Manşet Maraqlı Məqalələr — 15 January 2015

Fikirləşdim ki, islamın bir övladı olaraq belə bir böhranlı vəziyyətdə nə edə bilərəm. Qərar gəldim ki, fikirlərimi sizlərlə bölüşüm.

İslam və qeyri-islam, o cümlədən Qərb dəyər sistemində anlayışların təfsilatlı izahı haqqında bəzi mülahizələrim var.

Təbii ki, müasir xristian Qərbindən yazacağam. Belə ki müasir dövrdə xristian dəyərlər sisteminə əsaslanan sivilizasiya yoxdur. İndiki dövrdə xristianların yaşadığı dövlətlər deizmə əsaslanan ultra-liberal fəlsəfəni həyat tərzi seçmişdir.

Təbii ki, Allah anlayışının müqayisəli təhlilindən başlayacağıq… Yanlışlarım olarsa, dini dəlillərlə düzəliş verənlərə təşəkkür edirəm. Razılaşmayanlara da deyirəm: Dəyərlər sistemimiz fərqlidir.

İslam dəyərlər sistemində Allah yaradır. Yaratdığı ilə əlaqəsini kəsmir, onun həyatının bütün təzahürlərində təcəlli edir. Özünü hiss etdirir. Bir müsəlman istər ticarətində, istər ibadətində, istər ictimai münasibətlərində “Allah nə deyir?” sualı ilə çıxış edir, bunun cavabına uyğun davranır. Söhbət prinsipial olaraq bu dəyərləri əsas götürən müsəlman şəxsiyyətdən gedir. O, məsum və günahsız deyil, amma prinsiplərində Allah anlayışı budur. Allah müsəlmanın praktik ibadətlər baxımından, ən azı, gündə beş vaxt yanındadır. İbadət sisteminin mükəmməlliyi istər Allahdostu (vəli), istər adi müsəlman olsun, insanı Allahdan qafil etmir. Allah bir müsəlmanın həyatının hər bir tərəfində mövcuddur.

Qeyri-islam, xüsusən Qərb fikrində Allah… Təbii ki, bu qərbli Allahın varlığına inanırsa. Allah onun gündəlik həyatında praktiki olaraq mövcud deyildir. Allah onun anlayışında yaradır və heç nəyə qarışmır. Onun arvadı ilə, uşaqları ilə, cəmiyyətlə münasibətlərini mənfəət tənzimləyir. Allaha əsaslanan əxlaq anlayışı yoxdur, onda cəmiyyətdə qarşılıqlı rifahın yaranmasına söykənən etika anlayışı vardır. Onun həyatında ibadətlər sisteminin davamlılığına ayıracağı vaxt da yoxdur. Çünki əsiri olduğu kapitalizm ona bu işi lazımsız görür. Yaxın mənfəət prinsipi onun üçün uzaq cənnətdən daha yaxşıdır. Onun üçün kilsə arada bir gedib ürək boşaltmaq üçündür. Psixoloji sarsıntılar zamanı bu qərbli üçün Ziqmund Freyd daha yaxındır, nəinki keşiş. Axı onun keşişi, xüsusilə son hadisələrdə öz davranışı ilə onun nəzəriyyəsinin bir oyunçusuna çevrilmişdir…

Allah anlayışlarımız fərqlidir. Əgər xristian dəyərləri ilə yaşayan bir cəmiyyət olsa idi, yaxınlığımız daha çox olardı. Amma Qərbdə o dəyərləri öz nəzəriyyələri ilə Ziqmund Freyd, Karl Marks və digərləri çoxdan öldürdü. Adam Smitt isə evini yıxdı. Çünki müasir kapitalizmin ilk nəzəriyyəsi mütləq üstünlüklər idi…. bu düşüncə indi də hakim deyilmi?! Öz ana xətti ilə…

Azər Hüseynov

/AzeriMuslims/

 

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.