Nərmin KƏRİM

Azərbaycanda orta məktəblərdə dini dərslərin keçirilməsi zaman-zaman gündəmə gətirilir və müzakirə olunur. Yaxın günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı da Qubada səfərdə olan zaman bu barədə jurnalistlərə açıqlama verib. O bildirib ki, Azərbaycanda gələcəkdə dini dərslər tədris oluna bilər.

Maraqlıdır, gələcəkdə din orta məktəb proqramına daxil edilərsə, bu fənni kimlər tədris edəcək? Yaxud da dərslər necə keçiriləcək? Riyaziyyat, tarix kimi məcburi fənn olaraq, yoxsa maraq saatları, dərnəklər şəklində?

Məsələ ilə bağlı DQİDK ilə əlaqə saxladıq. Komitənin mətbuat xidmətinin rəhbəri Orxan Əli bildirdi ki, orta məktəblərdə din dərslərinin tədris olunması barədə fikir var və buna gələcəkdə baxıla bilər: “Cəmiyyətdə bu barədə fikirlər səslənir. O fikirlər gələcəkdə dəyərləndirilə bilər”.

Mövzu ilə bağlı ilahiyyatçı və din xadimlərinin fikirləri öyrənmək məqsədi ilə sorğu keçirdik. Panoram.az cavabları təqdim edir.

Dini dərsləri kimlər tədris etsin?

AMEA-nın Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Elvüsal Məmmədov məktəblərdə dini dərslərin keçirilməsini müsbət qarşıladığını dedi: “Bu təkliflər son dərəcə gecikmiş təkliflərdir. Gərək orta məktəblərdə dini biliklərin tədrisi işinə çoxdan başlanılardı. Axı dini dəyərlər tarix boyu xalqımızın milli-mədəni və ideoloji identikliyini formalaşdırmış əsas baza hesab olunur. Orta təhsil müəssisələrində din fənninin tədrisi imkan verəcək ki, həm şagirdlərin dini cəhətdən savadlanması sağlam əsaslar üzrə baş versin, həm də onlar tarixi ənənəmiz və keçmişimizin dini tərəfini öyrənsinlər. Əxlaqi tənəzzül və həyata baxış tərzinin xalqımıza yad təmayüllərin təsiri ilə cılızlaşması, ictimai əxlaq qaydalarının pozulması, ailədaxili tərbiyənin xoşagəlməz format kəsb etməsi daha çox azyaşlı və gənclərə təsir göstərir. Məhz bu zəruri edir ki, orta məktəblərin aşağı siniflərindən başlayaraq dini biliklər tədris olunsun”.

“Yerli məzunların əksəriyyəti sağlam dini tədris aparacaq səviyyədə deyil”

Elvüsal Məmmədov əlavə edib ki, dini tədrislə məşğul olacaq müəllimlərin ölkə daxilində, yaxud da xaricdə təhsil almağı fərq etmir: “Əsas budur ki, müəllim islam dinini yaxşı bilsin, ölkəmizin milli-mənəvi “xəritə”sinə bələd olsun. Xaricdə oxuyan əksər dindarların, bəlkə də ən çatışmayan cəhəti Azərbaycan reallığına bələd olmamaqları, təhsil aldıqları ölkələrin dini mühitini ölkəmizdə kortəbii şəkildə yaratmaq cəhdləridir. Yerli məzunların da çatışmayan cəhəti islam hüququ, tarixi, mədəniyyəti və s. haqda biliklərinin yüksək səviyyədə olmamağıdır. Bir sözlə, yerli məzunların əksəriyyəti sağlam dini tədris aparacaq səviyyədə deyil. Din fəninin şagirdlər tərəfindən yaxşı şəkildə mənimsənilməsini təmin edən əsas amillərdən biri budur ki, müəllimin özü dinin əmr və qadağalarına riayət etsin, əxlaq və davranışı ilə, həyat tərzi ilə onlara nümunə olsun. Bununla yanaşı, din fəninin tədrisini aparan müəllimin pedaqoji və psixoloji biliyi olmalı, tədris zamanı yekcins çatdırma və öyrətmədən uzaq olmalıdır. İslama dar baxış, dünyagörüşünün məhdudluğu da din fəninin tədrisi ilə məşğul olacaq müəllimlər üçün yolverilməzdir”.

“Ən optimalı ilahiyyat fakultəsini bitirən mütəxəssisləri bu işə cəlb etməkdir”

İlahiyyatçı-ekspert Elşən Mustafaoğlu da din dərslərinin tədris olunmasını gözəl təşəbbüs hesab edir: “Bu Azərbaycanda yeni nəslin mənəvi tərbiyəsində böyük rol oynaya bilər. Məktəblilər dini bilgiləri təmiz əllərdən, sağlam mənbələrdən öyrənərlər. Ola bilər ki, indiki şəraitdə bununla bağlı kadr problemi olsun. Amma humanitar fənnləri tədris edən müəllim və pedoqoqlara xüsusi ixtisaslaşdırılmış kurslar keçmək olar. Lakin ən optimal olanı təbii ki, ilahiyyat fakultəsini bitirən mütəxəssisləri bu işə cəlb etmək olar.Əsas odur ki, məsələ Təhsil Nazirliyi səviyyəsində öz həllini tapsın. Xüsusi proqram hazırlansın və o proqram əsasında dərs keçə biləcək kadrlar yetişdirilsin”.

“Dərslərin peşəkar dini təhsili olan kadrlar tərəfindən keçirilməsi məqsədəuyğundur”

İlahiyyatçı Anar Rüstəmovun da orta məktəblərdə din dərslərinin tədrisinə münasibəti olduqca müsbətdir. Onun sözlərinə görə, insanların doğru-düzgün dini baxımdan maariflənməsi üçün din dərsinin keçirilməsi zəruridir: “Əxlaqlı, mənəviyyatlı, milli-mənəvi dəyərlərə malik və vətənə sevgisi olan insan uşaq ikən formalaşdırılmalıdır. Bunun üçün din dərsinin tədrisi ən münasib üsullardandır. İslamın gözəlliklərindən, Məhəmməd peyğəmbərin yüksək əxlaqından məlumatlı olan hər bir şagird bundan özünə ibrət götürəcək. Habelə din dərsi insanlarda mənəvi və dini boşluğun doldurulmasına da böyük töhfə verəcək. Adətən gənclər islamı düzgün dərk etmədikdə yanlış yollara meyl edir. Düşünürəm ki, doğru və dolğun dini təhsil bu problemin də aradan qaldırılmasına imkan verəcək”.

Anar Rüstəmovun fikrincə, dərslərin peşəkar dini təhsili olan kadrlar tərəfindən keçirilməsi məqsədəuyğundur: “ Bu gün ilahiyyatçı kadrların azlığını nəzərə alsaq, ixtisaslı kadrların yetişdirilməsinə ehtiyac olduğunu görərik. Həmçinin, gələcəkdə sözügedən problemin həlli istiqamətində digər addımların atılması da müzakirə edilə bilər”.

“Bakı İslam Universitetinin məzunları nəzərdə tutulmalıdır”

“Gileyli” məscidinin axundu Mirhəmid Mirtofiqoğlu hesab edir ki, dini biliklərə yiyələnmək hər bir vətəndaşa lazımdır: “Mənim fikrimcə, bu həssas bir məsələdir. Çünki ölkəmizdə müxtəlif dindən, müxtəlif məzhəbdən olan insanlar yaşayır. Bu cür tədris planı hazırlanarsa, mütləq orta mövqe nəzərdə tutulmalıdır. Məsələn, bizdə tədris Türkiyədəki kimi ola bilməyəcək. Çünki ölkəmizdə müxtəlif məzhəblər var. Ona görə də ümumi dinin tarixi məsələsinə toxunulsa yaxşı olar. Orta mövqe nəzərdə tutulmalıdır ki, ixtilaf yaranmasın və burada kimlərinsə narahatçılığına səbəb olmasın”.

Din dərslərini kimlərin tədris edəcəyi məsələsinə gəlincə, Mirhəmid Mirtofiqoğlu deyir ki, bizdə bu dərsləri tədris edəcək mütəxəssis azdır: “Çünki tədris etmək üçün Bakı Dövlət Universitetinin bir fakultəsi var. Birdə Bakı İslam Universiteti var və bu universitetin tələbələri nəzərdə tutulmalıdır. Bakı İslam Universitetinin məzunları tədris etsə, daha yaxşı olar. Bu həssas məsələ olduğu üçün uşaqlara tədris edərkən gərək çox diqqətlə yanaşılsın ki, həm məzhəblərarası ayrıseçkiliyə yol verilməsin, eləcə də orta mövqedən çıxış olunsun”.

“Elm xadimləri və ilahiyyat fakultəsinin məzunları tədris etməlidir”

İlahiyyat üzrə fəlsəfə doktoru Mehriban Qasımova Panoram.az-a bildirdi ki, bu çoxdan atılması lazım olan addımdır: “Din dərsləri hər hansı bir dinin tədris olunmasından əlavə, ümumiyyətlə bütün dinlər haqqında bir məlumatdır. Xüsusilə də islam haqqında. Azərbaycanlıların əksəriyyəti müsəlmandır. Ona görə də uşaqlara bütün dinlər, xüsusilə də islam dini haqqında ümumi bir məlumat verilməlidir. Bu bizim milli-mənəvi dəyərlərimiz üçün də vacib olan bir haldır”.

Mehriban Qasımovanın fikrincə, orta məktəblərdə bu fənni elm xadimləri və ilahiyyat fakultəsinin məzunları tədris etməlidir: “Məsələn, Bakı Dövlət Universitetinin ilahiyyat fakultəsinin 1997-ci ildən bu yana çox sayda məzunları olub. Onlar islam dinini elmi nöqteyi-nəzərdən öyrənib”.

Dini dərslər necə tədris olunsun?

Tədrisin formasına gəlincə, Elvüsal Məmmədov hesab edir ki, bəlkə də ən çətin məsələ budur: “Görünür, bizdə bu işlərin ləngiməsinin səbəbini də bu amildə axtarmaq lazımdır. Ölkədə fərqli məzhəb nümayəndələrinin yaşamağı da dərsliklərin məzmununun hazırlanmasında müəyyən çətinliklər törədir. Fikrimcə, aşağı siniflər üçün islam və peyğəmbərlər haqda ümumi biliklərin cəmləndiyi dərsliklər hazırlamaq, orta və yuxarı siniflərdə isə ibadət, fiqh, islam tarixindən bəhs edən sistemli məlumat tədris olunmalıdır. Bu dərsliklərdə islamın əxlaq, mədəniyyət və davranış məsələlərinə daha çox diqqət ayrılmalı, fərqliliklərin dinc birgəyaşayışını ifadə edən tarixi təcrübəyə müraciət edilməlidir. Bu dərslikləri hazırlayarkən ölkəmizin məzhəb mənzərəsi nəzərə alınmalı, məzhəb təəssübkeşliyinə yol verilməməlidir. Qeyri-müsəlmanlar üçün ayrıca islam dərsliyinin olmağı məqsədəuyğun deyil. Amma onlar üçün hazırlanmış kitablarda islamdan bəhs edən fəslin ayrılması daha doğru olar”.

Elşən Mustafaoğlu hesab edir ki, bu məsələdə iki variant var: “Birinci variant budur ki, məktəblilərin öz dini mənəvi dəyərlərini öyrənməsi önəmlidir. Bundan başqa, övladlarımız qeydri-islam dinləri ilə də tanış olmalıdır. Digər tərəfdən uşaqların öz seçimi ilə, könüllü dərslər ola bilər. Çünki bəzi ailələr ola bilər ki, övladlarının bu bilgiləri almasını istəməsin. Beynəxalq təcrübədə hər iki variant var”.

Anar Rüstəmovun fikrincə, dinin əsaslarını öyrənmək, islam peyğəmbərinin gözəl əxlaqından xəbərdar olmaq hər məktəbliyə ancaq və ancaq fayda verəcək: “Bu, onun mənəviyyatlı insan kimi böyüməsinə, ailəsinə, cəmiyyətə, vətəninə faydalı insan kimi yetişməsinə töhfə verəcək. Əgər övladlarımızın mənəviyyatlı, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan. xalqını, vətənini sevən insanlar olmasını istəyiriksə, dərslərin məcburi tədrisinə ehtiyac var”.

İlahiyyatçı əlavə edir ki, qeyri-müsəlmanlar üçün din dərsi könüllülük prinsipi əsasında keçirilməlidir: “Fikrimcə, bu məsələ ailələrin seçiminə uyğun, könüllü şəkildə olmalıdır. Məsələn müsəlmanlara islam, xristian şagirdlərə xristianlıq, yəhudilərə isə yəhudilik keçirilə bilər. Bu praktika artıq bir sıra inkişaf etmiş ölkələrin təhsil sistemində mövcuddur”.

“Gileyli” məscidinin axundu Mirhəmid Mirtofiqoğlu dini dərslərin könüllü olmasını təklif edir: “Başqa ölkələrdə din dərsləri tədris olunarkən qanuna görə bunu ya məktəblinin özü seçir, ya valideyn. Bu könüllüdür kim istəsə iştirak edə bilər”.

Mehriban Qasımova bildirdi ki, bu məsələdə beynəlxalq təcrübəyə əsaslanmaq lazımdır: “Ola bilər ki, bəzi dərslər məcburi, bəziləri isə seçməli olsun. Din tarixi, din əxlaqı baxımından bəzi dərslər seçməli ola bilər”.

Panoram.az

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.