İslami Manşet Məqalələr Xəbərlər — 30 December 2016

Sizə əmanətə xəyanət etməməyi tövsiyə edirəm. Əmanətə əsla xəyanət etməyin və sizdən istəniləni yerinə yetirin. İslam ümmətində əmanətə ilk xəyanət edən siz olmayın. Əks təqdirdə sizdən sonrakıların sizin əməllərinizə baxaraq, əmanətə xəyanət etdikləri təqdirdə onların da günahlarına ortaq olarsınız. 

Ey Adəm övladı! Bil ki, sən dünyaya gələr-gəlməz vəzifəsi sənin canını almaq olan ölüm mələyi daim səni təqib edər. Ölüm mələyi ətrafındakı insanları bir-bir yaxalayarkən sənin də növbəni səbirsizliklə gözləyir. Əcəlin gəldikdə səni qoyub başqasının canını almaz. Bir də görərsən ki, gözlənilməz bir anda səni haqlayıb. Elə isə hər an ölümə hazır ol. Qafil olma. Sən ondan qafil olsan da, o səni unutmaz.

Ey Adəm övladı! Bil ki, özünü unudub ölümə hazırlaşmasan, bunun sənin əvəzinə heç kim etməz. Hökmən Allahın hüzuruna çıxarılacaqsan. Elə isə işlərini başqasına həvalə etmə!

Ey insanlar, Allaha asilik etməkdən çəkinin! Ona qarşı çıxmaqdan çəkinmək qənimətdir.

Ağıllı insan nəfsini hesaba çəkən, xeyirxah işlər görən, ölümdən sonrası üçün çalışan və qəbrin qaranlığından dolayı Allahın nurundan faydalanan insandır. 

Qul gözləri gördüyü halda Allahın onu kor diriltməsindən ehtiyat etsin. Hikməti başa düşənə bir mənalı söz kifayətdir.

Mənən kar olanlar onsuz da haqqı eşidə bilməzlər. Bilin və agah olun ki, Allah kiminlədirsə, o, heç bir şeydən qorxmaz. Hər kim ki Allahın qəzəbinə uğrayıb, onun üçün Yaradana yalvaracaq şəxs tapılmaz.

Uşaqları kiçik yaşda pul qazanmağa məcbur etməyin. Əks təqdirdə oğurluq edəcəklər. Bir peşə sahibi olmayan xanımlarınızı da qazanmağa məcbur etməyin. Əks halda namuslarını qazanmaq üçün vasitə etməyə məcbur olarlar. 

Uca Allah iffətli və namuslu olmanızı əmr etdiyi halda onun əmrindən çıxmayın. Namusunuzu və şərəfinizi qoruyun ki, Allah da sizin namus və şərəfinizi qorusun. Yediyiniz şeylərin gözəl və halal olmasından əmin olun.

Uca Allah axirəti qazanmağınız üçün sizə dünya həyatını verib. Bu dünya müvəqqəti, axirət isə sonsuzdur. Sonsuz olanı müvəqqəti olandan üstün tutun. Çünki gec-tez dünya həyatı yox olub gedəcək və biz Allahın dərgahına qayıdacağıq. 

Allahdan qorxun. Allah qorxusu insanı Uca Yaradanın əzabından qoruyan qalxan, Allah sevgisinə aparan yoldur. 

Bir-birinizdən ayrılmayın. Uca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz” (Ali İmran, 103).

Pis əməl sahibləri sizə müsəllət olmazdan qabaq yaxşı işlər görməyi əmr edib pisliklərdən çəkindirin. Sonra aranızdan yaxşı əməl sahibləri onlara bəddua edərlər, ancaq bədduaları qəbul olunmaz.

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.