İslami Manşet Məqalələr Xəbərlər — 27 November 2017

 Xoş güzəran və firavanlıqda bəzi insanların ayrı-ayrılıqda fəaliyyət göstərmələri icazəli olsa da, çətin anlarda onların parçalanması, bir-birindən uzaq düşməsi doğru deyildir. Çünki çətin anlar parçalananları birləşdirir. Müsibətlər də öz qurbanlarını bir arada cəm edir. Klassiklərimizdən biri bu məqamda necə də gözəl deyib: “Çətin anlar ədavətə son qoyur”.

Biz hal-hazırkı dövrdə çətin imtahanlara, ağır bəlalara tuş gəlmişik. Xüsusilə də məlum “11 Sentyabr” hadisələrindən sonra İslam dünyasının hər bir nöqtəsində vəziyyət dəyişib; Şərqdə də, Qərbdə də müsəlmanların başı böyük dərdə girib və ciddi təhlükə başlarının üstünü alıb. Bu da öz növbəsində sıravisindən, alimindən, dəvətçisindən, mütəfəkkirindən… tutmuş bütün müsəlmanlara diktə edir ki, aralarındakı çəkişmələri, qovğaları bir kənara buraxsınlar. Diktə edir ki, İslama və onun mənsublarına qarşı aparılan müharibədə eyni cəbhədən çıxış etsinlər.

Məlumdur ki, müharibədə hamı bir-birinin yanında olub bir-birinə arxa çıxmalı, təhlükə anında da ümməti parçalayan itaətsizliyə yol verməməlidir. Qurani-Kərimdə deyilir:

“Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (əs-Səff, 4).

Ən böyük bəlamız budur ki, ümmətin düşmənləri cəm olub bir araya gəldikləri dövrdə möminlər bir-birindən uzaqlaşırlar. Allah təala bu haqda bizi dönə-dönə xəbərdar edir:

“Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər)” (əl-Ənfal, 73).

Ayənin mənası budur ki, müsəlmanlar bir-birlərinə dost olub, kafirlər kimi bir-birlərinə arxa çıxmasalar, bunun bədəli ağır olar; batil əhli birləşib haqq əhli parçalanarsa, ümmət zəifləyər ki, bu da olduqca böyük təhlükədir!

Aralarında tarixi və real çəkişmə halları mövcud olsa da qeyri-müsəlmanların birləşmələrinin şahidi oluruq. Misal üçün Avropa Birliyini götürək. Ona üzv dövlətlərin arasında tarix boyu qanlı müharibələr baş vermişdir. Çox uzağa getməyək: ötən əsr ərzində baş vermiş Birinci və İkinci Dünya müharibələri on milyonlarla insanın ölümü ilə nəticələnmişdi. Ancaq avropalılar bütün bunları tarixin arxivinə ataraq, birləşmək üçün ortaq məxrəcə gələ bildilər.

Bundan qabaq isə həm xristianlığın öz qolları, həm də bu dinlə yəhudiliyin arasında yaxınlaşmanın şahidi olduq. Halbuki, onlar tarix boyu bir-biri ilə çəkişmə içərisində olmuşlar. Belə bir yaxınlaşmanın nəticəsində, hətta, Vatikan yazılı surətdə bildirmişdi ki, İsa Məsihin “çarmıxa çəkilməsi”ndə yəhudilər günahkar deyillər.

   Müsəlmanlar isə – yalnız onlar, birləşməyə rəvac verən səbəblərin çoxluğuna rəğmən, dağınıq haldadırlar, bir-birləri ilə didişirlər və aralarında qətiyyən birlik yoxdur. Məgər onlar eyni qiblə, eyni söz – “lə iləhə illəl-lah, Muhəmməd rəsulullah” əhli deyillər?! Məgər onlar hamılıqda Allahdan bir rəbb, İslamdan bir din, Qurandan bir kitab, Həzrəti Məhəmməddən isə bir peyğəmbər kimi razı qalmayıblar?!

Quran bizə Musa peyğəmbərin (Ona salam olsun!) ağıl sahibləri üçün ibrət olacaq hekayəsini xatırladır. Hekayədə qövmü ilə Harun peyğəmbərin (Ona salam olsun!) başına gələnlərdən danışılır. Məlumdur ki, Musa peyğəmbər 40 gecə boyu rəbbinə ibadət məqsədilə qövmündən ayrılıb getdikdən sonra Samiri onları tovlayıb azdırır; onlara böyürən formada bir buzov heykəli düzəldir və deyir: “Ey İsrail oğulları! Bu, sizin və Musanın tanrısıdır”. İnsanlar ona aldanır, buzova ibadət edirlər. Halbuki, buzov onların nə bir sözünə cavab verir, nə də onlara xeyir və zərər toxundururdu:

“Harun isə bundan (Musa Tur dağından qayıtmamışdan) əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə möhkəm, hansınızın şəkkak olduğunu ayırd etmək məqsədilə Allah tərəfindən) yalnız imtahana çəkildiniz. Sizin rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!”

Onlar: “Musa (Tur dağından) qayıdıb yanımıza gələnə qədər bu buzova sitayiş etməkdən əl çəkməyəcəyik!” – deyə cavab vermişdilər” (Taha, 90-91).

Musa peyğəmbər qövmünün yanına qayıtdığı zaman gördüyünə qəzəblənir. Kədərli halda əlindəki Tövrat lövhələrini yerə atır, qardaşının saçından yapışır və soruşur:

“(Musa ümmətinin yanına qayıtdıqdan sonra) dedi: “Ya Harun! Onların (haqq yoldan) azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki, (Möminləri də götürüb) arxamca gəlmədin? (Mənə bu barədə heç bir xəbər vermədin, yaxud mənim yolumla gedərək bütə tapınanları danlayıb onlara qarşı hiddətlənmədin?) Əmrimə asimi oldun? (Allahdan başqasına ibadət edənlərlə bir yerdə yaşamağı özünə nə cür rəva bildin?)”

(Harun) belə cavab verdi: “Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. (Saqqalımı, başıma yolma). Doğrusu, sənin: “İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum” (Taha, 92-94).

Verilən cavab Musa peyğəmbəri tamam qane edir. Quran da bu cavabı təqdir edərək göstərir ki, Harun peyğəmbərin davranışı aşağıdakı ibrətamiz qaydanı ortaya qoyur: “Parçalanmanın qarşısını almaq üçün camaatın birliyini qorumaq lazımdır”; birlik naminə böyük günah əməl (Musanın qövmünün əməli ən böyük günah idi. Çünki söhbət Allahı qoyub qeyrilərinə ibadətdən gedir) qarşısında susmaq olar! Ancaq bu, müvəqqəti susmadır. Çünki Musa peyğəmbər qayıtdıqdan sonra hər iki qardaş münasib üsulla problemi həll etməyə çalışırlar.

Quran bu hekayəni ona görə bizə nəql edir ki, ondan ibrət alıb dərs çıxaraq:

“(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır…” (Yusuf, 111).

Eləcə də Allah təala bir neçə peyğəmbərin adlarını çəkdikdən sonra Məhəmməd peyğəmbərə xitabən buyurur:

“Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get…” (əl-Ənam, 90)[1].

İslam ümmətinin birliyi hər bir zaman, xüsusilə də, müsəlmanların belə bir çətin dövründə olduqca vacibdir. Bəli, ümmətin birliyi vacib və zəruridir. Vacibdir ona görə ki, bunu bizə dinimiz əmr edir. Zəruridir, ondan ötrü ki, islamın və dünyanın real mənzərəsi göz qabağındadır. Vəhdətdə güc gizlənir. Dağınıqlıq isə müsəlmanları hazır loğmaya çevirir, düşmənlərinə bu tikəni rahatlıqla aşırmaq fürsəti verir.

Sözümü Allahın bu kəlamı ilə bitirirəm:

“Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (əl-Hucurat, 10).

Mühacir və ənsarlardan sonra gələn nəslin – tabeinlərin dillərindən düşməyən bu dua ilə Uca və Pak Allaha üzümü tuturam:

“Ey rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (əl-Həşr, 10).

[1] Yusif əl-Qərdavi. Yetkinlikdən həddi-buluğadək islam oyanışı (əs-Səhvə əl-islamiyyə min əl-mürahəqə ilar-rüşd), Misir: “Dar əş-Şüruq” mətbəəsi, səh., 341-343.

Tərcümə etdi: Elvüsal Məmmədov

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.