İslami Manşet Məqalələr Xəbərlər — 30 January 2017

Dövrümüzdə bəzi bədxahlar hədyanla car çəkirlər ki: “Ay islam qeyri-müsəlmanlara, xüsusilə də Kitab əhlinə münasibətdə qəddarlıq göstərmiş dindir; Ay müsəlmanlar xristian və yəhudilərin demokratik haqlarını tapdalamışlar!” və sair və sair cəfəngiyat…

Halbuki, islam tarixinə və xüsusilə də peyğəmbərimizin siyasi dəst-xəttinə azacıq nəzər salmaq kifayətdir ki, belə cəfəng iddialar alt-üst olsun. Odur ki, biz bu istiqamətdə bəzilərini maarifləndirmək məqsədilə aşağıdakı məlumatı təqdim edirik:

“…İslam öz mənsublarını gözəl üslublu dialoq qurmağa, başqaları ilə mübahisə zamanı ədəb-ərkana riayət etməyə çağırır. Bu haqda Uca Allah buyurur:

“(Ya rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et” (ən-Nəhl, 125);

“Kitab əhlinin zülm edənləri (sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mübahisə edin!” (əl-Ənkəbut, 46).

Göründüyü kimi, Qurani-Kərim dialoq qurmaq üçün müsəlmanlara “gözəl” deyil, “ən gözəl” üslubu tövsiyə edir. İmam əl-Qüşeyri (Allah rəhmət etsin!) deyib: “Həmişə müqabilinə (demək istədiklərini) izah et, ona müraciətində qaba olma. Haqq olanın qəbulunda insaflı davran. Dəlil-sübut gətirməklə qələbəyə inan, şəxsi istəyinə tabe olub qərəzli mövqe tutma” (1).

…Məhz bu səbəbdəndir ki, İslam peyğəmbəri (Ona Allahın salamı və xeyir-duası olsun!) Mədinə şəhərində öz dövlətini təsis etdikdən sonra şəhərin yəhudi sakinləri ilə əməkdaşlığa can atmışdır. İslam dövlətinin birinci konstitusiyası hesab edilən “Mədinə sənədi”ndə deyilirdi:

“Yəhudilər müharibə zamanı möminlərin müttəfiqləridirlər. Bəni-Övf yəhudiləri müsəlmanlarla bir topluluq təşkil edirlər. Yəhudilərin öz dini, müsəlmanların da öz dini var. Bu, həm onların özlərinə, həm də vassallarına şamildir. Kim özünə zülm edib günaha yol versə, yalnız özünü və ailəsini məhv etmiş olacaqdır. Bəni-Nəccar, Bəni-Haris, Bəni-Saidə, Bəni-Cəşm, Bəni-Övs və Bəni-Sələbə yəhudiləri Bəni-Övf yəhudiləri kimidirlər. Kim özünə zülm edib günaha yol versə, yalnız özünü və ailəsini məhv etmiş olacaqdır. Şübhəsiz, yaxşılıq və vəfakarlıq (insanı) günahdan uzaqlaşdırar. Bəni-Sələbə yəhudilərinin vassalları onların özləri kimidirlər. Yəhudilərə pənah aparanlar onlar kimidirlər. Peyğəmbərin (Ona Allahın salamı və xeyir-duası olsun!) icazəsi olmadan (yəhudilərdən) heç kəs (müsəlmanlarla birlikdə hərbi yürüşə) çıxa bilməz. Yaralanma olarsa, intiqam almaq qadağan edilməyəcəkdir. Adam öldürən kəsin özü və ailəsi məsuliyyət altına girəcəkdir. Şübhəsiz, Allah buna əməl edənlərlədir. Yəhudilər və müsəlmanlar ayrı-ayrılıqda öz xərclərini ödəməlidirlər. Bu sənədi qəbul edənlərə qarşı müharibə olarsa, onlar (yəhudi və müsəlmanlar) bir-birlərinə kömək etməlidirlər. Onlar öz aralarında mehriban olacaq, bir-birləri ilə yaxşı davranacaqlar. Şübhəsiz, yaxşılıq və vəfakarlıq (insanı) günahdan uzaqlaşdırar. Heç kəs müttəfiqinə qarşı günaha yol verməməli, zülmə uğrayana isə yardım göstərilməlidir. Möminlər kimi, yəhudilər də müharibə zamanı öz döyüş xərclərini ödəməlidirlər. Bu sənədi qəbul edənlər Yəsrib daxilinə ehtiram göstərməlidirlər. Himayə altında olanlar himayədarlar kimidirlər; nə zülmə məruz qalar, nə də özləri günaha yol verərlər. Himayədarların izni olmadan heç kəsə himayədarlıq haqqı vermək olmaz. Əgər bu sənədi təsdiqləyənlər arasında hər hansı bir hadisə baş verib anlaşılmazlıq yaranarsa və bunun fitnə-fəsad təhlükəsi olarsa, bu hal Böyük və Qüdrətli Allaha və Məhəmmədə (Ona Allahın salamı və xeyir-duası olsun!) həvalə edilməlidir.

Heç şübhəsiz, Allah bu sənəddə olanlara riayət edənlərlədir! Qüreyşlilər və onlara kömək edənlər himayə altına alınmayacaqlar. Yəsribə qəfildən hücum olunarsa, onlar (yəhudi və müsəlmanlar) bir-birlərinə kömək etməlidirlər. Əgər onlar ((yəhudilər) müsəlmanlar tərəfindən) sülh bağlamağa çağırılarlarsa, buna dürüst şəkildə əməl edəcək və ya sülhün bağlanılmasında iştirakçı olacaqlar. Yox, əgər yəhudilər müsəlmanlara eyni şeyi təklif edərlərsə, möminlər qarşısında eyni hüquqlara sahib olacaqlar. Yalnız din müharibələri bundan istisnadır. Hər bir tərəf özünə aid yerlər üçün cavabdehdir. Bu sənədi qəbul edənlər üçün olan şərtlər Övs yəhudiləri və vassalları üçün də bu səhifəni qəbul edənlər tərəfindən tam mühafizəkarlıqla tətbiq edilir. Şübhəsiz, yaxşılıq və vəfakarlıq (insanı) günahdan uzaqlaşdırar. Yalnız özünü düşünən uduzacaqdır. Həqiqətən, Allah bu sənəddə olanları təsdiqləyir. Bu yazı zalım və günahkarların (cəzalandırılmasına) mane olmayacaqdır. Mədinəni tərk edən də, orada qalan da əmin-amanlıqdadır. Günahkar və zalımlar bundan istisnadır. Şübhəsiz, Allah və peyğəmbər Məhəmməd (Ona Allahın salamı və xeyir-duası olsun!) xeyirxahları və müttəqiləri himayə edəcəkdir”.

Bu müqavilə sənədi beş əsas məsələni özündə ehtiva edir:

  1. Yəhudilər İslam dövlətinin vətəndaşlarıdırlar, dini müstəqilliyə sahibdirlər və dövlət onları himayə və müdafiə edir;
  2. Təcavüzün dəf edilməsi üçün yəhudilər İslam dövlətinə kömək etməlidirlər;
  3. Yəhudilər İslam dövləti ilə xoş münasibət qurmalı, ona qarşı sui-qəsd qurmamalı və başqalarının dövlətə qarşı məkrli planlarından xəbərdar olduqları zaman bunu gizlətməməlidirlər;
  4. Yəhudilər icbari olaraq ölkədə yaşamalı, İslam dövlətinin icazəsi olmadan ölkəni tərk etməməlidirlər;
  5. İslam dövlətinin hökmranlığı; bu hökmranlıq müsəlmanlar və yəhudilər arasındakı ədavətin aradan qaldırılmasına əsaslanır.

Biz təfsilata varmadan “Mədinə sənədi”nin, məhz yəhudilərə aid hissələrini misal gətirdik ki, İslamın başqaları ilə əməkdaşlığa verdiyin əhəmiyyətin dərəcəsini anlayaq. Sonralar yəhudilərin cəzalandırılması məsələsinə gəlincə, bu, onların müsəlmanlarla bağladıqları əhdi pozmaları ucbatından baş vermişdi…”.

Qeydlər:

  1. İmam əl-Qüşeyri. Lətaif əl-İşarat. Cild III. səh. 100.
  2. Məhəmməd Rəvays. Peyğəmbərin həyatına dair yeni tədqiqat. səh. 146.
  3. əl-Mənsur Fövri. Allahın aləmlərə lütfü. Cild III. səh. 3.

Məqalə Məhəmməd Əbdülqəffar əş-Şərifin “İslam cəmiyyətində düşüncə plüralizmi və dialoq mədəniyyəti” kitabından tərcümə edilmişdir.

Məqaləni hazırlayan və tərcümə edən: Məmmədov Elvüsal

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.