İslami Manşet Məqalələr Xəbərlər — 27 February 2017

Bu hədisi, bəlkə də, hamımız oxumuşuq, amma ondakı incə və ibrətamiz məqamlara diqqət yetirmişikmi? 

Hədis budur: 

“Rəvayət olunur ki, Əbu Hüreyrə deyib: “Məscidi sürüb təmizləyən bir zənci qadın vardı. (Bir gün) vəfat etdi. Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) onu xəbər aldığında (səhabələri): “O öldü”, – deyə cavab verdilər. Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!): “Nə üçün bunu mənə xəbər verməmişsiniz? Mənə qəbrini göstərin!” – dedikdən sonra onun qəbrinin yanına getdi və cənazə namazını qıldı” (Buxari və Müslim).

 

Ənənəvi olaraq, bu hədisə fiqhi hökm – vəfat etmişə dəfn olunduqdan sonra cənazə namazı qılmağın icazəliliyi nöqteyi-nəzərindən yanaşılıb. 

Amma hədisdə Həzrəti Məhəmmədin həm möhtəşəm lider olmağını, həm də misilsiz insanpərvərliyini, deməli, xəlqiliyini isbatlayan incə məqam vardır. 

Liderliyin üç şərti: a) vəzifəni icra; b) xalqı birləşdirmə; c) hər bir fərdin ehtiyacı ilə maraqlanma, tələbatını təmin etmə. 

Lider budur ki, ağır məsuliyyətə, işlərinin çoxluğuna rəğmən xalqı ilə yaxından maraqlansın. Peyğəmbər həm ailəsini (nəzərə alaq ki, 10-dan artıq həyat yoldaşı vardı və hər birinə xüsusi vaxt ayırmaq lazım gəlirdi), həm ümmətini, həm dövlətini idarə edir, hərbi yürüşləri tənzimləyir və onlarda iştirak edir, nümayəndə heyətlərini qəbul edirdi – bir sözlə gündəlik ağır və yüklənmiş iş rejimi vardı. Buna rəğmən, vaxt tapıb həmin zənci qadını xəbər almışdı, məscidi silib-süpürən, bəlkə də, hər kəsin nəzərdən qaçırdığı zənci qadını… Budur liderin diqqətliliyi, xalqı ilə yaxından maraqlanmağı…

Hədisdə nəzərdən qaçırmayacağımız ikinci məqam – Peyğəmbərin son dərəcə humanistliyi, insansevərliyidir… Zəncilərə heç bir dəyərin verilmədiyi Ərəb mühitində Peyğəmbərin bu addımı mövcud sosial münasibətləri yeni məzmuna soxmaq, səhv ənənəni yıxmaq, şovinizm buxovlarını qırmaq baxımından ciddi praktik əhəmiyyət daşıyırdı…

Adi bir zənci qadına münasibətdə təzahür etmiş liderlik məziyyəti və insanpərvərlikdir bu… 

Və bu davranış bizlərdə Peyğəmbərə olan sevgini artırır… 

Peyğəmbər əleyhdarlarına gəlincə, onlara tövsiyəm budur ki, bu böyük şəxsiyyətin ən azından insanlıq keyfiyyətlərini araşdırsınlar… Onun peyğəmbərliyini “yoxlamağ”a sizin səviyyəniz bəs etməz… Bu ki iman məsələsidir. 

İmandan binəsiblər hara, Peyğəmbəri Allahın elçisi olaraq anlamaq hara…

Elvüsal Məmmədov

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.