Musa Sədr Ayətullah Seyid İsmayıl əs-Sədrin nəvəsidir. Atası isə tanınmış mərceyi-təqlidlərdən Ayətullah Seyid Sədrəddin əs-Sədrdir. Seyid Sədrəddin Nəcəfdə şiələrə rəhbərlik etmiş, daha sonralar İranın Məşhəd şəhərinə köçmək məcburiyyətində qalmışdır. 

Musa Sədr 1928-ci ildə dünyaya göz açıb.  Orta  təhsilini tamamladıqdan sonra lisey və mədrəsədə dərslərinə davam edir.  Daha sonra Tehran Universitetinə daxil olur.  Bununla yanaşı, Mühəqqiq Damad, Seyid Əhməd Ənsari, Hüccət Quhkəməri, Seyid Rza Sədr kimi alimlərdən dərs alır. Təhsilini başa vurduqdan sonra “Lümə`t” adlı kitabdan fiqh, fəlsəfə və məntiq dərslərini tədris edir. 

1953-cü ildə atasının vəfatından sonra həyatının mühacirət dövrü başlanır. Təhsilini davam etdirmək üçün Nəcəfə köçür. İti zəkası, qabiliyyəti və savadı ilə müəllimlərinin və tələbə yoldaşlarının hörmətini qazanır. Ayətullah Xoyi Musa Sədrə  böyük diqqət  göstərir. 

Musa Sədr 28 yaşında ailə həyatı qurur, dörd övladı dünyaya gəlir.

Musa Sədr alim kimi yetişdikdən sonra öyrəndiklərini insanlara çatdırmaq üçün fəaliyyətə başlayır. Müctəhid Burucerdinin İtaliyada müşavir işləmək təklifini “yox” desə də, Livanda təmsilçi olmaq təklifini qəbul edir. 1959-cu ildə Livana gedir.

 Livan şiələrinin mübarizəyə təhsil və bilikdən başlamalarının  vacibliyinə inanan Musa Sədr ilk əvvəl bu sahədə proqram və planlar hazırlayır. O, hər zaman elm, mədəniyyət, iqtisadiyyat, əxlaq, sənət , siyasət, etiqad və hərbi sahədə  fəaliyyətin kompleks şəkildə aparılmasına tərəf çıxırdı. İmperialistlərə qarşı mübarizənin yalnız sözügedən sahələrdə güclü olduqdan sonra  mümkünlüyünü bildirirdi.

Cəhalət və elmsizliklə mübarizə aparan Sədr bununla yanaşı, yoxsulluğun ləğvinə çalışırdı.  Məktəb və elm mərkəzləri açır, dini mədrəsələrlə yanaşı, sənət və texnika sahəsində də məktəblərin fəaliyyət göstərməsinə yardım edirdi.  Şiələrin özlərini müdafiə etməsi, düşmənlərə qarşı güclü olmaları üçün hərbi məktəblər  də açırdı.

Sədrin siyasi və sosial fəaliyyətini qısaca olaraq aşağıdakı kimi sıralamaq olar:

– İslam dininin həqiqi mahiyyətini insanlara çatdırmaq və bu məqsədlə elm mərkəzləri qurmaq;

– Qərb mədəniyyəti əleyhinə təbliğat;

– “Cəbəli-Amil” sənət mərkəzini qurmaq;

– Xeyriyyə qurumları təsis etmək;

– Qızlar üçün məktəblər açmaq;

– Tibb (tibbi bacılarının yetişdirilməsi) akademiyası təsis etmək;

– İslam elm “hövzə”ləri açmaq;

– İslam araşdırmaları mərkəzi qurmaq;

– Şiələrin Ali Şurasını yaratmaq;

– “Hərəkət əl-Məhrumin” təşkilatını təsis etmək;

– Livanda müqaviməti təşkil etmək (İndiki “Hizbullah”);

– Səhiyyə mərkəzləri açmaq;

– Qadınlar və gənclər üçün iş mərkəzləri açmaq.

Uzun mübarizədən sonra İslam düşmənlərinin hədəfinə çevrilmiş Musa Sədr qurulmuş tələ nəticəsində  mübarizə meydanından uzaqlaşdırılır.  Qəzzafi ilə görüşmək üçün Liviyaya gedir. Görüş bitdikdən sonra 31 avqust 1978-ci ildə oteldən ayrılaraq Livana qayıtmaq üçün yola düşür, ancaq daha sonra ondan bir xəbər alınmır. Misirin devrilmiş prezidenti xatirələrində qeyd edir ki, Musa Sədrin öldürülməsində Qəzzafinin birbaşa əli olmuşdur.

Əsərləri:

 İslam və XX əsr mədəniyyəti

İslam və bərabərsizlik

Mübariz bir cəmiyyətin təsisi yolunda,

Vəhdət və azadlıq

Quranın tərbiyə metodu,

İslam iqtisadiyyatı və s.

Tərcümə etdi: Dilavər Məmmədov

/azerimuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.