Manşet Maraqlı Məqalələr — 08 April 2015

Kolumbiyalı qızın islamı qəbuletmə hekayəsi

“Mənim adım Səidə Paola Dyuk Korridir. Kolumbiyada doğulub böyümüşəm. İxtisasım bakterioloqdur, Kolumbiya universitetində işləyirəm.

İslamı qəbul edənəcən ibadətləri yerinə yetirməsəm də, katolik etiqadında idim. Bu gün isə fəxr edirəm ki, müsəlmanam, Uca Allaha buna görə şükür edirəm və öz tarixçəmi sizinlə bölüşmək istəyirəm.

İslam nədir?

Məndə islama maraq tədricən yaranıb. Hər şey 4 il əvvəl – mən ərəb mədəniyyəti, musiqisi, adət-ənənələri ilə maraqlanarkən başladı. Ərəb xəttatlıq sənətini mən çox sevdim (bu sevgi indiyədək qalır). Bu məni o dövrdə maraqlandıran şeylərin kiçik bir hissəsi idi.

Həyatım öz adi qaydasında axıb gedirdi və bu arada özüm də hiss etmədən islamla yaxından tanış olmağa başlamışdım. İslamla ilk görüşüm internet vasitəsi ilə oldu. Bir islam saytı mənim üçün çox maraqlı olan material yerləşdirmişdi. Yazı məndə islam dini haqda daha çox şey öyrənmək həvəsi yaratdı və mən bu barədə sayta məktub yazdım.

Bir neçə gündən sonra elektron poçtuma cavab gəldi: “Bizdən ispan dilində islam dini barədə pulsuz kitablar almaq istərdinizmi?” Məktubu oxudum və bu mənim üçün böyük sürpriz oldu. Lakin eyni zamanda içimdə şübhələr də var idi: başa düşmürdüm, nə üçün kitabları mənə pulsuz verməyi təklif edirdilər. Amma bu şübhələr məni durdura və İslamı yaxından tanımaq həvəsimi söndürə bilmədi. Odur ki, mən sayta öz ünvanımı yazdım və təxminən 2 aydan sonra mənə İslam haqqında kitabları gətirdilər. Çox xoşbəxt idim, sevincimin həddi-hüdudu yox idi!

Bu andan mənim gözəl islam dünyasına səyahətim, islamın nə olduğu barədə tədqiqatlarım başladı. Eyni zamanda internetdə mənim kimi islamla maraqlananlarla tanış olur, ədəbiyyat və digər məsələlərdə onlara bacardığım köməyi etməyə çalışırdım. Mənə kitab göndərən saytın administratorları maraqlanan hər kəsə mənim xahişimlə kitab göndərirdilər. Onlarda, demək olar, hər dildə kitab vardı və bu kitabları dünyanın bütün ölkələrinə göndərirdilər.

Şəhadətdən öncə İslama dəvət!

Elə oldu ki, mən şəhadət gətirmədən öncə islama dəvətlə məşğul olmağa başladım. Kolumbiyadan, Argentinadan, Braziliyadan, Çilidən, Perudan, Meksikadan və digər Latın Amerikası ölkələrindən olan şəxslərlə birlikdə İslam haqqında informasiyanı yaymaq üçün onlayn qrup təşkil etmişdik. Biz hər gün İslamı yaxından tanımağa maraq göstərən insanlarla qarşılaşırdıq.

O zaman mən hələ şəhadət gətirməmişdim, buna görə mənim dəvət prosesində iştirak etməyim  bəzilərinə qəribə görünürdü. Lakin mən içimdə başqalarına islam haqqında danışmaq, insanların gözündə islamı müdafiə etmək, onlara bu din və onun nümayəndələri haqqında doğru məlumatı çatdırmaq ehtiyacı duyurdum. Mən insanlara islam haqqında həqiqətləri çatdırırdım və Uca Allah bunun müqabilində qəlbimi təmizləyirdi.

Oxuduğum kitablar sayəsində islama olan məhəbbətim kimi, biliklərim də gündən günə artırdı… Dostlarım gələcək planlarım barədə. soruşanda adətən: “Mən sadəcə öyrənirəm, islamı qəbul etmək fikrim yoxdur”, – deyirdim, çünki onda mən həqiqətən belə fikirləşirdim. Lakin Yaradana həmd olsun ki, bir müddət sonra mənim bu barədə qənaətim dəyişdi!

Mən başa düşməyə başladım ki, islam yeganə doğru, aydın yol və həqiqi dindir. Bununla belə, mən özümdə bəhanələr axtarırdım, nəyi isə gözləyirdim, mənə elə gəlirdi ki, bir az daha zamana ehtiyacım var. Ətrafımdakı insanlar mənə: “Sənin qəlbin müsəlman qəlbidir, özünü müsəlman kimi aparırsan, sənə sadəcə şəhadət gətirmək lazımdır”, – deyirdilər. Onlar necə də haqlı idilər! Mən, həqiqətən, qəlbimdə Allahın tək olduğuna və Məhəmmədin (sallahu aleyhi vəsəlləm) Onun elçisi olduğuna inanırdım.

Tezliklə baş verən hadisələr mənə növbəti addımı atmaq üçü təkan verdi. Rəbbim mənə islamın bütün həyatımı doldurduğunu göstərdi, özümü əsl müsəlman kimi hiss etməkdə kömək oldu.

2007-ci il Ramazan ayının sonunda islamı qəbul etmək istəyən bir qızla məscidə getdim. Məscidə daxil olduq, orada bir-neçə qız namaz qılırdı. Mən səcdəyə qapandım və Allahdan məni yönəltməyini, doğru qərarı mənə göstərməyini istədim.

Şəhadət kəlməsini deməkdən öncə valideynlərimə zəng vurdum. Qərarımı onlara bildirmək istədim, çünki bu mənim üçün çox mühüm, bütün həyatımı dəyişdirəcək bir qərar idi.

Məqsədim islamın gözəlliyi barədə danışmaqdır!

Atam qərarımı eşitdikdə dedi: “Hə, qızım, nə deyim, təbrik edirəm!” Atamın sözləri məni çox sevindirdi və mən bunu xeyir-dua kimi qəbul etdim. Anam bir qədər tutulmasına baxmayaraq: “Yaxşı, qızım, sən nə etdiyini bilirsən”, – dedi. Mənim gözəl valideynlərim var, Allah onlara kömək olsun! Mən onları çox sevirəm!

Nəhayət, mən müsəlman oldum! Ailəm və dostlarım qərarımı çox sakit qəbul etdilər… Doğrudur, onlar bəzən bu barədə zarafat da edirlər, amma, həmd olsun Allaha, hər şey çox yaxşıdır. Bacım oğlunun 6 yaşı var, o, rəbbimizin adını ərəb kalliqrafiyası ilə yazmağı çox sevir. O, həmçinin, islam mahnılarını da sevir və tez-tez məndən ona Quran oxumağımı xahiş edir. 

İslamı qəbul etmək qərarım barədə onu deyə bilərəm ki, bu mənim ən böyük arzum, qəlbimin dərinliyindən gələn bir hiss idi. Mən islamı kiminsə məni məcbur etməsi ilə deyil, rəbbimin mənə doğru yolu göstərməsi, məni yönləndirməsi, Öz lütfü ilə qəlbimi islama açması ilə qəbul etdim.

Bütün peyğəmbərlər bizi bu gözəl, nurlu yola yönəltmək üçün göndəriliblər. Uca Allah Mərhəmətli və Rəhimlidir, Bağışlayandır, O, bütün varlıqları Yaradandır. Ən gözəl sifətlər və adlar yalnız Ona məxsusdur.  

İndi mənim məqsədim hamıya islamın gözəlliyi barədə danışmaqdır. Biz, müsəlmanlar, sübut etməliyik ki, islam bəzi KİV-in süni şəkildə  insanların düşüncəsinə yerləşdirdiyi kimi deyil. Cəmiyyətdə yaranmış bu düşüncəni yaxşılığa doğru dəyişmək üçünsə biz ilk növbədə öz üzərimizdə işləməliyik.    

 Son olaraq bunu deyim ki, mənə doğru yolu göstərən Uca Allah şükürlər olsun! Onun lütfü sayəsində mən müsəlman oldum! Allaha şükür olsun!

Rus dilindən tərcümə etdi: Zülfiyyə Əmrahlı

/Azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.