İslami Manşet Məqalələr — 02 March 2015

Uşaqlarımızı tərbiyə etdiyimiz zaman nəyi öyrətdiyimizdən daha çox necə öyrətdiyimiz önəmlidir. Əlbəttə, insanlara, xüsusilə də uşaqlara öyrətdiyimiz şeylər yaxşı, gözəl, onların özü və cəmiyyət üçün faydalı şeylər olmalıdır. Eyni zamanda bu faydalı və gözəl şeyləri gözəl metodlarla onlara çatdırmalı və öyrətməliyik.

Şagird müəllimini sevmirsə, deməli onun tədris etdiyi fənni də sevmir. Odur ki, yaxşı müəllim  özünü sevdirməyi bacarmalıdır. Şagirdlərinin problemləri ilə maraqlanmalı, onları sevməli, gülərüz olmalı, pozitiv düşünməli, bir sözlə, özünü peşəsinə və şagirdlərinə həsr etməlidir.

Allahın rəsulu da (s.ə.s.) özünü bütünlüklə vəzifəsinə həsr etmişdi. Bir tərbiyəçidə vacib olan cəhətlərin hamısı peyğəmbərimizdə artıqlaması ilə var idi.

Psixoloqlar sözün deyiliş tərzinin sözün özündən daha vacib olduğunu qeyd edirlər. Aparılan tədqiqatlara görə insanlararası münasibətlərdə söz və ifadələr 7%, səs tonu 38%, jest, mimika və bədən dili isə 55% rol oynayır. (1)

Dediklərimiz bədən dili ilə təsdiq edilməzsə, sözümüzün təsiri olmaz. Bu səbəbdən sözlərimizə uyğun bədən dilindən istifadə etməli, söylədiklərimizin müsahibimizə istədiyimiz təsirinin olması üçün lazımi effektiv üsulları seçməliyik. Qəlbdən çıxan söz qəlbə girər – deyirlər. Dodaqdan çıxan söz isə qulaqdan o yana keçməz. Odur ki, qəlblərə gedib çata biləcək sözlər seçməliyik.

Həzrəti Peyğəmbər (s.ə.s.) bütün zamanların ən gözəl və könüllərə gedən yolları bilən xətibidir. Elə ona görə də, qəlblərin sevimlisi oldu, danışarkən insanlara təsir edən, onları düşündürən üslubdan istifadə etdi, özünü və dinini sevdirə bildi. 

Peyğəmbərimizin fərqli və təsiredici metodlarını aşağıdakı başlıqlar halında nəzərdən keçirək:

  1. İnandırır, ümid və müjdə verirdi

 İslam – iman və ümid dinidir. İnsan etmək istədiyi şeyin gözəl və real olduğuna inanmazsa, onu həyata keçirməyə cəhd etməz. İnsanı hərəkətə gətirən, ona təkan verən ən gözəl güc – inancdır. Elə islamda da ən önəmli xüsusiyyət imandır.

Sevgili Peyğəmbərimiz insanlara davamlı olaraq ümid və müjdə verirdi. İslamın möminlərə cənnəti qazandıracağına, onları cəhənnəmdən qurtaracağına, ən önəmlisi isə – Allahın rəhmətinə qovuşduracağına inandırırdı. Ən çətin vəziyyətlərdə belə Allah Rəsulu möminlərə ümid və müjdə verməyi unutmur, çətinliklərin rahatlıqla və gözəlliklə əzəz olunacağını söyləyirdi.    

“İran, Şam və Yəmən fəth ediləcəkdir!”

Xəndək döyüşü ərəfəsində şəhər 10 min düşmən əsgəri tərəfindən mühasirəyə alınmışdı. Müsəlmanların sayı isə az idi və onlar həyatda qalmaq üçün mücadilə edirdilər. Səhabələr xəndək qazarkən çətin parçalana biləcək bir qayaya rast gəldilər və Peyğəmbərimizdən kömək istədilər. Allah Rəsulu əlindəki külünglə qayaya zərbə endirdi, bir parçasını qopardı və bu müjdəni verdi:

– Mənə Şamın açarları verildi!

 Qayaya yenə zərbə endirdi, ikinci parçanı qopardı və daha bir müjdə verdi:

– Mənə İranın açarları verildi!

Üçüncü dəfə qayaya zərbə vuraraq, əvvəlkilərdən də böyük parça qopardı və üçüncü müjdəni verdi:

– Mənə Yəmənin açarları verildi! (2)

  1. Gözəl davranışları təqdir edir və mükafatlandırırdı

Bəyənilmək və təqdir edilmək insanların çox xoşladığı bir haldır. Sosial varlıq olan insan başqalarına özünü bəyəndirmək, sayılıb seçilmək və hörmət görmək istəyir. Bu hiss uşaqlarda daha güclüdür, onlar böyüklər tərəfindən bəyənildikdə çox sevinirlər. Nəyi doğru, nəyi səhv etdiklərini hərəkətlərinin böyüklər tərəfindən bəyənilməsinə baxaraq müəyyən edirlər.

İbn Abbasın rəvayət etdiyinə görə:

“Bir gün Peyğəmbər (s.ə.s.) ayaqyoluna getdi, mən də onun dəstəmaz alması üçün bir qabda su hazırladım. Peyğəmbərimiz su dolu qabı görüncə kimin hazırlayıb qoyduğunu soruşdu. Mənim hazırladığımı eşitdikdə: “Allahım, onun dindəki biliklərini artır!” – deyərək mənə dua etdi.”

İbn Abbasın gözəl hərəkətinə görə peyğəmbərimiz onu dua ilə  mükafatlandırmışdı.

  1. Sual verərək maraq oyadırdı

Danışacağı mövzuya diqqət çəkmək, maraq oyatmaq məqsədilə sual verərdi.

Bir gün səhabələrdən: “Müsəlman kimdir, bilirsinizmi?” – deyə soruşdu.

Onlar da: “Allah və Rəsulu daha gözəl bilir”, – deyə cavab verdilər.

Dinləyənlərin diqqətini mövzuya yetərincə çəkdikdən sonra: “Müsəlman – digər müsəlmanların əlindən və dilindən zərər görmədikləri insandır”- buyurdu.

Sonra: “Mömin kimdir?” – deyə soruşdu. Səhabələr yenə:

 “Allah və Rəsulu daha gözəl bilir”, – dedilər. Peyğəmbər bu sualına:

“Mömin o kəsdir ki, digər möminlər canları və malları barəsində ondan arxayındırlar”, – deyərək cavab verdi. (3)

Allahın rəsulu sual verərək mövzuya qarşı maraq oyadır, dinləyənlərin fikrini cəmləşdirir, bundan sonra söyləyəcəklərinə keçid edirdi.

Məsələn, insan bilmədiyi dildə eşitdiyi bir şeyi o anda yadda saxlaya bilməz. Bunun üçün müəllimin dinləyicilərə suallar verərək, onların diqqətini lazımi məqamlara yönəltməsi, yadda saxlanılmalı yerləri xüsusi olaraq vurğulaması gərəkdir. 

  1. Tədriciliyə riayət edirdi

Kainatda tədricilik qanunu vardır. Hər şeyin yetişməsi üçün müəyyən zaman tələb olunur. Bir cücərti müəyyən dövrdən sonra böyüyüb ağac olur və bar verir. 

Xarici aləmdəki bu inkişaf qanunları insanın daxili aləmi və xarakteri üçün də keçərlidir. Zehnimizin inkişafı və mənəvi tərbiyə üçün də zamana ehtiyacımız vardır.

Məsələn, islamın ilk illərində namazı səhər və axşam olmaqla gündə iki dəfə qılmaq əmr olunmuşdu. (4)

Müsəlmanlar namaza alışdıqdan və ruhən buna hazır olduqdan sonra beş vaxt namaz əmr olundu. (5)

İçkinin qadağan olunmasında da tədricilik vardır. Əvvəlcə içkinin zərərinin faydasından çox olduğu bildirilmiş, namazı içkili halda qılmamaq əmr edilmişdi. Daha sonralar içki tamamilə qadağan edilmişdi. 

  1. Danışarkən misallar gətirirdi

Tərbiyə prosesində örnəklərin böyük əhəmiyyəti vardır. Uşaqların ibrət  alması üçün danışılan müxtəlif rəvayətlər, gətirilən misallar onların yaddaşına daha yaxşı həkk olur. Peyğəmbərimiz namazın əhəmiyyətini müsəlmanlara çatdırmaq üçün belə bir misal gətirmiş və soruşmuşdu:

“Qapımızın önündən bir çay axsa və biz gündə beş dəfə o çayda yuyunsaq, heç bizdə çirk olarmı?”

Onu dinləyənlər: “Xeyr, çirkdən əsər-əlamət qalmaz”, – deyə cavab vermişdilər.

Bu cavabdan sonra Allahın rəsulu: “Beş vaxt qılınan namaz da elədir, bu vasitə ilə Allah Təala bizim günahlarımızı silir”, – demişdi. (6)

  1. Başa salarkən rəvayətlərdən istifadə edirdi

Sevimli peyğəmbərimiz (s.ə.s.) keçmiş dövrlərdə baş vermiş hadisələri də rəvayət edir və bu vasitə ilə səhabələrə dərs verirdi.

Əbu Hüreyrə belə bir hadisə nəql etmişdir:

“Bir köpək susuzluqdan öləcək halda su quyusunun kənarında dolanırdı. İsrail oğullarından olan bir əxlaqsız qadın köpəyin halını görüncə ayaqqabısını başörtüsünə bağlayıb quyuya salladı və su çıxararaq köpəyə verdi. Qadının bu yaxşılığı onun günahlarının bağışlanmasına səbəb olmuşdu.” (Müslüm, Tövbə 155/2245)

“Bir qadın ölməsi üçün bağlı halda qoyduğu heyvana görə cəhənnəmə girmişdir. Qadın bu heyvanı ac-susuz buraxmış, yerdəki həşəratlardan da yeməyə imkan verməmişdi.” (7)

Rəvayət kimi verilən məlumat insan zehnində daha asan qalır və gec unudulur. Uşaqlarımıza dinimizlə bağlı rəvayətlər oxumalı, tarixi hadisələrdən danışmalı və bəhs etmək istədiyimiz mövzunu rəvayətlər vasitəsilə çatdırmağa üstünlük verməliyik.

  1. Uşaqları məscidlərə aparırdı

Alınan bilikləri həyatda tətbiq edərək və yaşayaraq öyrənmək – ən effektiv  öyrənmə üsuludur. İnsan eşitdiyini unuda bilir, gördüyünü xatırlayır, amma elədiyini öyrənir.  

Peyğəmbərimiz (s.ə.s.) uşaqları tez-tez məscidə aparar, burada gördüyü başqa uşaqlara da diqqət göstərərdi. Kiçik nəvəsi Ümaməni çiyinlərinə oturdararaq məscidə gətirərdi. Məsciddə camaatla namaz qılarkən Ümamə də orada gözləyərdi. (8)

Yalnız namaz vaxtlarında deyil, bayram namazlarında da Həzrəti Həsən və Həzrəti Hüseyn məscidə gəlib peyğəmbərimizə (s.ə.s.) yanaşar, o da nəvələri ilə gözəl davranardı.

Bəzən də peyğəmbərimiz (s.ə.s.) özü nəvələrini məscidə gətirərdi.

İbn Abbas peyğəmbərimizlə birlikdə bayram namazına getdiyini, orada namaz qıldığını və bunun ardınca Peyğəmbərimizin verdiyi xütbəni dinlədiyini söyləmişdi. (9)

Bu da məlumdur ki, peyğəmbərimiz (s.ə.s.) Abdullah ibn Ömər, Əbu Səid əl-Xudri kimi uşaqları o dövrün məktəbi olan Süffəyə aparmış və onların orada təhsil almalarının qayğısına qalmışdı. Lakin Süffə məktəbi uşaqların təhsil alması üçün uyğun olmadığından, Mədinənin müxtəlif məhəllələrində hazırlıq kurslarına bənzər məktəblər açdırmışdı.

  1. Uşaqlara səbirli olmağı öyrədirdi

Hamımız həyatda uğurlar qazanmaq və xoşbəxt olmaq istəyirik. Lakin qələbələr çox zaman böyük səbir nəticəsində əldə edilir. Çalışmadan, əziyyət çəkmədən uğur əldə etmək mümkün deyildir. Onu da nəzərə alaq ki, bu dünya imtahan yeridir, rahatlıq və xoşbəxtlik yeri deyildir. İmtahanı verərkən insan xoşbəxtlik barədə düşünmür, imtahanı uğurla vermək üçün çalışır və buna nail olduqda sevinir.

Qurani-Kərimdə Allah Təala bizə səbri tövsiyə edir və səbir sayəsində cənnətə girəcəyimizi xəbər verir. “Səbir etmələrinin əvəzi olaraq cənnət və (geyim olaraq) ipək bəxş edər” (İnsan, 76/12)

Peyğəmbər (s.ə.s.) demişdir: “Səbir edən zəfərə çatar”.

  1. Uşaqları işə alışdırırdı

Uşaqları müstəqil həyata hazırlamalı, onlara pul qazanıb dolana biləcəkləri bir sənət öyrətməliyik.

Peyğəmbərimiz Mədinəyə gəldiyi zaman təxminən on yaşında olan Həzrəti Ənəsi öz himayəsinə götürdü və on il müddətində yanında saxladı. Peyğəmbərimiz Ənəsə müxtəlif işləri görməyi tapşırırdı. Bu zaman Ənəsi heç acılamır, mehriban davranışı ilə tapşırılan işləri gözəl şəkildə yerinə yetirməkdə ona dəstək olurdu. (10)

Peyğəmbərimiz (s.ə.s.) uşaqlara yaşlarına və bacarıqlarına görə iş buyurur, ağır işləri onlara tapşırmırdı. Xeybər qalasının fəthi ərəfəsində bütün yol  boyu, eyni zamanda dincəlmək üçün durduqları yerdə Həzrəti Ənəs peyğəmbərimizə kömək etmişdi. (11)

Uşaqları bu yolla işə alışdırarkən onlar həm öz bacarıqlarını inkişaf etdirir, həm də başqalarına kömək etmiş olurlar. Hər vasitə ilə uşaqlara bilik və bacarıqlarını təkmilləşdirmək üçün fürsət vermək, onların inkişafına imkan yaratmaq lazımdır.

Bacarıq və qabiliyyətlərini vaxtında inkişaf etdirmək imkanı olan uşaqlar müstəqil həyata daha inamla atılır, öz dolanışıqlarını rahat təmin edə bilirlər. Onlara vaxtında bu imkanı vermək çox önəmlidir.

  1. Mülayim və mehriban davranırdı

Uşaq tərbiyəsinin təməli sevgi, şəfqət və mehribanlıqdır. Uşaqların bəzən səhv davranmaları olduqca təbiidir. Böyüklərin belə çox zaman xətalı davranışları olur.

Peğəmbərimiz (s.ə.s.) heç zaman heç bir uşağı döymədiyi kimi, fiziki cəza və şiddəti heç bir şəkildə tərbiyə metodu kimi tövsiyə etməmişdir.

Fiziki cəza və şiddət uşağın qabiliyyətini artırmadığı kimi, onun kobud davranan müəllimləri və valideynləri ilə ünsiyyətinin azalmasına da səbəb olur. Kobud davranışı olan müəllimi uşaqlar sevmir, ona nifrət edir və bu müəllimin şagirdlərinə təsiri azalır. 

Sevdirmək, nifrət etdirməmək, asanlaşdırmaq tərbiyəçinin vəzifəsidir. Sevimli Peyğəmbərimiz də bizə sevdirməyi və çətinləşdirməməyi tövsiyə etmişdir.

Məscidi zibilləyən bədəviyə qarşı dözümlü davranması

Əbu Hüreyrə rəvayət etdiyinə görə:

Bir bədəvi peyğəmbərimizin məscidində dəstəmazını pozmuşdu. Məsciddəki müsəlmanlar bunu görən kimi əsəbiləşmiş, ona qışqırmış, yerlərindən qalxıb döymək üçün onun üstünə getməyə başlamışdılar. Bunu görən Peyğəmbər Əfəndimiz müsəlmanlara belə əmr etdi:

“Onu buraxın. Sidiyi olan yerə bir vedrə su tökün və oranı təmizləyin. Sizlər asanlaşdırmaq üçün göndərildiniz, çətinləşdirmək üçün deyil…” (12)

Həzrəti Aişə peyğəmbərimizin belə dediyini söyləmişdir:

“Şübhəsiz ki, Allah çox mehriban və mülayimdir, hər işdə mülayimliyi sevər”.

  1. Danışdıqlarının yaddaşlarda möhkəmlənməsi üçün sözlərini təkrarlayardı

Tərbiyədə vacib məqamlara vurğu etmək, onları təkrarlamaq mühüm üsullardan biridir. Uşaq təkrarlanan şeylərin mühüm olduğunu anlayır və daha yaxşı yadda saxlamağa çalışır. Biz böyüklər də yadda saxlamaq istədiyimiz məlumatları tez-tez təkrar edirik. Təkrar nəticəsində məlumat qısa müddətli hafizədən uzun müddətli hafizəyə keçir və yaddaşa möhkəm yerləşir.

Bu səbəblə Peyğəmbərimiz səhabələrinə yeni biliklər öyrədərkən, üç dəfə təkrarlayar və önəmli şeylərin onların yaddaşında qalmasına çalışardı. Eyni zamanda, dinləyənlər də yadda saxlamaq istədikləri məlumatı qavrama səviyyəsinə görə zaman-zaman təkrarlamalıdırlar. İnsanların qabiliyyəti fərqlidir, bəziləri məlumatı eşidən kimi onu yadda saxlayır, bəziləri isə dəfələrlə təkrarlamalı olur.

Ənəs demişdi ki: “Allahın rəsulu (s.ə.s.) bir cümlə söyləyərkən insanlar onu başa düşənə qədər üç dəfə təkrarlayardı. Bir camaata yaxınlaşdığı zaman salam verirdi. Danışarkən nə az, nə də çox danışardı, sözünün arasına lazımsız kəlmələr qoyaraq sözü uzatmaz, təm-təraqlı cümlələr qurmaqdan xoşu gəlməzdi”. (13) 

 Əli Ərkan Kavaklı

Ardı var…

Tərcümə etdi: Zülfiyyə Əmrahlı

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.