İslami Manşet Məqalələr Xəbərlər — 17 February 2017

Məhəmməd Zahid əl-Kövsəri ömrünün bir hissəsini Osmanlı xilafətinin hakim olduğu, qalan hissəsini isə xilafətdən sonrakı dövrlərdə keçirmiş  və elmi xidmətləri ilə tanınmış bir İslam alimidir. Hənəfi məzhəbi əleyhinə  yazılanlara   qarşı tarixi bir hesablaşmaya girən Kövsəri, “dində islahatçılıq”, “yeniləşdirmə”, “məzhəbləri birləşdirmə” və “məzhəbsizlik” kimi təmayüllərinə qarşı çıxmışdır. 

Alim 1963-cü ildə Düzcədə anadan olub. Qafqazdan Bolunun Düzcə qəsəbəsinə köçən və orada məskunlaşan Çərkəz əsilli ailəyə mənsubdur.  Bir müddət doğulduğu yerdə bəzi müəllimlərdən dərs alır. 1906-cı ildə şəriət, ədəbiyyat və məntiq kimi fənlərdən dərs deyəcəyi ilə bağlı icazə alır. İstanbulda fərqli mədrəsələrdə müəllimlik etmişdir.

İstanbulda işlədiyi müddət ərzində İttihad və Tərəqqi Təşkilatı ilə problemləri olmuş, 1922-ci ilin sonlarına yaxın həbs ediləcəyi ilə bağlı əmr çıxarıldığını eşidər-eşitməz ailəsinə xəbər vermədən Misirə gedir.

Misirdə yaşadığı illər ərzində elmi fəaliyyətini davam etdirir. Bu müddət ərzində  dəfələrlə Şama getmiş, hər səfərində təxminən 1 ilə yaxın müxtəlif elmi fəaliyyətlərdə olur. Misir mətbuatında dərc olunan İslama qarşı və İslamla bağlı bir çox məqalələrə cavablar verir. Yaşadığı müddət ərzində əsərlərlə yanaşı Əhməd Xeyri, Alasonyalı Hacı Camal, Hüsaməddin əl-Qüdsi, Əbdülfəttah Əbu Ğüddə, Əli Aksoy və M.Əmin Saraç kimi tələbələr yetişdirir.

O, 1952-ci ildə Qahirədə dünyasını dəyişir.

Alim bir çox fiqhi məsələlərdə əsərlər qələmə almışdır. O, fiqh və dinin fərqli şeylər olduğunu dilə gətirənlərə qarşı sərt olduğu əsərlərində nəzərə çarpır. O, bu düşüncənin “Dində dərin düşüncə (fiqhə) sahib olmaq”dan  bəhs edən ayəyə tərs düşdüyünü deyir. Ona görə, fiqh dini dərindən başa düşməkdən başqa bir şey deyildir. Bir şeyi bilmək, bilinən həmin şeyə tərs ola bilməz.

Kövsəri  alimlərin  fiqhi məsələlərin dörddə-üçündə həmfikir, yalnız dördə-birində ixtilaf etdiklərini əsərlərində dilə gətirir. “İxtilafın səbəbi dəlillərin müxtəlif hökmlərə qapı araladığı və fəqihlərin fərqli düşüncəsindən irəli gəlməsidir”, – deyə, alim özünü “Məqalələr” adlı əsərində məsələyə aydınlıq gətirir.

Kövsəri Qurandakı “din” anlayışının sadəcə təsdiq edilməsi vacib olan cəhətlərə iman etməkdən ibarət olmadığını, dinin iman, ibadətlər, davranışlar və əxlaqla bağlı şöbələrində də Allaha itaət etməkdən ibarət olduğuna diqqət çəkir.  Ona görə, bu dörd əsas bütün peyğəmbərlər arasında müştərəkdir. Onlardan birini kənara qoyanlar dində təfriqəyə düşənlər hesab edilir. O, dinin ikinci dərəcəli (füruat) məsələlərində ixtilafa düşməyin dində təfriqəyə düşməklə heç bir əlaqəsinin olmadığını deyir.

Son iki əsrdə daha çox hiss edilən modern həyat tərzi müsəlmanlara da öz təsirini göstərmişdir. Bu müsəlmanlar arasında müxtəlif dini anlaşılmazlıqların  yaranmasına gətirib çıxarmışdır. Kövsəri də bu kimi məsələlərlə bağlı  yaranan anlaşılmazlıqlara cavab vermək üçün mübarizə meydanında fəal iştirak etmişdir. Sözügedən fikirlərə və düşüncələrə qarşı qədim düşüncə  irsini müdafiə etdiyi, daha çox “ənənəvi fiqh”, “ənənəvi metod”  və  “ənənəvi sünnə” kimi ifadələrdən tez-tez istifadə etdiyi görülür.  Üç talağın bir talaq hesab edilməsi, talağın kişidən alınması, çoxarvadlılığın qadağan edilməsi, vəqflə bağlı bəzi məsələlər və qadının örtünməsi kimi məsələlərdə də ənənəvi metodu hərarətlə müdafiə etmişdir. 

Qəzetlərdə çoxarvadlılığın qadağan edilməsi və talaq sayının məhdudlaşdırılması ilə bağlı İslami hökmlərdə dəyişikliyi tələb edənlərin və bunu müdafiə edənlərin Qərb mədəniyyətindən təsirləndiklərini deyirdi. “Boşanmaların qarşısını almaq üçün klassik metodun tərk edilməsinin və şəriətin kişiyə verdiyi boşanma haqqının onun əlindən alınması çıxış yolu deyil. İlk əvvəl əxlaqsızlığın və qadınların cahiliyyət dövründəki kimi bəzənib-düzənmələrinin qarşısının alınması daha məqsədəuyğun olar”, – alim “Məqalələr” adlı əsərində deyir.

O, bir məsələdə ictihad vermək üçün səhabənin yaşayışının və vəhyin dilinin mükəmməl şəkildə bilməyin vacibliyinə toxunur.

Kövsəri İslamda qanunvericiliklə bağlı heç bir problemin olmadığını, şəriətin hər zaman və hər yerdə müsəlmanların mənafeyinə xidmət edəcəyini bildirmişdir. Nəsxin sadəcə vəhylə mümkün olacağını deyən Kövsəri, Peyğəmbərdən (Allahın salamı və xeyir-duası ona olsun!) sonra heç kimin dini  hökmləri nəsx etmək iqtidarında olmadığını deyir. Ümmətin problemlərini həll etmək üçün öz ağlımızla şəriətdən başqa çarələr axtarmağın düzgün olmadığına diqqət çəkən alim, tarix boyu İslam dövlətlərinin dinin qanunlarına bağlandıqları müddətcə xoşbəxt, ondan uzaq durduqları zaman isə çətin anlar yaşadığını yazır.

O habelə İslamda “islahat”, “təcdid” kimi ifadələri də istifadə edənləri kəskin tənqid etmişdir. O, bu kimi fikirlərin ibadətlərlə yanaşı, şəriətin kökündən ortadan qaldırılmasına zəmin yaradacağını deyir. Kövsəri bu kimi fikirləri ortaya atanların daha çox mənafe və örf kimi ünsürlərdən istifadə etdiklərini  və bu fikir müdafiə edənlərə qarşı qələmi ilə mübarizə aparmışdır.  Alim sadəcə dini hökmlərə sarılmaları xüsusunda müsəlmanların ətalətdən xilas olması yönündə “təcdid”in  müdafiə ediləcəyini demişdir. “Nikah, talaq və başqa hökmlərdə islahata baş vurmaq ümməti inkişaf etmiş dövlətlərin səviyyəsinə qaldırmayacaq, sənaye və ticarətdə irəliyə aparmayacaq.  Əksinə, inkişaf etmiş ölkələrlə kainatın sirlərini ortaya qoymaqda, heyvanların, bitkilərin, daşların keyfiyyətini araşdırmaqda yarışmaq, əldə edilən məlumatları  Allah rizası üçün və ümmətin xeyrinə istifadə etmək daha faydalı olar”, – alim “Məqalələr” adlı kitabında belə deyir.

Örf və mənafe məsələsinə toxunan alim bildirir ki: “Məzhəb alimləri qaydalar “qəvaid”, üsul və füru kitablarında örf haqqında söhbət açmışlar. Örfün bundan başqa dini hökmlərdə heç bir təsiri yoxdur. Örfün dəyişməsi ilə dini hökm dəyişməz. Bir yerdə faizin alınıb-verilməsi, mütə nikahı və “soyuq çay”  adı altında içki içilməsi kimi vərdişlər adət halını alarsa, dini hökmlər dəyişməz, yəni bu, sadalananları halal etməz”.

Məzhəb məsələsinə diqqət çəkən Kövsəri , məzhəblərin Peyğəmbər, səhabə və tabeinin İslam fiqhini öyrətmələrinin nəticəsində, yəni təbii zaman kəsimində meydana gəldiyini deyir. O, hər hansı bir məzhəbə bağlanmamağı iddia edənlərə qarşı sərt şəkildə çıxış etmişdir. “Məzhəbsizlik, dinsizliyə aparan bir körpüdür” sözü, ona aiddir.

Ona görə, Hənəfi məzhəbinin iki xüsusi yönü vardır. O, Hənəfi məzhəbinin “məşvərət” məzhəbi olduğunu, digər məzhəblərdən fərqli olaraq səhabələrə qədər gedən insanların bir-birindən öyrənmələri nəticəsində yarandığını demişdi. Digər məzhəblər isə imamların görüşlərinin bir yerə toplanmasından yaranmışdır. Digər bir xüsusiyyəti isə tərəfdarlarının hər zaman yeni ortaya çıxan problemlərin həllini tapmağa səy göstərmələridir.

O, Zeyd ibn Əli Zeynəlabidinin  və Əbu Hənifənin məzhəbini Kufə qaynaqlı olmaları etibarı ilə bir-birinə yaxın məzhəblər olduğunu deyir. Ancaq Carudiyyənin etiqad yönündən təhlükəli  görüşlərinin mövcudluğuna diqqət çəkir.

Əsərləri:

Hənəfi fiqhinin əsasları

Kövsərinin məqalələri

Üqeylinin “Zəiflər” kitabının tənqidi

Quran elmlərinə giriş

Əllamə Məhəmməd Münib əl-Əntəbinin tərcümeyi-halı

Kövsərinin müqəddiməsi  və s.

Tərcümə etdi: Dilavər Məmmədov

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.