A.Qusarov

Lakin bu qadağanların qoyulmasında məqsəd aydındır: insanlar bir-birini daha az qıcıqlandırsınlar, müsəlmanlar xristianları daha az qıcıqlandırsınlar, müsəlmanları da boynunda xaç olan insanlar – xristianlar. Bəlkə rasional toxum elə burdadır?

A.Zubov

Mənə elə gəlir ki, tamamilə başqa tərəfdən baxmaq lazımdır.

A.Qusarov

Hansı tərəfdən?

A.Zubov

Baxın, mən öz ənənələrimə riayət edirəm. Amma bir başqa insan da öz ənənəsinə riayət etdikdə mən çox sevinirəm. Mən özüm pravoslav xristianam, bunu çox insan bilir, mənim tələbələrimin, dostlarımın arasında çoxlu sayda müsəlmanlar, yəhudilər var. Onların hər birisi öz xarici görünüşünü özü istədiyi şəklə salır və bu mənə xoş gəlir. Eyni zamanda, insan öz inancında möhkəmlənmək istəyəndə, öz həyat prinsiplərini tapmaq istəyəndə – bu da məni çox sevindirir. Bir də ki, onsuz da insan böyüyüb yaşa dolduqca, təcrübə qazandıqca anlayır ki, xarici görünüş az əhəmiyyət daşıyır. Lakin gənc yaşlarımızda biz daha gözəl, daha cəlbedici geyinməyə, hansısa üsluba uymağa çalışırıq, eləcə də dini sferada. Məncə dini üsluba uymaq dodaqlara sırğa vurmaq və sair bu kimi şeylərdən yaxşıdır. Doğrusu, belə şeyləri heç sevmirəm, amma buna da dözümlü yanaşıram. Müsəlman qız başörtüsündə gəldikdə isə – bu ki, çox-çox gözəldir, çox estetikdir. Başqa şərhlər barədə hələ danışmıram.

A.Qusarov

Bu mövzunu davam etdirək. ABŞ-da çox maraqlı bir hadisə baş vermişdi. Virciniya ştatında hal-hazırda bir çox məktəb bağlanmışdır. Xəttatlıq müəlliməsi uşaqlara evdə müəyyən bir ərəbcə yazının şəklini çəkmək tapşırığı verir. Sonra məlum olur ki, bu, şəhadət sözləri imiş. Orada ərəbcə “Allahdan başqa tanrı yoxdur”  yazılıbmış. Və uşaqların valideynləri çox qəzəblənmiş və demişdilər ki, bu, islama tərəf yönəltmədir, nəticədə məktəbi bir günlük bağlamışdılar. Siz necə fikirləşirsiniz, bu, ayrıca bir anlaşılmazlıqdır, yoxsa sistemli problemdir və belə insidentlər getdikcə çoxalacaq?    

A.Zubov

 Düşünürəm ki, buna çox sakit yanaşmaq lazımdır. Birincisi, uşaqların yazdıqları müsəlman şəhadətinin birinci hissəsidir. Tam şəkildə şəhadət belədir: “Allahdan başqa ilah yoxdur, Muhəmməd onun peyğəmbəridir”. Şiələr bura Əli Vəliyullah sözlərini də əlavə edirlər. Bu, Əli Allahın dostudur anlamına gəlir. Bu, şəhadətdir. Baxın, əgər Məhəmməd və Əli barəsində burada heç nə deyilməsə, inanan insanların əksəriyyəti bununla razılaşarlar ki, Tanrıdan başqa Tanrı yoxdur. Burada heç bir təhqiredici söz yoxdur, sadəcə, ərəbcə deyilmişdir.

Lakin bütünlükdə deyildikdə…. Baxın, mən indicə şəhadət kəlməsini dedim, bu sizi islama döndərdimi? Dinləyicilərimiz elə eşidən kimi məscidə axın etdilərmi? Əlbəttə ki, yox. Axı logistik tələffüz və kalliqrafik yazı eyni şeydir. Odur ki, düşünürəm, müəllimin uşaqlara verdiyi bu tapşırığa etiqad kimi deyil, sadəcə, bir çalışma kimi yanaşmaq olar. Axı etiqadda nə dediyin önəmli deyil, onu necə dediyin önəmlidir.   

Məsələn, xaç mərasiminin mahiyyəti, sirləri barədə danışanda, deyək ki, xaç formulunu tələffüz edirəm. Bu o demək deyil ki, elə o andaca zalda olan hər kəsi xaçlamış oldum. Mən bu barədə heç düşünmürəm də.

Odur ki, bütün bunlar bizim mədəni səviyyəmizin aşağı olmasının təzahürüdür ki, qəlbin iradəsi olmadan tələffüz edilən sözlərin hansısa məna kəsb edəcəyinə inanırıq. Yalnız qəlbin iradə hökmünün əhəmiyyəti vardır. Yerdə qalan hər şey, sadəcə, zahiri aksesuardır.

O.Juravlyova

Lakin, bununla belə, tez-tez gündəmə belə bir tezis gəlir və arxa plana çəkilir: islam xüsusi bir dindir, o, islama aid olmayan bir çox insanda fanatizm mənbəyi kimi qorxu, dəhşət doğurur.        

A.Zubov

Bilirsinizmi, mən, əlbəttə ki, bir din tarixçisi kimi, islamı öyrənir, islam haqqında mühazirələr oxuyuram. Həm də xristian dinləyicilər üçün kilsələrdə (məni bəzən dəvət edirlər). Özü-özlüyündə islamda heç bir qorxu yoxdur. Bundan əlavə, mən deyərdim ki, islam böyük maraq doğurur, çünki o, xristianlıqdan sonra gəlmişdir, onda müəyyən mənada xristianlığın təcrübəsi vardır. İslamda qorxulu heç nə yoxdur. Bir çox avropalını qorxudan başqa şeydir: müsəlmanların əksəriyyəti inanan insanlardır, onlar həqiqətən də Allaha inanırlar. Hicabın və s. qadağan olunması da burdan irəli gəlir. Onlar Allaha ənənəyə görə inanmırlar. Nənələrinin, babalarının bir zamanlar inandıqları üçün yolka qoymağa, söz verdikləri üçün ildə bir dəfə kilsədə yığışmağa davam etmirlər. Onlar doğrudan da inanırlar, onların içində iman yanğısı var. Bunlar inanan xalqlardır. Avropada, belə deyək, polyaklar daha çox inanırlar, fransızlar daha az.

İnsanları qorxudan dinin özü və dindarlığın növü deyil, dindarlığın səviyyəsidir. Baxın, avropalıları qorxudan budur. Sizin doğru qeyd etdiyiniz kimi, onlar fanatikdir. Lakin, başa düşürsünüz, sovetlər zamanında bizim hamımızı fanatik adlandırırdılar. Allaha inandığını söyləmək kifayət edirdi ki, səni fanatik adlandırsınlar. Nə üçün fanatik? Bilmirəm.

O.Juravlyova

Lakin təəssüf ki, biz reallığı görürük və görürük ki, sənin milliyyətcə və ənənəyə görə necə insan olduğun önəmli deyil. Məhz islamın bu fanatik təzahürlərində inanılmaz dərəcədə diqqət çəkən nə isə vardır. 

A.Zubov

Var… Siz onu nəzərdə tutursunuz?     

Bəli. Rusiya ərazisində qadağan olunmuş bu təşkilatı islam dövləti adlandırmayaq.

A.Zubov

Aydındır. Təbii ki, onların özlərini belə adlandırmalarına baxmayaraq… Mən proqramdan öncə bu studiyada demişdim ki, həqiqətən də hazırda insana ifrat nifrət radikalizm müsəlmanların dinini öz insana nifrət siyasətinin həyata keçirilməsi üçün alətə çevirmişdir. Burada müsəlmanların hamısı onların arxasınca getməsə belə, yenə də gedənlər oldu. Bu radikal islam, bu terrorizm, bu Suriya və Şam xilafəti də burdan qaynaqlanır. 20-ci əsrdə hər şey tamam başqa cür idi. Baxın, sosializm də eynən bu yolla qorxulu, radikal hərəkata çevrildi…

O.Juravlyova

Eynilə o da müxtəlif ölkələrdən olan ziyalılar üçün cəzbedici idi.

A.Zubov

Tamamilə doğrudur. Və yalnız ziyalılar üçün deyil.

O.Juravlyova

Fokus nədən ibarətdir?

A.Zubov

İndi izah edərəm. Başa düşdüyünüz kimi, söhbət sovet kommunizmindən və Kommunist İnternasionalından gedir. Sadə fəhlələrin bir çoxunu bu ideya cəlb etmişdi. Fəhlələr sosial piramidanın altındadırlar. Burada isə onlar lap üstə qalxırlar. Hətta nisbətən varlı olan Amerikadan, Almaniyadan, İngiltərədən sovet Rusiyasına gəlirdilər. Təəssüflər olsun ki, burada boyunları tez bükülürdü, görürdülər ki, burada heç də hər şey o qədər də yaxşı deyil.

Yeri gəlmişkən, eyni şey İŞİD-də də baş verir. Almaniyada da elə olmuşdu. Axı nasist Almaniyasına 12 il ərzində özlərini təmiz ari irqindən hesab edən kifayət qədər çox insan gəlmişdi. Hətta İngiltərənin özündən, Çemderlen. Əlbəttə ki, Böyük Britaniyanın baş naziri deyil, onun uzaq qohumu…

A.Zubov: Avropalıları qorxudan odur ki, müsəlmanların əksəriyyəti ənənələrə deyil, həqiqətən də Allaha inanırlar.

  O.Juravlyova

Keçmiş kralın da, yeri gəlmişkən, Hitlerə simpatiyası var idi.

A.Zubov

Bəli, bəli. Belə şeylər həmişə özünü onunla necə isə bağlaya bilənlər üçün cəzbedici olmuşdur. Aydındır ki, nasizm yəhudiləri cəlb etmirdi, sosializm cəlb etmirdi. Baxmayaraq ki, az da olsun varlıları da o cəlb edirdi. Və inanmıram ki, İSİS, yaxud İŞİD dərindən inanan xristianları və ya buddistləri özünə cəlb etsin.       

İşin mahiyyətinə gəlincə, totalitar quruluşlar niyə həmişə cəlbedici olur? Çünki insan həmişə azadlığa hörmət dünyası ilə kobud qüvvəyə hörmət dünyası arasındakı yolayrıcındadır. Azadlığı əzən bu kobud qüvvə müxtəlif qiyafələrdə ola bilir. O, sosializm olmadan da, özünü sosializm kimi qələmə verə bilir. Vətənpərvərlik olmadan vətənpərvərlik kimi qələmə verir. O, islam olmadan özünü islam kimi qələmə verir. Xristianıq olmadan özünü xristianlıq kimi qələmə verir. Mən hətta qorxuram ki, pravoslav kilsəsi haqqında danışan bizim bəzi insanlarımız pravoslav olmadıqları halda özlərini pravoslav kimi qələmə verirlər – belə də olur. Və ümumiyyətlə, elə şeylər danışırlar ki, heç bir ağlı başındakı pravoslav insan bunları qəbul edə bilməz. Şükürlər olsun ki, onların radikal islamın hərəkət etdiyi kimi hərəkət etmək imkanları yoxdur.

Demək istəyirəm ki, bu qüvvə daima insanla mübarizə aparır. Bu qüvvə üçün insan həmişə düşməndir. Baxın, nəhayətdə bütün bu rejimlər, istər nasistlər, kommunistlər, istər indiki radikal müsəlmanıq olsun – onlar çoxlu miqdarda insanı öldürürlər, özü də motivsiz insan öldürmə. Xalqların mədəniyyətlərinin, mədəni abidələrin dağıdılması. Deyirlər: “İŞİD-çilər Palmiranı partlatdılar!” Kommunistlər minlərlə dəfə Palmiradan çox yer partlatmışdılar. Rusiyanın ərazisində və əllərinin yetdiyi digər yerlərdə onlar nə qədər şey partlatmış və məhv etmişlər? Hələ nasistlər nə qədər məhv etmişlər?   

Bu həmişə baş vermişdir. Hətta, müəyyən mənada indi baş verənlər 20-ci əsrdə baş verənlərdən daha qorxuludur. Nə üçün? Çünki kommunizmin və ya nasizmin insanlığa qarşı at oynatdığı dövrdə onların əleyhinə çox vacib bir sənəd var idi: “sizin nəzəriyyəniz ən əsas olan şeyi – insana onun fərd olaraq əbədiliyinə, ölümsüzlüyünə olan ümidi vermir”. Bu səbəbdən insanların çoxu onlardan üz döndərirdilər. Müsəlman radikalizmi olan İŞİD isə bu əbədilik perspektivini verir, lakin digər insanların öldürülməsi bahasına. Bu isə çox qorxuludur.

O.Juravlyova

Andrey Borisoviç, mümkündürsə, müxtəlif ölkələrdən olan müsəlmanlar üçün, deyilənlərə görə, əsas tələ yemi olan xilafət ideyasını bir az izah edin.

A.Zubov

Bu barədə “Exo” radiostansiyasında dəfələrlə danışılıb və dinləyicilərimiz də xilafətin nə olduğunu bilirlər. “Xəlifə” sözü – Allah elçisinin xəlifəsi – canişini mənasına gəlir. Allahın elçisi Məhəmməddir. Müsəlmanların nöqteyi-nəzərindən o təkdir, ikincisi ola bilməz. Və xəlifə, yəni icmanın, ümmətin  hökmdarı Məhəmmədin canişini kimi qəbul olunur. Allahın canişini deyil, Məhəmmədin canişini. Özünü “Allahın canişini” adlandıran xəlifələr həmişə islamda yolundan azmış hesab olunublar.

Yəni ümmətin, ən azından sünni icmanın ənənələrinə görə (İŞİD sünni icmaya mənsubdur) xəlifə xalq tərəfindən seçilir. Bu mənada demokratik mahiyyət qorunur, əslində isə heç zaman xalq tərəfindən seçilməmişdir, həmişə bu və ya başqa formada uzurpasiya olmuşdur.

Bəs nədən bu, insanları özünə cəlb edir? Çünki elə düşünürlər ki, kimsə özünü xəlifə adlandırmışsa, deməli bu, həqiqətən də möminlərin əmiridir. Bax bu tamamilə boş şeydir. Orta əsrlərdə eyni zamanda  bir-neçə xilafət mövcud olmuşdur. Və bu zaman xəlifələrin hər biri özünə yaxın olan şeyləri qəbul edirdi və rahatca hökmranlığını sürdürürdü. 

A.Zubov: Bizdə yad olan hər kəsə, hətta öz keçmiş həmvətənlərimizə belə həqir münasibət vardır.

O.Juravlyova

Ümumi sözlə desək, insanlar cənnəti yerdə axtarırlar, amma hələ ki, tapmayıblar.

A.Zubov

Bəli, hələ ki, tapmayıblar. Daha ciddi-cəhdlə axtarmalıdırlar, lakin başqasının həyatı bahasına deyil.

O.Juravlyova

Tarixçi Andrey Zubov. Təşəkkür edirik!

/islamnews.ru/

Tərcümə etdi: Zülfiyyə Əmrahlı

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.