərinə zülm etmiş, Onun əmrləri ilə hökm etmədikləri üçün günahkar olmuşlar”.

İbn Abbasa istinadən Zəməxşəri rəvayət edir ki, ayələrdəki kafirlər, zalımlar və fasiqlər Kitab əhlidir.

Bəzi təfsirçilər yozurlar ki, Allahın dedikləri ilə hökm etməyən kəs kafirdir. Bəzilərinə görə də kim Allahın hökmlərini inkar edərsə, kafirdir. Bəziləri də düşünür ki, Allahın dediklərini qəbul edən, ancaq onunla hökm etməyən şəxs zalım və fasiqdir.

Düzü, mən bu yozumlarla razı deyiləm. Bu yozumların heç biri Quranın ecazkarlığını özündə əks etdirə bilməyib. Mən bu ayələr üzərində kontekstləri daxilində düşündüm və mənə ayələrin sonundakı “kafirdirlər”, “zalımdırlar” və “fasiqdirlər” sözlərinin ecazkarlığı aydın oldu. Aydın oldu ki, ayələrin hər biri ayrı-ayrı mövzulardan danışır. O da məlum oldu ki, əqidə və tövhid istisna olmaqla, Allahın endirdikləri ilə hökm etməyənlərin kafirlikdə təqsirləndirilməsi üçün bu ayə dəlil ola bilməz. Təbii ki, Allahın hökmlərini inkar etmək, onlara sayğısızlıq göstərmək başqa! Bu məsələdə ikinci sözə ehtiyac yoxdur.  

Fikrimizi izah etmək üçün birinci ayənin tamamına nəzər salaq:

“Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” (əl-Maidə, 44).

Aydın olur ki, ayədəki “hökm” sözü ilə Tövratdakı iman, nur və tövhid anlayışları nəzərdə tutulub. Tövrat isə əqidədir, həyatın qanun kitabıdır. Bu kontekstdə ayənin mənası budur ki, tövhidi və hidayəti qəbul edib onlarla hökm etməyənlər kafirdirlər. Yəni, möminlər zümrəsindən deyillər. Burada artıq-əskik yozuma ehtiyac yoxdur.

İkinci ayəyə nəzər salaq. Görürük ki, ayənin konteksti Tövratdakı qanunlardan, ədalət yolundan bəhs edir:

“Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffarədir (Allah onun günahlarının üstünü örtüb bağışlar. Və ya zərərdidə qisası bağışlasa, bu, cani üçün bir kəffarədir. Haqq sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalımdırlar!” (əl-Maidə, 45).

Göründüyü kimi, ayədə Tövrat şəriəti və qanunlarına aid bəzi qaydalardan danışılır. Ədalət şəriəti ilə hökm etməyənlər, ədalətlə mühakimə etməyənlər, bəli, zalımdırlar. Ədaləti inkar edənlərin ən münasib tövsifi zalımlıqdır, kafirlik və fasiqlik deyildir! O kəs ki, ədaləti bərqərar etmir, ədalətlə hökm çıxarmır, deməli, başqalarının hüquqlarını tapdalamaqla zülmkara çevrilir.

Bununla da Quranın semantik (məna) ecazkarlığı bizlərə aydın olur. Məlum olur ki, Allahın bu müqəddəs kəlamı situasiyaları, halətləri olduqca dəqiqliklə və yerində xarakterizə edir.

İncil etik təlimlərdən, humanist tövsiyələrdən, ülvi məsəllərdən bəhs edən kitabdır. Elə isə İncilin əxlaq təlimlərini inkar edənlərin ən münasib təsviri fasiqlikdir. Üçüncü ayədə Allah bu əməli işləyənləri məhz dediyimiz səbəbdən fasiq adlandırır:

“İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır” (əl-Maidə, 47).

Oxucum! Gəl birlikdə bu üç ayə haqda bir daha düşünək. Düşünək ki, dediklərim sənə bütövlükdə aydın olsun. Allah bu həqiqəti qəlbimə necə yerləşdiribsə, sənin də qəlbinə elə yerləşdirsin! Mənim kimi sənə də agah olsun ki, bu üç ayə insanlar arasında ədaləti bərqərar edən bəşəri qanunlarla idarə olunan müsəlman cəmiyyətlərini kafir adlandırmaqda zorakılıq tərəfdarlarının, fanatiklərin dadına çatmayacaq; onların əlində vasitəyə çevrilməyəcək.

Dediyim kimi, kainatın, təbiətin və insanın mütləq hakimi Allah təaladır.

Hakimliklə bağlı ayələr üç şeyi ifadə edir:

  1. a) yaradılma taleyini: bu mənada hökm dedikdə qəzavü-qədər başa düşülür;
  2. b) qanunvericiliyi: bu, ailə məsələləri və ibadətlər istisna olmaqla bütün növ ictimai münasibətlərdəki ümumi metodla müəyyənləşdirilir;
  3. v) siyasəti: bunun da əksər hissəsi sosial tənzimləmə ilə məşğul əmr sahiblərinin müdrikliyinə həvalə edilib.

Bu üç ayənin Kitab əhlinə aidliyi fikrində olanlarla razı deyiləm. Doğrusunu Allah bilir, ancaq düşünürəm ki, ayələrin qanuni qüvvəsi müsəlmanlara da şamildir. Elə isə:

  1. a) Qurani-Kərimdəki tövhid, iman və hidayət ehkamları ilə hökm etməyənlər kafirdirlər;
  2. b) Qurani-Kərimdəki qanun prinsipləri ilə hökm etməyənlər zalımdırlar;
  3. v) Qurani-Kərimdəki məsəllərlə, əxlaqi tövsiyələrlə, nəsihətlərlə hökm etməyənlər isə fasiqdirlər. Ən doğrunu Allah bilir!

Nə olursa-olsun, “…Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” – ayəsinə[2] əsaslanaraq, dünya işlərini tənzimləmək üçün ədalətli bəşəri qanunlara rəvac verən cəmiyyəti, fərdləri və qanunverici orqanları kafirlikdə təqsirləndirmək məntiqsizlik olub dinə iftiradır.

[1] Əllamə ət-Təftazani. İzahda eyhamlı şərh kitabı, cild II. Qahirə: “Məhəmməd Əli Səbih və oğulları” nəşriyyatı, hicri 1367, səh. 184.

[2] “əl-Maidə” surəsi, 44-cü ayə.

Tərcümə etdi: Elvüsal Məmmədov

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.