İslami Manşet Məqalələr Xəbərlər — 13 February 2017

Səhabələri üçün Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) ideal əxlaq nümunəsi idi. O, hər bir davranışı, hərəkəti və sözü ilə bu ülvi əxlaqı səhabələrinə aşılayırdı. Ancaq səhabələr əxlaqı əsasən onun davranışlarından öyrənirdilər.

Məsələn, Abdullah ibn Əmr deyirdi:

“Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) əxlaqsız deyildi. Əxlaqsızlıqdan xoşlanmazdı. Daima deyərdi: “Sizin ən xeyirliniz əxlaqı ən gözəl olandır”[1].

Ənəs ibn Malik deyirdi:

“Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) on il xidmət etdim. Bu müddət ərzində, Allah and olsun ki, mənə bir dəfə də olsun “of” demədi. Nə də “nə üçün belə etdin; niyə belə etmədin” söylədi”[2].

Habelə Ənəs ibn Malik belə rəvayət edir:

“Mədinəli cariyələrdən biri istəsəydi, Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) əlindən tutar, onu istədiyi yerə aparardı. Bir insanla rastlaşdığında Peyğəmbər ona əllə salam verərdi. Həmin şəxs əlini çəkmədikcə Peyğəmbər də çəkməzdi. O, üzünü çevirmədən Peyğəmbər də çevirməzdi. Oturduğu zaman yoldaşlarının yanında ayaqlarını uzatdığını heç kəs görməmişdi”[3].

Yəni, yoldaşlarının yanında təvazökarlıq göstərər, təkəbbürlük etməzdi.

Həzrəti Aişə (Allah ondan razı qalsın!) deyirdi:

“Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) iki şeyi seçmək qarşısında qalsaydı, ən asanını seçərdi. Təbii ki, həmin şey günah əməl deyildisə. Yox, əgər günah əməl olsaydı, dərhal ondan kənar durardı. Peyğəmbər nəfsi üçün intiqam almazdı. Amma Allahın qadağaları pozulardısa, alardı. Peyğəmbər heç kəsə: nə bir qadına, nə bir xidmətçiyə… əl qaldırmamışdı. Onun əli Allah üçün cihadda qalxardı”[4].

Ənəs ibn Malik belə rəvayət edir:

“Peyğəmbərlə (Ona Allahın xeyir-duası və salamı olsun!) yol gedirdim. Əynində kənarları qalın əba (rəda) vardı. Qəfildən bir bədəvi arxadan ona yetişib əbanı dartdı. Özü də elə bərk dartdı ki, Peyğəmbərin çiyinləri açıldı və dartmanın izi göründü. Bədəvi dedi: “Ey Məhəmməd, əyninə geydiyin Allahın malıdır. Ondan mənə də ver!” Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) onunla mehriban davrandı, gülərək dedi ki, ona geyim versinlər”[5].

Bir dəfə Həzrəti Aişədən soruşdular ki, Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!)  evdə olarkən nə edərdi? Belə cavab verdi: “Ailəsinin xidmətində dayanar, namaz vaxtı gələndə dəstəmaz alar, namaza gedərdi”[6].

Abdullah ibn Haris deyərdi:

“Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) qədər hey təbəssüm edən kəsə rast gəlmədim”[7].

Ənəs ibn Malik Peyğəmbəri belə xatırlayır:

“Allahın rəsulu insanların ən əxlaqlısı idi. Əbu Ümeyr adlı süd qardaşımın bir quşcuğazı vardı. Adını “Nüğeyr” qoymuşdu. Bir dəfə quşcuğaz xəstələndi. Peyğəmbər bu balaca uşağın başını tumarlayır və zarafatla deyirdi: “Ay Əbu Ümeyr, gör başımıza nə iş açıb bu “Nüğeyr”!”[8]

Peyğəmbərin ləyaqəti haqda yazılmış kitablardan öyrənirik ki, o, əliaçıq idi, xəsislik etməzdi. Cəsur idi, haqdan heç bir vəchlə üz döndərməzdi. Ədalətli idi, haqsız qərar verməzdi. Sədaqət və etibarlılıq onun sadiq “dostlar”ı idi.

Allah təala müsəlmanlara əmr edir ki, Peyğəmbərin gözəl əxlaqını, ləyaqətini özlərinə nümunə götürsünlər:

“Həqiqətən, Allahın rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab, 21).

Qazi İyaz yazır:

“Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) insanların ən yaxşısı, ən comərdi və ən cəsuru idi. Bir dəfə gecə vaxtı mədinəlilər dəhşətli səs eşidərək qorxuya düşdülər. Adamlar səs gələn tərəfə getdilər. Yolda onları Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) qarşıladı. Aydın oldu ki, Peyğəmbər onlardan qabaq həmin yerə gedib və artıq nə baş verdiyini öyrənib geri qayıdır. Özü də Əbu Təlhənin atını minib, qılıncını da boynundan asıb. İnsanlara ürək-dirək verərək: “Qorxmayın!” – deyirdi”.

Həzrəti Əli (Allah ondan razı qalsın!) deyib:

“Savaş qızışıb, gözləri qan tutanda Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) üçün çox qorxurduq. Çünki düşmənin səflərinə ondan daha çox dalan yox idi”.

Cabir ibn Abdullah (Allah ondan razı qalsın!) belə rəvayət edir: “Elə bir şey yox idi ki, onu Peyğəmbərdən (Ona Allahın xeyir-duası və salamı olsun!) istədiyimizdə “yox” desin”.

Həzrəti Xədicə (Allah ondan razı qalsın!) Peyğəmbərə demişdi: “Sən yıxılmışa dayaqsan, yoxsula əl tutansan. Bəlaya tuş gəlmişlərə də yardım edirsən”.

Bir gün Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) yetmiş min dirhəm gətirmişdilər. Pullar həsirin üzərində idi. Peyğəmbər pulları paylamağa başladı. Gələni əliboş qaytarmadı. Bu minvalla hamısını paylayıb qurtardı, özünə heç nə saxlamadı.

Allahın rəsulu (Ona Allahın xeyir-duası və salamı olsun!) öz səhabələri ilə mehriban davranırdı. Hər bir qəbilənin hörmət-izzət sahiblərinə ehtiram göstərir, valiləri onlardan seçirdi.

İnsanları qoruyur, onları pis əməllərdən çəkindirirdi. Heç kəsə üzünü turşutmaz, kiminsə kefinə dəyməzdi.

Daima səhabələrinin halını soruşardı. Hər birinə ayrı-ayrılıqda qiymət verərdi. Hər kəs düşünürdü ki, Peyğəmbər daha çox onu sevir.

Ehtiyacı üçün yanına gələnlərlə baş-başa oturar, onlar durmadıqca o da yerindən qalxmazdı.

Ondan bir şey istəyəni əliboş geri qaytarmazdı. Ən azından, onu xoş sözlə yola salardı.

İnsanlar onun gözəl əxlaqına valeh idilər. O, onlara ata idi. Ayrı-seçkiliyi sevmirdi. 

Həmişə üzü gülürdü. Xasiyyəti ürəkaçan idi. Yumşaq təbiəti vardı. Qaba deyildi. Nə bağırar, nə hay-küy salar, nə də nalayiq danışardı. Nə çoxluca məzəmmət edər, nə də həddən artıq tərifləyərdi. Tərifçilik və məddahlıqdan xoşu gəlməzdi. Xoşlamadığı bir şey gördüyündə özünü görməzliyə vurar, səbəbkara bədbin yanaşmazdı.

Həzrəti Aişə (Allah ondan razı qalsın!) belə rəvayət edir:

“Heç kəs Peyğəmbərdən (Ona Allahın xeyir-duası və salamı olsun!) daha gözəl əxlaqa sahib deyildi. Səhabələrindən və ya ailə üzvlərindən biri onu çağırdığı zaman “buyur” (ərəbcə: ləbbeyk) deyərdi”.

Cərir ibn Abdullah (Allah ondan razı qalsın!) deyib:

“Yadıma gəlmir ki, müsəlman olmağımdan sonra Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) hər dəfə mənimlə görüşdüyündə üzümə gülümsəməsin”.

Səhabələri ilə zarafat edir, onlara qaynayıb-qarışır, uşaqlarla oynayır, onları arxasına götürürdü.

Azad, kölə, cariyə (kəniz), kasıb, dul – hər kəsin dəvətini qəbul edər, Mədinənin ən ucqar yerlərinə xəstə ziyarətinə gedərdi. Üzrlü şəxslərin üzrxahlığını başa düşərdi.

Ənəs ibn Malik (Allah ondan razı qalsın!) rəvayət edir ki, birisi əyilib Peyğəmbərin qulağına söz demək istədiyində başını elə tuturdu ki, sanki özü həmin şəxsə nə isə demək istəyir. Əllə görüşdüyü zaman qarşı tərəf əlini çəkmədikcə o da çəkməzdi. Rastlaşdığı şəxsə əvvəlcə salam verər, sonra hal-əhval tutardı. Səhabələri ilə görüşdüyündə əllərini sıxardı.

Evinə gələnə ehtiram göstərər, bəzən paltarını yerə sərər, bəzən də yastığını qonağına verərdi ki, üzərində əyləşsin. Qonağı istəməsə də, israr edərdi ki, yastığının üzərində otursun.

Səhabələrinə künyələr qoşar, onları ən gözəl adlarla çağırardı. Çünki onlara hörmət edirdi. Heç kəsin sözünü ağzında qoymazdı. Gözləyərdi ki, qarşı tərəf sözünü tamamlasın, ya da ara versin.

Ənəs ibn Malik (Allah ondan razı qalsın!) rəvayət edir ki, bir dəfə Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) bir hədiyyə gətirmişdilər. Dərhal belə demişdi: “Bu hədiyyəni filankəsin evinə aparın. O, Xədicənin rəfiqəsidir və onu (sağlığında) çox sevirdi”[9].

Həzrəti Aişə (Allah ondan razı qalsın!) deyirdi:

“Xədicəni qısqandığım qədər heç bir qadını qısqanmadım. Peyğəmbər onun barəsində çox danışırdı. Qoyun kəsdiyi zaman onun rəfiqələrinə də pay göndərərdi. İmkan yaratmışdı ki, Xədicənin bacısı tez-tez onun yanına gəlsin. Hər dəfə gəldiyində Peyğəmbərin eyni açılardı. Bir gün Peyğəmbərin yanına bir qadın gəlmişdi. Gəlişinə çox sevindi, hal-əhval tutdu. Qadın getdikdən sonra dedi: “O, bizə Xədicə sağ ikən gəlib-gedərdi. Vəfakarlıq imandandır”.

Əbu Qətadə (Allah ondan razı qalsın!) danışır ki, bir dəfə Nəcaşinin göndərdiyi adamlar gəlmişdilər. Peyğəmbər özü (Ona Allahın xeyir-duası və salamı olsun!) onlara qulluq etməyə başladı. Səhabələri ona etiraz etdilər: “Bəsdir sən etdin, indi də biz edək.” Peyğəmbər dedi: “Onlar səhabələrimizə böyük ehtiram göstəriblər. Mən də onlara eyni ehtiramı göstərmək istəyirəm”.

Əbu Ümamə (Allah ondan razı qalsın!) deyib: “Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) əsasına söykənə-söykənə yanımıza gəlmişdi. Onu görüncə ayağa qalxdıq. Dərhal dilləndi: “Bir-birlərinə baş əyərək ayağa qalxan yadellilər (əcəmlər) kimi etməyin”.

Başqa bir yerdə demişdi: “Mən də adi bəndəyəm, adi bəndələr kimi yeyir və otururam”.

Qatırına mindiyi zaman tərkinə başqalarını da alardı. Yoxsullara baş çəkir, kasıb-kusubla oturub-dururdu. Səhabələri ilə yanbayan əyləşərdi. Məclislərdə başa keçməz, harada boş yer görsə, orada da oturardı.

Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) dəvə belində, əynində də dörd dirhəmlik nimdaş əba ilə həcc etmiş və belə dua etmişdi: “Allahım, riyadan uzaq həccimi qəbul et”.

Məkkəni fəth edib, ordusu ilə oraya daxil olduğu zaman dəvəsinin belində idi. Ancaq təvazökarlığından başını o qədər əymişdi ki, az qala, dəvənin belinə toxunsun.

Susmağa üstünlük verər, yersiz danışmağı xoşlamazdı. Ağzını şərə açan, hərzə-hədyan danışanlardan üzünü çevirərdi.

Gülməyi təbəssüm şəklində idi. Konkret və aydın danışar, nə uzunçuluq edər, nə də söz deməkdə xəsislik göstərərdi.

Səhabələri də onun yanında təbəssümlə gülərdilər. Çünki onu özlərinə nümunə götürmüşdülər.

Onun əyləşdiyi yerdə mülayimlik, xeyir və əmin-amanlıq olardı. Nə ucadan bir səs eşidilər, nə də kiminsə xətrinə toxunulardı. Danışmağa başlayan kimi, səhabələri başlarında quş varmış təki sakitcə onu dinləyərdilər.

Aramla yeriyər, nə tələsər, nə də ləngiyərdi.

İbn əbu Halə (Allah ondan razı qalsın!) belə xatırlayır: “Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) dörd məqamda: tədbirli davrandığı, ehtiyat etdiyi, düşünüb-daşındığı və fikirləşdiyi zaman danışmazdı (susardı)”.

Həzrəti Aişəyə (Allah ondan razı qalsın!) görə, Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) elə aydın və rəvan danışırdı ki, dediyi sözləri saymaq olardı.

Xoş şeyləri, gözəl qoxuları sevir, ətirdən tez-tez istifadə edirdi.

Ardı-arda qələbələr qazansa da, dünyanın “tez solan gülü”nə aldanmadı. Ailəsini dolandırmaq üçün vəfatından qabaq bir yəhudiyə zirehini girov qoymuşdu. Dünyadan köçdü, zirehini də geri almağa macal tapmadı.

Məhəmməd Qəzali

Tərcümə etdi: Məmmədov Elvüsal

/AzeriMuslims/

[1] Hədisi İmam Buxari rəvayət etmişdir.

[2] Hədisi İmam Müslim rəvayət etmişdir.

[3] Hədisi Tirmizi rəvayət etmişdir.

[4] Hədisi Müslim rəvayət etmişdir.

[5] Hədisi İmam Buxari rəvayət etmişdir.

[6] Hədisi İmam Müslim rəvayət etmişdir.

[7] Hədisi Tirmizi rəvayət etmişdir.

[8] Hədisi Tirmizi rəvayət edib.

[9] Bu, Həzrəti Xədicə vəfat etdikdən sonra baş verib.

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.