Kim - kimdir? — 30 July 2014

HƏMAS hərəkatının qurucusu, dəvətçi-alim, Osmanlı hərbçisi İzzəddin ibn Əbdülqadir əl-Qəssam 1882-ci ildə Suriyanın Latakiya şəhərinin Cəbalə qəsəbəsində anadan olub. Dindar ziyalı ailəsində böyüyən İzzəddin ilk təhsilini müəllim olan atasından alıb. 14 yaşında ikən Misirin Əzhər Universitetinə qəbul olan əl-Qəssam bir müddət sonra “Müsəlman Qardaşlar” hərəkatının sıralarına qoşulur. Universitetdəki təhsilini başa vurduqdan sonra doğulduğu kəndə qayıdaraq, kənd məscidində imam kimi fəaliyyətə başlayan İzzəddin əl-Qəssam oxuduğu moizələrdə İslama uyğun dirçəlişin yalnız Peyğəmbərin dövründəki İslama qayıtmaqla mümkün olacağını, imperializmin ən böyük düşmən olduğunu bildirir. 1906-cı ildə buradakı təhsilini tamamladıqdan sonra müxtəlif vilayətlərdə İslama dəvət və təhsil fəaliyyəti ilə məşğul olub. Əl-Qəssam 1090-cu ildə dövrün məşhur alimlərindən İzzəddin Tənnuhinin dərslərində iştirak edir. Cəbalə qəsəbəsində qısa müddət məscid imamlığı etdikdən sonra Türkiyəyə yollanan əl-Qəssam bir il müddətinə qaldığı Anadoluda irşad fəaliyyəti ilə məşğul olur. Daha sonra yenidən Cəbaləyə qayıdan gənc alim orda Quran, təfsir, fiqh kimi islam elmlərini tədris edir. Pedaqoji fəaliyyəti ilə yanaşı, gənclərin mənəvi inkişafına da diqqət yetirən alim davranışı, əxlaqı və apardığı dəvət işində səmimiyyəti ilə qısa müddət ərzində bütün Suriya ərazisində tanınır. 1911-ci ildə Şeyx əl-Qəssam Suriyada İslama dəvət fəaliyyəti ilə məşğul olduğu vaxt italyanlar Liviyanın Tripoli şəhərini işğala cəhd edir. Ömər Muxtar və ətrafındakı mücahidlərə yardım üçün Suriyada külli məbləğdə vəsait toplayan əl-Qəssam dəniz yolu ilə İskəndərun limanına gəlsə də, ovaxtkı Suriya rəhbərliyi Liviyaya yollanan mücahidlərin geri çağrılması barədə qərar çıxararaq, əl-Qəssam və tərəfdarlarının cihadda iştirakına mane olur. I Dünya müharibəsi illərində Osmanlı ordusunun sıralarına daxil olan əl-Qəssam müharibədən sonra Dəməşqin fransız işğalından xilas olması üçün xalqı təşkilatlandırmağa başlayır. Bu cür fəaliyyətinə görə qiyabi olaraq, barəsində ölüm hökmü çıxarılan Qəssam 1922-ci ildə Suriyanı tərk etmək məcburiyyətində qalaraq, sözügedən dövrdə Fələstin torpağı olan Hayfa şəhəri yaxınlığındakı kəndlərdən birində məskunlaşır. Fələstin torpaqlarının yəhudi miqrantları tərəfindən satın alınmasına və işğalına kəskin şəkildə qarşı çıxan əl-Qəssam Hayfa şəhərindəki mədrəsələrdən birində pedaqoq kimi fəaliyyətə başlayaraq, Gənc Müsəlmanlar Birliyinə qoşulur. İzzəddin əl-Qəssam burada təsadüfən Fələstin milli mübarizəsini lideri olan “əl-Fəth” hərəkatının ideya müəllifi sayılan Hacı Əmin əl-Hüseyni ilə tanış olsa da əl-Hüseyninin millətçi fikirlərini mənimsəmir. Şeyx əl-Qəssam fransız işğalına qarşı mübarizə aparmaq məqsədilə kiçik hərbi hücrələr yaradaraq, Livan-Fələstin sərhədində partizan müharibəsi başladır. 1931-ci il aprel ayının 5-də əl-Qəssam ətrafındakı tələbələri ilə Fələstində fransız və ingilis işğalına qarşı silahlı müqavimətinin başlandığını elan edir. Əl-Qəssamın silahlı mübarizəsi Fələstində yəhudi dövlətinin qurulmasını dəstəkləyən İngiltərəni narahat etdiyindən dolayı 1935-ci ildə alimin Cənin şəhərinin Yabəd dağında silah atışı təlimi keçdiyi vaxt 500 ingilis əsgəri tərəfindən mühasirəyə alınır. 14 tələbəsi ilə səhər namazından səhər saat 10.00-dək 500 nəfərlik ingilis batalyonuna qarşı silahlı müqavimət göstərən əl-Qəssam şəhid edilir. Qəssam ilə birlikdə şəhid edilənlər arasında Şeyx Yusif Abdullah və Şeyx Ömər Həsən Sədi də var idi. Cənazə namazında on minlərlə insanın iştirak etdiyi əl-Qəssam “Bacur” qəbiristanlığına dəfn edilir. Ölümündən sonra başlatdığı partizan müharibəsinin uğursuzluqla başa çatmasına rəğmən İzzəddin əl-Qəssam əfsanəyə çevrilir. HƏMAS-ın “İzzəddin əl-Qəssam” briqadası məhz alim və hərbçi olan Şeyx İzzəddin əl-Qəssamın adı ilə bağlıdır. Fələstin cihadının tanınmış simalarından və bu torpaqlarda islam kimliyinin qorunması uğrunda mübarizlərdən olan İzzəddin əl-Qəssam Fələstinin müstəqil və islam ölkəsi olması fikrini və bu istiqamətdəki mübarizəni silahlı müqavimətə çevirən ilk şəxsiyyətdir.

Hazırladı: Anar Rüstəmov

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.