Kim - kimdir? Manşet — 17 November 2014

Məşhur hədisşünas, mütəfəkkir

 

Tam adı İmam əl-Hafiz əl-Kəbir əbu Abdullah Məhəmməd ibn Yezid ibn Macə ər-Rəbi əl-Qəzvinidir. Hicrətin 209-cu ilində Qəzvində dünyaya göz açıb. 

 

Təlim-tərbiyəsi

 

Ziyalı ailəsində böyüyüb tərbiyə alan gənc İbn Macə 15-20 yaşlarında Qəzvində hədis elminin incəliklərini öyrənməyə başlayır. Qurani-Kərimi əzbər öyrənən İbn Macə bu yaşlarından etibarən hədis alimlərinin elm “həlqə”lərində tez-tez iştirak edir. Bu minvalla xeyli hədis öyrənən gənc alim hicri 230-cu ildə hədis elminin dərinliklərinə vaqif olmaq, alimlərin şifahi şəkildə rəvayət etdikləri hədisləri dinləmək və əzbərləmək üçün doğma Qəzvin şəhərini tərk edərək Xorasan, Bəsrə, Kufə, Bağdad, Dəməşq, Məkkə, Mədinə, Misir və İslamın  digər böyük elm mərkəzlərinə səfər edir. Bu ölkələrdə bir çox hədis məktəbləri ilə tanış olmaqla yanaşı, fürsətdən istifadə edərək həmin şəhərlərin tanınmış hədis alimləri ilə tanış olur.

 

 

Müəllimləri

 

Səfər etdiyi hər bir ölkədə alimlərin dərslərində iştirak edir, onlarla yaxında tanış olurdu.  Həmin alimlərdən biri Əli ibn Məhəmməd ət-Tənafisi əl-Buxari idi. İbn Macə ən çox bu alimdən hədis nəql etmişdir. İbrahim ibn əl-Münzir əl-Hizami, Cəbbarə ibn Müğlis, Abdullah ibn Müaviyə, Hişam ibn Əmmar, Davud ibn Rəşid onun müəllimlərindəndir. 15 il uzun və ağır elm səfərindən sonra yenidən Qəzvinə qayıdır.  Bundan sonrakı həyatını əsərlər qələmə almaq, hədis rəvayət etməklə keçirir.  Şöhrəti dünyaya yayılan İbn Macənin yanına dünyanın bir çox yerindən tələbələr axışıb gəlirlər.

 

Tələbələri

 

Alim təkcə əsər yazıb, hədis elminin incəlikləri ilə bağlı araşdırmalar aparmır,  habelə tələbə yetişdirmək və mühazirələr oxumaqla Peyğəmbərin dəvət metodunu davam etdirirdi. Onun ən məşhur tələbələri Əli ibn Səid ibn Abdullah əl-Güdani, İbrahim ibn Dinar  əl-Cərşi əl-Həmədani, Əhməd ibn İbrahim əl-Qəzvini, Əbu Təyyib Əhməd ibn Ruh əl-Məşirani, İshaq ibn Məhəmməd əl-Qəzvini, Cəfər ibn İdris, Məhəmməd ibn İsa əs-Səffar, Əbu Həsən Əli ibn İbrahim ibn Sələmə əl-Qəzvini əl-Hafiz olmuşlar.  

 

Əsərləri

Altı ən məşhur səhih hədis toplusu hesab edilən kitabların içərisində İbn Macənin “Sünən” adlı hədis kitabı da vardır. Onun digər əsərləri isə  bir çox kitablar kimi yoxa çıxmış, günümüzə qədər gəlib çatmamışdır.  İbn Kəsir özünün  “əl-Bidayə və ən-nihayə” adlı əsərində İbn Macənin Quran təfsiri ilə bağlı əsərinin də olduğunu deyir. Habelə alimin tarixlə bağlı mükəmməl əsərinin olduğu, bu kitabda səhabə dövründən  öz  gününə qədər bir çox tarixi hadisələri qələmə aldığı deyilir.

 

“Sünən”  kitabı və metodu

İbn Macə məhz bu əsəri ilə şöhrət qazanmışdır. Habelə kitab dövrünün bir çox hədis alimləri və hədis hafizləri arasında məşhur idi.  İmam İbn Macə bu əsəri yazarkən onu “kitab” və “bab”lara ayırmışdı. Əsər müqəddimə,  37 “kitab” və  1500 babdan ibarətdir. Əsərdə 4341 hədis mövcuddur.  3002 hədisi isə  digər hədis kitablarını tədqiq edən alimlərlə təxric etsə də, 1329 hədisi ilə özü tək təxric etmişdir. 428 hədisin istinadı “səhih”,  119 hədis isə “həsən”dir.

İbn Həcər əl-Əsqəlani onun  çox sayda hədisin  səhihliyini müəyyənləşdirən araşdırmalar apardığını demişdir. Əbəs yerə onu  Həzrəti Peyğəmbərin (Ona Allahın salamı və xeyir-duası olsun!) sünnəsinin davamçısı adlandırmırlar.  Belə ki o öz kitabını “Həzrəti Peyğəmbərin (Ona Allahın salamı və xeuir-duası olsun!) sünnəsinin davamçıları” babı ilə başlamış, orada sünnənin  höccət olmasına dəlalət edən hədislərə diqqət çəkmiş, ona tabe olmağın  və onunla əməl etməyin vacibliyini yazmışdır.

 

“Sünən” kitabı haqda demişlər

“Əbu Abdullahın “Sünən”i çox gözəl əsərdir. İçərisində  az da olsa “uydurma” hədislərin olması əsərin ciddiyyətinə xələl gətirmir” (İmam Zəhəbi).

“Bu əsər təqdirəlayiq hədis toplusudur. Hədislərin tərtibində çoxlu bablardan istifadə edilib. Buna baxmayaraq, kitabda çoxlu zəif hədislər var. Səriyyənin bu kitab haqqında belə dediyini eşitmişəm: “Bir çox hədisləri tək özü rəvayət etsə də, əksəriyyəti zəif hədislərdir. Hətta “münkər” hədislərə də rast gəlmək mümkündür. Allah özü kömək olsun!” (İbn Həcər).

 

“Sünən”ə yazılmış şərhlər

 

Kitabın dəyəri  və alimlərin nəzərindəki yeri hədis alimləri tərəfindən bu kitaba olan qayğını daha da artırdı. Belə ki bu kitaba bir çox tanınmış hədis alimi və hədisşünas şərh yazmışdır:

Hafiz Əlaəddin Miğlati (vəfatı  – 762 ): Şərh Sünən İbn Macə

Cəlaləddin Süyuti  (vəfatı – 911): Misbah əz-zücacə fi şərh sünən İbn Macə

Mühəddis Məhəmməd ibn Əbdülhadi əs-Sindi (vəfatı – 1138): Şərh sünən İbn Macə

Mühəddis Şihabəddin Əhməd ibn Zeynəddin əl-Buveysiri kitabdakı əlavə hədisləri ələ alaraq onları təxric etmiş, sənədlərini öyrənmiş, “səhih”, “həsən” və “zəif”lərini müəyyənləşdirmişdir.  

 

İbn Macə haqqında demişlər

 

İbn Macə müasirlərinin inamını qazanan alim idi. Onun adı böyük imamların və mühəddislərin adları arasında çəkilirdi. İbn Xallikan onun haqqında yazırdı: “Hədis elminin öndərlərindən biri idi. Hədislə bağlı  bütün elm sahələrinə bələd olmuşdur”.

İmam Zəhəbi demişdir: “İbn Macə hədis hafizi idi. Bununla yanaşı,  hədislərə tənqidi yanaşırdı.  Doğru sözlü və geniş elmi biliyə sahib idi”.

 

Vəfatı

Özünü hədisə həsr edən böyük alim həm müəllim, həm tələbə, həm də yaxşı qələm sahibi idi. Hicrətin 273-cü ilində vəfat etmişdir.

 

Mənbələr:

Zəhəbi. əl-İbər fi xəbər min ğibər.

Zəhəbi. Ə`lam ən-nübəla.

Zəhəbi. Təzkirə əl –hüffaz.

İbn Xəllikan. Vəfəyat əl -ə`yan.

İbn Cövzi. əl-Müntəzəm.

İbn Həcər. Təhzib ət-təhzib.

İbn Kəsir. əl-Bidayə və ən-nihayə.

/alukah.net/

Tərcümə etdi: Dilavər Məmmədov

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.