Oxucumuz bəlkə də fikir vermişdir, biz islam şəriəti birləşməsini dırnaq arasında vermişik. Ona görə ki, biz islam şəriətinin haqqı, ədaləti, lütfü… reallaşdırmağını iddia etməyimizdən qabaq onun tərifini verməliyik. Bununla da müsəlmanların vəziyyətinə tənqid münasibət bəsləyəcək, “Onları bu vəziyyətə islam şəriətində mövcud olan problem(lər) salıb” iradına (iddiasına) cavab verəcəyik.

Ancaq biz bu məqamda ənənəvi “islam şəriəti” məfhumunun ifadə etdiyi üç mənanı bir-birindən fərqləndirmək istəyirik. Belə olduğu halda bizə yuxarıdakı suala da cavab vermək müyəssər olacaqdır.

  1. Şəriət Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) nazil olmuş vəhydir. O, şəriətin (vəhyin) tətbiqini həyatının missiyası və qayəsi bilmişdir. Bir sözlə, şəriət Quran və Sünnədir.
  2. Fiqh müxtəlif məzhəb və metodlara mənsub fəqihlərinin qanunvericiliyə dair görüşlərinin məcmusudur. Və ya o, on dörd əsrlik bir dövrdə şəriətin həyatın müxtəlif sahələrinə tətbiqidir.
  3. Fitva şəriət və fiqhin müsəlmanların bugünkü real həyatına tətbiqidir.

“İslam şəriətində problem mövcuddurmu?” sualına gəlincə, cavabımız aşağıdakı kimidir:

– Əgər sualda islam şəriəti dedikdə Peyğəmbərə nazil olan, həyatı və davranışlarında cilalanan, habelə səhabələrinə verdiyi uzun müddətli tərbiyənin nəticəsi kimi ortaya çıxan şəriət nəzərdə tutulursa, cavabımız belə olacaqdır: “Xeyr, islam şəriətində problem yoxdur. Şəriət, İbn əl-Qəyyimin də dediyi kimi, başdan-ayağa ədalətdən, müdriklikdən, lütfdən, (bəşəriyyət üçün) xeyirdən ibarətdir”.

– Yox, əgər sual verən şəriət dediyi zaman bizə zəngin ictihad “xəzinə”si miras buraxmış fiqhi məzhəbləri nəzərdə tutursa, ona belə cavab verəcəyik: “Xeyir, ümumiyyətlə, yaşadıqları mühit və dövr şərtlərindən çıxış edərək fiqh alimlərinin islam qanunvericiliyinə dair araşdırmalarında problem mövcud deyildir. Düzdür, bəzi fəqihlərin fərdi formada xətaları olmuşdur; onlar toxunduqları mövzularda bəzən məqbul sayılmayacaq mövqe nümayiş etdirmişlər. Ancaq bu, fiqhi tədqiqatlar üçün təbii sayılmalıdır. Qanunvericilik mütəxəssislərinin işi hər bir halda bir-birlərinin görüşlərinə düzəliş vermək, davamlı müzakirələr aparmaqdır”.

– Nəhayət, əgər sual verənin islam şəriəti dedikdə nəzərdə tutduğu şey bugünkü fitvalardırsa, ona deyərik: “Cavabımız fitvanı kimlərin verməsi ilə bağlı olacaq. Bu gün elə fitvalar vardır ki, özündə islamı, əxlaqi dəyərlərini əks etdirir. Bəzi fitvaların isə islamla əsla əlaqəsi yoxdur. Hətta bu və ya digər fitva islam fiqhinə dair klassik bir kitabdan hərfbəhərf götürülsə belə, onda bəzi çatışmazlıqların olması ehtimalı vardır. Çünki çox vaxt bu cür fitvalar tamamilə fərqli mühitə, şəraitə uyğun olaraq çıxarılır (verilir). Habelə, əgər fitva səhih dini mətnin (ayə və hədisin) düzgün olmayan izahına əsasən verilmişsə, yaxud da güc sahiblərinin, hakimiyyətdəkilərin “razılığını” qazanmaq məqsədilə çıxarılıbsa, müəllifi kim olursa-olsun, bu fitva səhvdir, islama da ziddir. Həmçinin, əgər fitva müəyyən şəxslərə başqalarına zülm etmək fürsəti verirsə, irqi ayrı-seçkiliyə, günahsız insanlara edilən işgəncələrə haqq qazandırırsa, qeyri-əxlaqi davranışlara qanuni don geyindirirsə, hər nə qədər “yozum”a, “izah”a, əsaslansa da, qəbuledilməzdir, islama da aidliyi yoxdur. Yox, əgər fitva islamın səhih mənbələrinə əsaslanırsa, şəriətin qayələri və “ruh”u çərçivəsində insanların mənafeyinin təminini məqsəd güdürsə, belə fitvanı məqbul hesab etmək olar.

Casir Övdə

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.