İslami Manşet Məqalələr Xəbərlər — 14 November 2016

İslam dini və fikrində ağıl, təfəkkür anlayışlarına böyük əhəmiyyət verilmişdir. Əgər biz islamın zəkaya, rasional təfəkkür və intellekt əməliyyatlarına (təhlil, mühakimə, müqayisə…) münasibətini obyektiv şəkildə müəyyən etmək istəyiriksə, bu dinin başlıca mənbəyinə  – Qurani-Kərimə müraciət etməliyik[1]. Çünki islamın əşya və hadisələrə baxışını Quran təyin edir, odur ki bu müqəddəs kitabın mövqeyi islamın mövqeyidir. Bu araşdırmanı apararkən məlum olmuşdur ki, islamda ağıl rasional və irrasional mahiyyətləri dərk etmək, insanda Allaha dair təsəvvürlər formalaşdırmaq, ilahi kəlamı qavramaq baxımından mühüm vasitə olaraq nəzərdən keçirilir.

Mövzu haqda ətraflı təsəvvür hasil olsun deyə gəlinən nəticələri bəndlər daxilində göstərməyi münasib hesab edirik:

  • 1. Quran ayələrində insan zəkasına həqiqəti aşkara çıxarmaq, bilik kəsb etmək nöqteyi-nəzərindən toxunulur və imanın möhkəmlənməsi vasitəsi olaraq əhəmiyyətindən danışılır. Ayələrdə zəkaya ona görə müraciət olunur ki, həqiqi funksiyasını icra etsin. Allah Quranda insanları iman gətirməyə çağırarkən ilk növbədə onların ağıllarına müraciət edir, onları düşünməyə çağırır. Bu səbəbdən Quran mətnində “ağıl” sözü[2] morfoloji formada mücərrəd isim kimi deyil, funksional fel olaraq işlənmişdir[3]:

 “أَفَلا تَعْقِلُونَ”  (البقرة: 44) ؛ “أَفَلا يَنْظُرُونَ”  (الغاشية: 17)؛ “لَعَلَّكُمْ تَعْقِلُونَ”  (البقرة: 73)؛ “لَعَلَّكُمْ تَتَفَكَّرُونَ” (البقرة: 219)؛ “أَوَلَمْ يَنْظُرُوا” (الأعراف: 185)؛  “أَوَلَمْ يَتَفَكَّرُوا”  (الروم: 8)؛  “لآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ”  (البقرة: 164)؛  “لآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ”  (يونس: 24).

         

Göründüyü kimi, ayələrdə qınaq (“Heç düşünmürsünüzmü?”), təmənna (“Bəlkə, düşünəsiniz”), mühakiməyə çağırış (“Əgər düşünsəydiniz”) motivləri mövcuddur. Məlum olur ki, Allah bəzi insanları düşünmədikləri üçün tənbehləyir; bəzilərinə isə xitab edir ki, düşünsünlər; bir sıra ayələrdə isə onların diqqətinə çatdırır ki, ağıllarını işlədə, həqiqəti görə bilərdilər.

Deməli, imana çağırışda Quran üslubu ağıla müraciətlə səciyyələnir. Ayələri təhlil göstərir ki, iman təsisatı rasional qənaətbəxşliyə, əqli yəqinliyə əsaslanmalıdır[4]. “İslam insanlardan zəkalarına qıfıl vurmalarını istəmir, əksinə, onlardan tələb edir ki, düşünərək Rəbbə iman gətirsinlər”[5].

Zəka ilə əlaqəli ifadələr göstərir ki, Qurani-Kərim insanları intellektual fəaliyyətə, əşya və hadisələrin rasional tədqiqinə həvəsləndirir. Bu səbəbdən ayələrdə əcdad kultunun təqlidi və instinktiv ağıl forması tənqid olunur:

“Onlara (bütpərəstlərə) : “Allahın göndərdiyinə (Qurana) tabe olun!” – deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenə də mi onlara tabe olacaqlar?)” (əl-Bəqərə, 170).

Qurani-Kərim təkcə maddi məlumu deyil, həm də bütün varlıq aləmini dərk edib düşünməyə çağırmaqla sillogistik ağla üstünlük verir. Müqəddəs kitabları oxuyanların bilə-bilə qadağaları pozduqları üçün daşıdıqları məsuliyyət,  əvvəlki xalqların başına gələn bəlalara laqeydlik motivli mövzularda müraciət obyekti ağıldır.

Quran kontekstinin təhlili məlum edir ki, nəzərdə tutulan yeknəsəq, donuq ağıl deyil, dərk edən, düşünən, qanan, kortəbii təqlidə qarşı çıxan ağıldır. Bir sözlə, Quranın zəka anlayışı sillogistik baxımdan təkcə maddi aləmi deyil, həm də metafizik mahiyyətləri düşünmə prosesini ifadə edir:

“Quran insanlara kompleks düşünməyi öyrədir. Onlara elementləri bir-biri ilə əlaqədə olan universal metod bəxş edir. Bu metod həyata bağlı metoddur, ona zidd deyildir; elmi imanla, ideyanı materiya ilə (fizikanı metafizika ilə), gizli instinktləri aşkar duyğularla əlaqələndirir, onları əlahiddə nəzərdən keçirmir”[6].

“Psixoloji baxımdan müəyyən etmək mümkündür ki, …(Quranda) mənəvi və intellektual abı-hava mövcuddur”[7].

Yuxarıda qeyd etmişdik ki, Quranda iman gətirsinlər deyə insanları düşünməyə çağırış edilir. Belə imanı formasını intellektin doğurduğu iman adlandırmaq mümkündür:  

“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran, 190-191);

“Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik.” (Fussilət, 53)[8].

Bu səbəbdən Quran düşünən insanlara xitab edir, ağlını işlətməyənləri qınayır.

Ağılla əlaqəli ayələrdə müxtəlif obyekt və hadisələr haqqında düşünmənin vacibliyi nəzərə çatdırılır. Sillogistik intellekt formalaşdırmaq məqsədi daşıyan bu ayələrdə[9] aşağıdakı obyektlər üzərində düşünməyə çağırış vardır:

  1. Müqəddəs Kəlam. Aşağıdakı ayələrdə vəhy haqqında düşünməyə çağırış edilir:

“(Ya Peyğəmbər! Bu Qur´an) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad, 29);

“Onlar Qur´an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar” (ən-Nisa, 82);

“Onlar Qur´an barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? (Yoxsa ürəklərinin öz kilidləri vardır?)” (Muhəmməd, 24)[10].

  1. Varlıq aləmi (kainat, insan, təbiət)[11]. Ayələrdə diqqət ona cəlb edilir ki, varlıq aləmi barədə fikir yürütmək, müəyyən nəticələrə gəlmək rasional əsaslar üzərinə qaldırılmış etiqad institutunu formalaşdıracaqdır.

          “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran, 191);

“Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağını) inkar edir” (ər-Rum, 8);

“Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə (baxmırlar ki) necə ucaldılmışdır? Dağlara (baxmırlar ki) necə dikəldilmişdir? Və yerə (baxmırlar ki) necə döşədilmişdir?” (əl-Ğaşiyə, 17-20)[12].

  1. İbadətlər. Müqəddəs mətnlərdə insanlar müəyyən dini ayinlər, ibadət növləri haqqında düşünməyə təşviq edilir. Fikrimizcə, bu, imanda yəqinliyi, etiqadda qənaətbəxşliyi formalaşdırmaq, beləliklə, ibadət institutunun şüurlu hərəkətlər məcmusu halına gətirmək məqsədi daşıyır.

“Bilsəydiniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” (əl-Bəqərə, 184).

  1. Keçmiş xalqların başına gələn müsibətlər. Quranda tarixi presedentlər təqdim olunur və insanlara bu hadisələr barədə düşünmək əmr edilir. Bu, müqayisə, təhlil, mühakimə elementlərindən ibarət kompleks təfəkkür və sillogistik yanaşma formalaşdırmaq baxımından çox mühümdür.

“(Ya Rəsulum!) De: “Yer üzünü dolaşın və sonra görün ki, (peyğəmbərlərə) yalançı deyənlərin aqibəti necə oldu?”” (əl-Ənam, 11);

“Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə (məkkəlilərə) vermədiyimiz imkanlar (qüvvət və sərvət) vermişdik. Göydən onlara bol yağış göndərmiş, (evlərin, saraylarının və bağçalarının) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil (ümmətlər) yaratdıq” (əl-Ənam, 6)[13].

  1. Dünya və fani nemətləri.

“(Ya Rəsulum! Səndən yoxsulları öz məclisindən qovmağı tələb edən təkəbbür sahiblərinə) bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp (həşəm) olar. Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdır!” (əl-Kəhf, 45).

  • 2. Ağıl islam şəriətində dini öhdəliklərin vacibliyinin başlıca şərti kimi çıxış edir. Fiqh ədəbiyyatına nəzər saldıqda görürük ki, bu və ya digər ibadət növünün bir insana vacibliyi şərtlərindən (yaş, maddi imkan, azadlıq və səfərdə olmamaq və s.) biri olaraq “ağıl” göstərilmişdir. Dinin vacib buyruq və qadağaları ağlı başında olanlara şamil edilir. Müsəlman ilahiyyatçısı İzzəddin ibn Əbdüssəlam yazırdı: “Müsəlmanlar bütünlükdə həmrəydirlər ki, ağıl mükəlləfiyyətin başlıca şərtidir”[14].

“Ağıl vasitəsi ilə vəhyin mətnini, ondakı müxtəlif dini hökmləri başa düşürük. Ağıl bu mətnin necə tətbiq edilməsində məsuliyyət daşıyır. Çünki məhz ağlımızla həmin mətnə, onu tətbiq etmək istədiyimiz mühit və gerçəkliyə qiymət veririk. Əgər insan düşünmə qabiliyyətini itirərsə, dini öhdəliklər ona şamil edilmir”[15].

İbadətləri öhdəlikdə ağıl ona görə şərtdir ki, məhz onunla xeyir və şər bir-birindən fərqləndirilir, Allah və məxluqat dərk edilir[16].

  • 3. İslam nöqteyi-nəzərinə görə, Allah insanları əbəs yerə yaratmamış, səbəbsiz hökmlər təsis etməmişdir. İstər ilahi xəlqetmənin (kreasionizm), istərsə də şəriətqoymanın bir məqsədi vardır. Məsələn, Orta əsr müsəlman ilahiyyatçısı İbn əl-Qəyyim bildirirdi ki, şəriət “…dünyada və axirətdə bəndənin mənafeyini təmin edən, müdrikliyə əsaslanan sahədir. O, bütünlüklə ədaləti, lütfü (rəhməti), hikməti (müdrikliyi), mənafeni (insanların mənafeyini) ifadə edir. Ədaləti zülmə, mərhəməti qəddarlığa, xeyri zərərə, müdrikliyi kortəbiiliyə çevirən şey… şəriətdən deyildir”[17].

Deməli, islam şəriətinin, həm də istənilən səmavi hökmün arxa planında  müəyyən məqsəd dayanır və bu məsələdə müsəlman alimləri həmrəydir[18].

Bu səbəbdən müsəlman üsulşünasları bildirmişlər ki, dinin əmr və qadağalarını, hökmləri düzgün başa düşmək, ayə hədislərə şüurlu münasibət bəsləmək lazımdır[19].

Üsulşünaslıq elmində “Hökmlərdəki gizli prinsiplərin nəzərə alınması” qaydası mövcuddur. Bəzi hökmlərdə həmin hökmlərin təsis edilməsinin məqsədi açıq-aydın göstərilsə də, bunu bir çox dini qadağa və ehkamlar üçün söyləmək mümkün deyildir. Odur ki əqli yanaşmanın müxtəlif üsullarından istifadə etməklə bu və ya digər hökmün nə üçün təsis edildiyini müəyyənləşdirmək mümkündür. Əks halda, müqəddəs mətnlərə münasibətdə təqlid və donuqluq hökm sürəcəkdir[20].

Mühüm olaraq qeyd edilməlidir ki, müsəlman hüquqşünas və üsulşünasları dinin sosial münasibətlər və ibadət institutlarını bir-birindən fərqləndirmiş, “ehkamlardakı məqsəd və hikmət”in müəyyənləşdirilməsində ümumi qayda qoymuşlar. Orta əsrlərin məşhur üsulşünası İbrahim Şatibi bu iki məsələyə münasibətdə zəkanın nüfuz dairəsi haqda yazırdı:  

“İbadətlərə münasibətdə qayda budur ki, mahiyyətə diqqət yetirmədən tapınmaq lazımdır. Həmçinin icazəsiz bu işə girişmək (çox güman ki, Şatibi burada ayə və hədislərə əsaslanmadan yeni növ ibadətlər təsis etməkdən danışır – E.M.) yolverilməzdir. Çünki ibadətləri “icad”da ağıl kara gəlmir.

“Adətlər”ə (sosial münasibətlərə) gəlincə, onlara münasibətdə başlıca qayda mahiyyətə (məqsədə, mənaya) fikir verməkdir…”[21].

Zəka, təfəkkür həm də ona görə mühümdür ki, bəzi dini mətnlər bir-biri ilə zahirən ziddiyyət əmələ gətirir. Bu problemi həll etmək üçün ayələrin nazil olma səbəbinə, aidiyyəti mühit və subyektlərə, əlaqədar hədislərə bələd olmaq tələb olunur. Deməli, dini mətnləri (hökmləri, qadağa və əmrləri…) düzgün başa düşmək üçün idrak proseslərinə (müqayisə, sintez, analiz, induktiv və deduktiv təhlil, mühakimə) ehtiyac yaranır ki, belə funksionallığı da ağıl daşıyır.

Elvüsal Məmmədov

/AzeriMuslims/

[1] Qurani-Kərimin müraciət obyekti insandır. İnsan şüurlu canlı olduğu üçün müqəddəs mətnlər varlıq aləmini dərkdə məsuliyyəti zəkaya yükləyir, düşünməyən şəxsləri qınayır, bilənlərlə bilməyənləri fərqləndirir. 

[2] Quran terminologiyasında “düşünmə”, “zəka”, “ağıl” mənasında “قلب” (qalb), “لب” (lubb), “نهى” (nuhən), “تفكر” (təfəkkur), “فقه (تفقه)” (fəqəh, təfəqquh), “تدبر” (tədəbbur), “اعتبار” (i`tibar), “حكمة” (hikmət), “حجر” (“hicr”), “فؤاد” (“fuəd”), “بصر” (“bəsar”), “صدر” (“sadr”), “حلم” (“hilm”), “رشيد” (“raşid”), “تعقل” (“təaqqul”), “تذكر” (“təzəkkur”), “فرقان” (“furqan”), “نظر” (“nəzar”) sözləri işlədilir.

[3] Quranda bu söz və ondan törəmiş söz-formalar 49 dəfə işlənmişdir. Ətraflı məlumat üçün bax: Ramazan Altıntaş. İslam düşüncesinde işlevsel akıl. İstanbul: “Pinar yayınları”, 2003, səh. 37;حسن حنفي. مكانة العقل في الاسلام /جريدة الاتحاد، 30 يناير عام 2010.

[4] Məsələn, Misirli mütəfəkkir Yusif əl-Qərdavi yazır: “İfrat təqlidin doğurduğu iman qeyri-məqbuldur, çünki əqli dəlilə, açıq-aydın arqumentə əsaslanmamışdır.” Bax: يوسف القرضاوي. فضل العقل في الاسلام (http://www.qaradawi.net/new/library2/284-2014-01-26-18-53-16/3460-)

[5] وظيفة العقل في الاسلام / موسوعة الفرق المنتسبة للاسلام: http://www.dorar.net/enc/firq/851  

[6] محمد الغزالي. كيف نتعامل مع القران الكريم؟ القاهرة: نهضة مصر، 2005، ص 42.

[7] Ф.Роузентал. Торжество знания. Концепция знания в средневековом исламе. М., “Наука”: 1978, səh. 9.

[8] İnsan zəkasına xitab edilən bu ayələrin Quranda mövcudluğu həm də ona xidmət edir ki, Allahın varlığı və atributları haqqında əqli mühakimə yolu ilə iman konsepsiyasının əsas elementi hesab olunan “üluhiyyət” institutu formalaşdırılsın, etiqadla əlaqəli digər təsəvvürlərin redaktəsi aparılsın. Ətraflı məlumat üçün bax: الشيخ محمد احمد حسين. مكانة العقل في القران و السنة/ ابحاث و وقائع المؤتمر العام الثاني و العشرين، ص 7.

[9] Funksional zəkadan bəhs edən bu ayələrdə müxtəlif əqli əməliyyatlarla bir sıra əşya və hadisələr haqqında düşünmək, təbii müşahidə aparmaq, bununla da, təcrübə yolu ilə həqiqəti dərkə təşviq olunur. Çünki insan bütün ontoloji kateqoriyaları qavramaq və öyrənmək bacarığına sahibdir.

[10] XX əsrdə Qurana formal münasibət, bu kitab haqqında ciddi elmi araşdırmaların olmamağı bir sıra müsəlman mütəfəkkirlərini narahat etmişdi. Bu baxımdan, misirli mütəfəkkir Məhəmməd Qəzalinin mülahizələri maraq kəsb edir: “Müsəlmanların Qurana münasibəti ciddi araşdırma tələb edir. Çünki onlar ilk əsrlərdən sonra əsas diqqətlərini Quranın oxunuşu qaydalarına, hərflərin dəqiq tələffüzünə, nəğməli və uzun tələffüz edilən hərflərə, bir sözlə, onun formasına yönəltdilər. Müsəlmanlar Quranın dəqiq oxunuşuna Peyğəmbərin zamanında necə idisə elə də riayət etdilər. Onun formasını bütün dəqiqliyi ilə qoruyub saxladılar. Əslində, onlar digər millətlərdə müşahidə olunmayan şeyi etmişdilər… Adi insanın eşitdiyi və ya söylədiyi “oxudum” sözü o deməkdir ki, həmin insan ona gələn məktubu və ya əlinə düşən kitabı oxuyub başa düşüb. Bu mənada “oxudum” “başa düşdüm” deməkdir… Məna baxımından fəhm və oxu, dinləmə və qavrama arasında dərin fərq yoxdur.

Müsəlmanlar, heç bilmirəm, hansı səbəbdən oxumaq və düşünmək arasında fərq qoyublar. Günümüzün müsəlmanları Quranı, bir deyim var, təbərrük üçün oxuyurlar. Nə mənasını anlayır, nə də məğzini qavrayırlar. Belə münasibətin səbəbini öyrənməyə çalışıram. Görürəm ki, dinin özü bu cür formal yanaşmanı rədd edir. Çünki Quranın göndərilmə səbəbi haqda Allah Təala buyurur:

“(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad, 29).

Yəni, Quran göndərilib ki, düşünək, başımızı işlədək, nəticə çıxaraq, dərk edək! …Haradadır düşünüb ibrət almaq?! Mənaya nüfuz etməyən, məqsədi anlamayan səthi qiraətlə bu mümkündürmü? Təbii ki, yox! Düşünmək, ibrət çıxarmaq ona görə lazımdır ki, bu ümmətə nələrin lazım olduğunu dərk edək, bəşəriyyətə yenidən böyüklük edib xeyrə yol açsın deyə itirilmiş əvvəlki mövqeyini ona qaytaraq…”. Bax: محمد الغزالي. كيف نتعامل مع القران الكريم؟ القاهرة: نهضة مصر، 2005، ص 25-26..

[11] Quranın mövzu ilə əlaqəli mətninin təhlili göstərir ki, bu varlıq kateqoriyaları və fiziki təzahürlərə göy (səma), göyün yaradılması, səma cisimləri (Ay, ulduzlar, bürclər, Günəş və s.), hərəkəti, insanın mənafeyi üçün xəlq edilməsi, Yer, hərəkət etməsi, kürə şəklində olması, Yerin quru və su hissələri, flora və fauna, Yerin insan oğlunun ixtiyarına verilməsi (islam terminologiyasında bu, “təsxir” adlandırılır), dağlar, dağların yaradılması, hərəkət etməsi, yağış, buludlar, torpaq, canlı və ölü torpaq, insan, insandakı sirlər, yaradılma mərhələləri, gəmilərin dənizlərdə üzməsi, gecə və gündüz və s. daxildir. Bir sözlə, Quranda makro və mikro-kosmos təfəkkürün obyekti kimi göstərilmişdir.

[12] “Quran insan kainat, keçmiş xalqlar və Allah haqda danışarkən on altı yerdə “ağıl sahibləri” sözündən istifadə etmişdir. Fikrimizcə, Quran-Kərim müəyyən problemlərə ayrı-ayrılıqda toxunan, bununla da universallıqdan uzaqlaşan adi bədii kitab deyildir. Əksinə, o, kainatdan danışdığı zaman həm də etiqaddan söz açır, insanları tərbiyə edir. Quran ayrı-ayrı məsələləri heyrətamiz şəkildə bir-biri ilə əlaqələndirir… Kainat, reallıq, keçmiş xalqlar barədə düşünmək bizi imana aparıb çıxarır, bizə Allahın təkliyini isbatlayır, tərbiyə verir. …İndi isə Mədinədə nazil olmuş bu ayəyə nəzər salaq:

“O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!” (əl-Bəqərə, 22).

Quranın üslubuna nəzər yetirin: ayədə həm kainatdan, ondakı təzahürlərdən danışılır, həm də Allaha şərik qoşmaq qadağan edilməklə tövhid əqidəsi təsis edilir.

Eyni üslub Məkkə ayələrində də gözlənilib:

“Sizin dincəlməyiniz üçün gecəni (qaranlıq) və (ruzi qazanmağınız, əlləşib vuruşmağınız üçün) gündüzü işıqlı yaradan Allahdır. Allah insanlara lütfkardır, lakin insanların çoxu (Onun lütfünə) şükür etməz!

Bu sizin Rəbbiniz, hər şeyin xaliqi olan Allahdır. Ondan başqa heç bir tanrı yoxudur! Siz necə (aldanılıb haqdan) döndərilirsiniz? (Ondan necə dönürsünüz?)” (əl-Mumin, 61-62)” Bax: محمد الغزالي. كيف نتعامل مع القران الكريم؟ القاهرة: نهضة مصر، 2005، ص 41-42.  

[13] Məsələn, Quranda Bədr döyüşündə məğlub olmuş qüreyşlilərə Fironun əhvalatı xatırladılır. Onların diqqətinə çatdırılır ki, “Mədəniyyətlərin əvəzlənməsi” sosial qanunauyğunluğuna görə əxlaqi tənəzzül yaşayan istənilən dövlət, sivilizasiya müəyyən dövrdə güclü olsa da, məhvə məhkumdur. Elə isə həmin dövrdə Ərəbistan yarımadasının ən güclü qəbiləsi sayılan Qüreyş də eyni aqibətlə qarşılaşacaqdır.

[14] العز بن عبدالسلام. ملحمة الاعتقاد. بيروت: دار البشائر الاسلامية، 1414 هـ، ص 22.

[15] الشيخ محمد احمد حسين. مكانة العقل في القران و السنة/ ابحاث و وقائع المؤتمر العام الثاني و العشرين، ص 27.

[16]  ابراهيم مصطفى ابراهيم. مفهوم العقل في الفكر الفلسفي. القاهرة: دار النهضة، 1993، ص 8.  

[17] شمس الدين بن القيم. اعلام الموقعين/ تحقيق: طه عبد الرؤوف سعد. بيروت: دار الجيل، 1973، المجلد الثالث، ص 3.

[18] ابراهيم القرناطي الشاطبي. الموافقات في اصول الشريعة / تحقيق: عبدالله دراز. بيروت: دار المعرفة، بدون تاريخ الاصدار، المجلد الثالث، ص 5.

[19] Orta əsrlərdə bu mövzuda bir sıra əsərlər yazılmışdır. Hədis alimi Tirmizinin (vəfatı – 908) “əs-Səlat və məqasiduhə” (Namaz və ondakı məqsədlər), “əl-Həcc və əsraruhu” (Həcc və sirləri), Əbu Zeyd əl-Bəlxinin (vəfatı – 933) “əl-İbanə ən iləl əd-diyanə”  (Dinin səbəblərinə dair şərh), “Məsaleh əl-əbdan vən-nüfus” (Bədən və canın mənafeyi), əl-Qəffal əl-Kəbir əş-Şaşinin (vəfatı – 975) “Məhasin əş-şəriət” (Şəriətin gözəllikləri), İbn Babəveyh əl-Quminin (vəfatı – 991) “İləl əş-şəriət” (Şəriətdə səbəblər), əl-Amiri əl-Fəyləsufun (vəfatı – 991) “əl-E`lam fi məqasid əl-islam” (İslamdakı məqsədlərə dair bildiriş) kitabları buna misaldır.

[20] Məsələn, yuxarıdakı qaydanı nəzərə alan müasir müsəlman ilahiyyatçısı Yusif əl-Qərdavi əksər alimlərin – “cümhur”un zəkatı çıxılacaq malların sayına dair görüşü ilə razılaşmamışdır. O, zəkat mövzusunu təfsilatı ilə araşdırmış, əlaqədar fikirlərini “Zəkatın fəlsəfəsi” adlı qiymətli kitabında toplamışdır. Qərdavi yazır: “Artan, çoxalan (dəyəri artan) hər bir mala zəkat düşür… Zəkat ona görə vacib qılınıb ki, yoxsulların, miskinlər və borca batmışların, yolçuların ehtiyacları ödənsin, müsəlmanların Allah yolunda cihad, qəlblərin islama isinişdirilməsi kimi ümumi mənafeləri təmin edilsin… Ola bilməz ki, Şəriətin Sahibi (Allah və Peyğəmbər) zəkat yükünü yalnız beş dəvəsi və ya qırx qoyunu, ya da beş visq arpası olanlara yükləsin, böyük zavodlara, hündür binalara sahib iri mülkədarları (kapitalistləri), beş dəvəsi və ya beş visq arpası olanların bir ilə qazandığını bir günə qazanan həkimləri, vəkilləri, iri məmurları, sərbəst peşə sahiblərini bundan azad etsin?!” (bax: يوسف القرضاوي. فقه الزكاة // رسالة الدكتوراه، القاهرة: اصدارات الازهر، 1985، المجلد الاول، ص 146-148.

[21] ابراهيم القرناطي الشاطبي. الموافقات في اصول الشريعة / تحقيق: عبدالله دراز. بيروت: دار المعرفة، بدون تاريخ الاصدار، المجلد الثاني، ص 6.

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.