Sultan bəy Əlipaşa bəy oğlu Muradov

1871-ci ildə Laçının Kürdhacı kəndində doğulub. 1955-ci ildə Türkiyənin Qars vilayətində vəfat edib. Bir sıra mənbələrdə Sultan bəy Muradov kimi qeyd edilir. Xalq qəhrəmanıdır.

Sultan bəy 1871-ci ildə Zəngəzur mahalının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında (Hazırda Laçın rayonunun Kürdhacı kəndi) anadan olub. Atası Paşa bəydir. Bir müddət Muradov soyadını daşıyan Sultan bəyin familiyası babası Xanmurad bəyin adından götürülüb.

Mənbələrin qeyd etdiyinə görə, Sultan bəy doğularkən atası onun adını Əsəd qoyub. Daha sonra isə Əsəd adı unudulub və o, obada Sultan bəy çağırılıb. Təhsil almaq arzusunu anasına deyən Sultan bəyin bu istəyini anası atasına çatdırır. Əlipaşa bəy isə obalarının savadlı şəxsi Molla Xudaverdi Tanrıverdi oğlunu çağırıb, azyaşlı Sultanı öyrətməsini tapşırır. Sultan bəy beləcə bir neçə il Molla Xudaverdidən ərəb əlifbasını öyrənir. Daha sonra isə atası onu Şuşa şəhərinə, qəza məktəbinə göndərir.

Şuşa qəzasında orta məkbəti bitirdikdən sonra Sultan bəy Gəncə şəhərində gimnaziyada təhsil alır. Orta təhsilini tamamladıqdan sonra isə Rusiyanın Sankt-Peterburq şəhərinə yollanır. Sankt-Peterburqa gələn Sultan bəy burada dövrün ən tanınmış hərbi məktəbi sayılan Sankt-Peterburq Hərbi Akademiyasına daxil olur. Lakin bəzi səbəblər ucbatından Sultan bəy akademiyadakı təhsilini tamamlaya bilmir. Bəziləri onun qiymət üstündə müəllimlə mübahisə etdiyini deyirlər. Akademiyanın müəllimləri yüksək çinli zabitlər, müdavimləri isə əsgər sayılırdılar. Əsgərin zabit üzünə qayıtması böyük qüsur sayılırdı. Bəziləri isə Sultan bəyin atası Əlipaşa bəy Xanmurad bəy oğlunun xahişi ilə Akademiyanı yarımçıq buraxıb geri, doğma vətənə dönmüşdü.

Sultan bəy doğma yurdu Qasımuşağı obasına qayıdıb əmək fəaliyyəti ilə məşğul olmağa başlayır. Əvvəlcə maldarlıqla məşğul olan Sultan bəy sonralar qoyunçuluqla məşğul olaraq, Yağ-pendir zavodu tikdirir.

Bu illərdə Sultan bəy maldarlıqla yanaşı, meşəçiliklə də məşğul olur. O, Hacısamlı nahiyəsinin ərazisində olan meşələrdən taxta istehsal edərək, xarici bazara satır.

Qafan mis mədənləri, Bərgüşad çayının axarı boyu inkişaf etmiş kənd təsərrüfatı, Çalbayır maldarlıq mülkləri Sultanbəylər ailəsinə məxsus idi. O, bununla rayon əhalisinin gün-güzəranının yaxşılaşdırılmasına çalışmışdır. Dinc əməklə məşğul olan Sultan bəyin ailəsinin də var-dövlətinin mühafizə etmək üçün çox da böyük olmayan süvari dəstəsi vardı.

Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci il erməni-müsəlman hadisələri ilə bağlıdır. Belə ki, müsəlman dəstələrindən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq edirdi, onun isə ən yaxın yardımçısı böyük oğlu Sultan bəy idi.

Sultan bəyin fəaliyyətinin ikinci hissəsi 1918-ci il hadisələri ilə bağlıdır. 1918-ci ildən başlayan erməni-müsəlman müharibəsində Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki müsəlman kəndlərinin mühafizə olunmasında mütəsna xidmətləri olmuş, Zabux dərəsində mühasirəyə alının Andranikin dəstəsinin əsas hissəsi məhv edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmiş və onlardan 600 nəfər əsir alınmış, İrana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında Sahil əməliyyatı ilə məhv edilmiş, Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənmişdir.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Sultan bəy 1923-cü ildə qardaşı Xosrov bəy Sultanov ilə Türkiyəyə pənah apararaq, Ərzurum vilayətində yaşamış və 1955-ci ildə Qars vilayətinin Köçkoy kəndində vəfat edib.

Sultan bəy Teymur bəy Həsənbəyovun qızı Dilruba xanımla ailə həyatı qurub və cütlüyün 3 oğlu və bir qızı dünyaya gəlib. Sultan bəyin arvadı, üç oğlu və bir qız övladı isə Sovet hökuməti tərəfindən Qazaxıstan çöllərinə sürgün edilmişdir. Ailə 1956-cı ilə qədər sürgündə qaldıqdan sonra yenidən Azərbaycana gəlmişlər.

/AzeriMuslims/

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.