İslami Məqalələr — 17 May 2014

Bu məqalədə İslam Peyğəmbərinin (Ona Allahın salamı və xeyir-duası olsun!) Mədinədəki həyatına, xüsusilə oradakı icraatlarına ilham qaynağı olan tolerantlıq mövzusuna diqqət çəkəcəyik.

Həqiqətən də Həzrəti Məhəmmədin (Ona Allahın salamı və xeyir-duası olsun!) həyat hekayəsi dərin bir okeana bənzəyir. Bununla bağlı cildlərlə kitab qələmə alınsa da yenə də kifayət etmir. Onun həyatı ilə bağlı yazılan kitabların əksəriyyətində İslamın Məkkə dövründən daha çox Mədinədə yayılmasına və bu istiqamətdəki fəaliyyətlərə diqqətlər yönəlir. Bunun səbəbi Həzrəti Peyğəmbərin (Ona Allahın salamı və xeyir-duası olsun!) həyatının iki böyük dövrə-Məkkə və Mədinə dövürlərinə ayrılması ilə əlaqədardır.

Məkkədə təbliğ fəaliyyətinə başlayan Peyğəmbər burada zülmə uğradıqdan sonra böyük çətinliklərlə qarşılaşır. Ancaq bu çətinliklər qarşısında beli bükülməyən, cəsarəti qırılmayan Həzrəti Məhəmməd (Ona Allahın salamı və xeyir-duası olsun!) doğma vətənini tərk etmək məcburiyyətində qalır. Ancaq bunu edərkən şan-şöhrət, gedəcəyi yerdə daha yaxşı şəraitdə yaşayacağı ümidilə bu yola əl atmamışdır. Məkkəni tərk edərkən ona qarşı hazırlanan suqisəd planının önünü kəsmək niyyəti var idi. Həqiqətən də məkkəlilər onlar üçün təhlükə mənbəyi hesab edilən bu yeni axının, yəni İslamın qarşısını almaq üçün onun öndərini aradan qaldırmaq niyyətində idilər. Ancaq o dövrün Ərəbistanında bu işi həyata keçirmək elə də asan bir iş deyildir. Bunun üçün ailə bağları və qəbilə təəssübkeşliyi bu niyyətin həyata keçirilməsinin qarşısını alırdı.

Çünki qəbilədən kimsə öldürülərdisə, həmin qəbilə üzvləri öldürürlənin qisasını almaq üçün bir yerə toplaşar və buda qəbilələr arasında böyük qarşıdurmaların yaranmasına zəmin yaradardı. Bunun üçün də bu pis niyyəti həyata keçirmək istəyən müşriklər bir qəbilədən deyil, bir çox qəbilədən bu suiqəsdi həyata keçirəcək bir cinayətkar dəstə düzəltməyi planlaşdırırlar. Planlaşdırırlar ki, şübhələri öz üzərlərindən asanlıqlar ata bilsinlər.

Bu suiqəsdə məruz qalmamaq üçün Məkkəni tərk edən Həzrəti Peyğəmbər (Ona Allahın salamı və xeyir-duası olsun!) Mədinədə yeni bir həyata başlayır. Onu da qeyd edək ki, elə ilk gündən bəri İslam nə bir qəbilə, nə bir irq, nə də bir ərəb dini olmuşdur. Əksinə elə ilk gündən bəri bu din bütün insanlığa səslənən bir din olmuşdur. Bu dediklərimizi peyğəmbərimizin (Ona Allahın salamı və xeyir-duası olsun!) qeyri-müsəlmanlara söylədiyi bu sözlərdə də açıq-aydın görə bilirik: “Əgər siz mənim dinimə girsəniz və Allahın mənə bildirdiyi əmirləri yerinə yetirsəniz dünyanın iki böyük gücünün –Bizans və Kisranın xəzinələri önünüzə səriləcəkdir.” Demək ki, İslam sadəcə Ərəbistanı deyil, o dövrün iki böyük dövləti Bizans və Sasani İmperiyası da daxil, bütün dünyanı ehtiva edirdi.

Məkkə dövrü ilə bağlı digər bir kiçik nüans isə Həzrəti Peyğəmbərin (Ona Allahın salamı və xeyir-duası olsun!) bir işi görmək istədiyi zaman bizlərə nələri edə biləcəyi ilə bağlı bir fikir verməsi ilə əlqədardır. Mədinəyə hicrətində əvvəl son illərdə bəzi mədinəlilər İslamı qəbul edərkən onların hər birinin hansı qəbiləyə aid olduğunu soruşmuşdur. Hələdə o dövürdə İslamı qəbul edənlər on iki ayrı qəbilənin üzvləri idilər. Elə o vaxt Həzrəti Peyğəmbər (Ona Allahın salamı və xeyir-duası olsun!) hər bir qəbilə üçün o qəbilənin ən seçkinlərini seçərək bir nümayəndə heyəti təyin etmişdir. Deməli İslam Peyğəmbəri (Ona Allahın salamı və xeyir-duası olsun!) vəzifəsini icra etdiyi ilk gündən etibarən təşkilatlanmağa çox əhəmiyyət verirdi. Bu misal bizə onun Mədinədə ilk fürsətdə nələr edəcəyi ilə bağlı ip ucları verir. Belə ki, Mədinəyə çatar-çatmaz Həzrəti Peyğəmbər (Ona Allahın salamı və xeyir-duası olsun!) iki ciddi problemlə qarşılaşır. Çünki Məkkəni təkcə özü deyil, yüzlərlə məkkəli tərk etmiş, bununla yanaşı özləri ilə heç bir şey götürmədən, var dövlətlərini öz vətənlərində tərk edərək Mədinəyə sığınmışdılar. Bu səbəbdən də köçkün müsəlmanların problem çox ciddi bir problem kimi önə çıxdı. Bu yeni insanları yeni şəhərin iqtisadiyyatına öyrəşdirmək son dərəcə çətin bir iş idi. Qeyd edək ki, bu problem XXI əsirdə belə çox ciddi problem hesab edilir. Ancaq Mədinəyə pənah aparan məkkəlilərin sayı elə də çox deyildi və Mədinə şəhəri də dövrümüzdəki Paris şəhəri kimi böyük bir şəhər deyildi. O zaman Mədinə əhalisinin sayı 10000 nəfəri keçmirdi. 500 nəfərə 10000 nəfərin içində yer tapmaq asan bir iş deyildi. İlk problem bu köçkünləri Mədinənin iqtisadi sisteminə intiqrasiya etmək yollarını tapmaqdan ibarət idi.

İkinci problem də birincisi qədər ciddi və mühüm idi. Məlumdur ki, məkkəlilər bu hicrətdən elə də razı qalmamışdılar. Hətta mədinəlilərə ultimatum göndərərək ora sığınanların ya öldürülməsini, ya da təslim edilmələrini istəmişdilər. Əks təqdirdə zəruri tədbirlər alacaqlarını bildirmişdirlər. Bu qorxunc ultimatum qarşısında Məkkənin hərbi gücünə qarşı müdafiə olunmaq üçün ciddi tədbirlər görmək vacib idi. Haqqında danışdığımız birinci problem çox tez bir zaman öz həllini tapsa da, sayları çox az olan müsəlmanların ikinci problemin həllinə çarə tapmaları çox çətin görünürdü. Bu səbəbdən də Həzrəti Peyğəmbər (Ona Allahın salamı və xeyir-duası olsun!) çox gözəl bir taktikaya əl atır. Mədinə şəhərinin bütün müsəlman ailə rəhbərlərini bir yerə toplayır və onlara belə deyir: “Bu gördüyünüz insanlar sizin nəzərinizdə çox qiymətli olan İslam uğrunda öz vətənlərini tərk etmiş və sizin yurdunuza köç etmiş qardaşlarınızdır. Sizdən hər bir köçkün ailədən birini yanınıza almağınızı istəyirəm. Bir yerə toplaşan, bir yerdə böyüyən və bundan sonra tək ailə kimi yaşayacaq, birgə qazanacaq, birgə xərcləyəck və bir böyük ailədən ibarət olacaqsınız. ”

Bu təklif qarşısında mədinəlilər o qədər həyacanlandılar ki, tərəddüdsüz bu təklifi qəbul etdilər. Beləliklə köçkün məkkəlilər tez bir zamanda siğinacaq bir ev və ehtiyaclarını təmin edəcəkləri vasitələr tapdılar. Bununla da Məkkəli köçkünlərin problemləri öz həllini tapmış oldu.

Həzrəti Peyğəmbər (Ona Allahın salamı və xeyir-duası olsun!) bundan sonra müştərək müdafiə məsələsinə toxunmağı təklif etdi. Bu vaxta qədər Mədinədə heç bir dövlətçilik sistemi yox idi. Yüz illərdir aralarında müharibələr gedən qəbilələrin mövcudluğu tarixçilər tərəfindən sübut edilmişdir. İlk dəfə Həzrəti Peyğəmbər (Ona Allahın salamı və xeyir-duası olsun!) dövlətçiliyin əsasını qoyacaq bir sənəd “Mədinə sənədi” hazırlayır. İlk İslam dövlətinin konstitusiyası hesab edilən bu sənəddə hər bir cəmiyyətin vicdan azadlığı və dinlərini sərbəst yaşamaq azadlığı var idi. Yəhudilər öz dinlərini, müsəlmanlar da öz dinlərini yaşayacaq və tətbiq edəcəklərdir. Hər bir cəmiyyət təkcə dini yaşamaqda deyil, bu dinin qoyduğu hökümlərə tabe olmaqda da azad olacaqdır. Yəni yəhudilər yəhudi qanunları, xrisitnlar xristian qanunları ilə mühakimə ediləcəkdir. Ən diqqət çəkən məqam isə bundan ibarətdir ki, bu konstitusiya çox müasir bəzi məsələləri də ehtiva edirdi. Bu məsələ isə sosial sığorta ilə bağlıdır. Bu maddə konstitusiyanın bəndlərində açıq şəkildə qeyd edilmişdir. Belə ki, bir fərd özünün ödəməli olduğu, ancaq imkanı olmayan ağır vergi ödəmək məcburiyyətindədirsə, cəmiyyət onu himayə etməlidir. Bu vergini cəmiyyət özü boynuna götürür və həmin adamı bu agır vergidən azad edirdi. Sosial sığorta sistemi piramida şəklində qurulmuşdur. Belə ki, bir cəmiyyət öhdəliklərini şərəfli bir şəkildə yerinə yetirmək üçün müəyyən pul ehtiyatına sahib deyilsə, digər bir qəbilənin, hətta qonşu və qohumun, yaxudda digər bir sığorta təşkilatının həmin adamın köməyinə çatması vacib bir məsələ idi.

Ən son çarə isə dövlət özü həmin adamın yerinə borclu qalırdı. Bu cür bir sosial sığorta dövrümüzdə olduğu kimi sadəcə xəstəlik və yanğın kimi fəlakətləri əhatə etmirdi, o dövürdə indikindən daha çox rastlanan digər bədbəxt hadisələri və qəzaları da öz içinə alırdı. Məsələn; evin yanması çox cidi bir qəza hesab olunmurdu, çünki hər kəs öz evini öz əli ilə tikirdi və yanğın baş verərdisə, bir başqasını da inşa edə bilərdi. Eyni zamanda bu insanlar açıq havada yaşayır və normal olaraq müasir konforta öyrəşən insanlardan daha çox xəstəliklərə məruz qalmırdılar.

Bir başqa məsələ qətl hadisəsi ilə bağlı idi. Bir başqasını öldürmək çox rastlanan hadisələrdən biri idi. Belə bir vaxtda qisas qanunun qevvəyə minirdi. Əgər qətl bilərəkdən və qəsdən deyilsə, o zaman qan pulu ödənirdi. Bunun qarşılığı isə çox miqdarda pul tələb edirdi. Öldürülənin yaxınlarına 100 dəvə verilməli idi. Həzrəti Peyğəmbərin (Ona Allahın salamı və xeyir-duası olsun!) belə bir sözü var idi. Bir dəvə bir gündə 100 insanın təmin edə bilərdi. 100 dəvə isə bir gündə 10000 adamın ehtiyacının qarşılanması, yaxudda bir adamın 10000 gün qəməri təqvimi ilə 20 il ehtiyacının qarşılanması demək idi.

Xilas olmaq üçün verilən fidyə əsarətdə olan bir cinayətkar üçün ödənməsi ağır bir qarşılıq idi. Normal bir cinayətkar tək başına öldürülənin ailəsinin tələblərini qarşılamaq iqtidarında deyildi. Bunun üçün “Məaqil” adlı digər sığorta şirkətlərinə baş vurmalı idi. Bu sığorta sistemi daha sonralar xəlifələr dövründə də geniş şəkildə tətbiq olunmuşdur. Qeyri-müsəlmanların da faydalandığı bu sistem, xəlifə Ömər bin Əbdüləziz dövründə də tətbiq edilmişdir. O, qeyri-müsəlman belə olsalar onların əsirlikdən, borclardan xilas olması üçün bir çox qərarlar qəbul etmiş və “Əl-Bəqərə” surəsinin 256-cı ayəsini əsas gətirmişdir. Beləliklə Həzrəti Peyğəmbərdən (Ona Allahın salamı və xeyir-duası olsun!) günümzə qədər qeyri-müsəlmanların İslam dövlətinin vətəndaşları kimi qəbul edilməsində heç bir problem rast gəlinməmişdir. Çünki bir dövlətin vətəndaşı olmaq üçün müsəlman olmağa ehtiyac yox idi, əksinə bütün dinlər xristianlar, yəhudilərlə birgə, müşrik inanclı vətəndaşlar da İslam tolerantlığından faydalanırdılar. Bu insanlar dövlətə sadiq qaldıqları müddətcə həmin dövlətin vətəndaşları hesab edilirdilər. Bu şərt müsəlmanlar üçün də çox vacib şərtlərdən biri idi. Müsəlman olan fərd belə dövlətə xəyanət edərdisə, ona heç mərhəmət göstərilməzdi.

Diqqətlə nəzər saldıqda görürük ki, Həzrəti Peyğəmbər (Ona Allahın salamı və xeyir-duası olsun!) tərəfindən qurulan dövlətin konstitusiyası və Quran vəhyləri tolerantlıq xüsusiyyətini müsəlmanlar üçün yenin dinin siyasi hədəflərinin təyin edilməsində zəruri ilham qaynağı olaraq açıqlamışdır.

Digər diqqətəlayiq bir məqam ondan ibarətdir ki, dövrümüzdə hər hansısa bir şəxsi vətəndaşlığa qəbul etmək, mərkəzi idarənin bir imtiyazı olaraq ortaya çıxan xüsusi bir vəzifədir. Ancaq Mədinə İslam dövlətində bu haqq dövlətin hər bir vətəndaşına verilmişdir. Hətta əhali arasında ən aşağı təbəqənin nümayəndəsi belə bir kəsin himayəsinə daxil olaraq, qəbilənin digər nümayəndələri kimi haqlara sahib ola bilirdi. Beləliklə bir yəhudi əcnəbi bir yəhudiyə öz qəbiləsinin himayə haqqını təqdim edə bilər, sonuncusu bir başa olaraq Mədinə İslam dövlətinin yurddaşı hesab edilirdi. Bir müsəlman, hətta müsəlman kölə belə bu haqqa sahib idi.

Həqiqətən bu dinin məqsədi fərdlərə və millətlərə hakim olub onları istismar etmək deyil, bütün insanlıq üçün bir sülh abu-havası yaratmaq idi. Bu minvalla gələcək nəsillər üçün təqib edəcəkləri bir sistem təqdim etmiş olurdu. Təəssüflər olsun ki, biz, bu gün 14 əsir əvvəl Quran tərəfindən bildirilmiş bu qanunların səviyyəsinə çatmamışıq. O dövürdə İslam qayda-qanunları müsəlman olmayan vətəndaşlara tətbiq edilmirdi. Bir Quran ayəsində bu həqiqətə belə diqqət çəkilir: “İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır.”

Onlara Quran deyil, öz şəriət hökümləri tətbiq edilirdi. Beləliklə xristian partiyalarının, xristian hakimlərin, xristian məhkəməsinin və xristian qanunlarının muxtariyyəti olacaq, appelasiya məhkəməsi olsa belə, müsəlman məhkəməsinə baş vurmaq məcburiyyətində qalmırdılar. Ancaq müasir dövürdə UNESKO-nun damı altında yaşayan insanlara belə bu haqqın verildiyini görmürük.

Bu tolerantlıq, qanunların bir mərkəzli olmaması və dini camaatların muxtariyyəti müsəlmanlara maddi yöndən də faydalı olmuşdur. Həzrəti Peyğəmbərin (Ona Allahın salamı və xeyir-duası olsun!) vəfatından 20 il sonra Həzrəti Əli (Allah ondan razı qalsın!) dövründə müsəlmanlar ilk dəfə daxili müharibələrlə qarşılaşdılar. Bəs, nə baş verdi? Bundan əvvəl müsəlmanlar böyük ərazilər fəth etmiş, Həzrəti Peyğəmbərin (Ona Allahın salamı və xeyir-duası olsun!) vəfatından 75 il sonra üç qitədə hökümran olmuşlardır. Düşündürücü bir məqam bundan ibarətdir ki, bu daxili müharibələrin getdiyi bir vaxtda, bu fəth edilmiş bölgələrdə bir dənə də olsun üsyan baş qaldırmamışdır. Məsələn; böyük hollandiyalı şərqşünas De Goj Həzrəti Əbu Bəkrin ordusunun Suriyanı gəzintiyə çıxırmış kimi fəth ediklərini, bundan sonra ölkədə yaşayan xritstianların bu insanları bir işğalçı kimi deyil, onlara azadlıq bəxş edən biriləri kimi qarşıladıqlarını deyir. Bu, İslamın sözügedən fatehlərə təlqin etdiyi tolerantlığın bariz nümunəsidir.

Dördüncü xəlifənin dövründə Bizansın böyük ərazilərini fəth edən müsəlmanalr arasında bir daxili münaqişə baş verdi. İtirilmiş torpaqları geri almaq üçün gözəl fürsət yaranır. II Konstantin İslam dövləti daxilində yaşayan xristian təbəələrə elçilər göndərərək üsyan etmələrini tələb edir. O, bunun tanri tərəfindən verilən bir fürsət olduğunu, bunun üçün ordular göndərməyə hazır olduğunu elçilər vasitəsilə bildirir. Ancaq İslam dövlətinin xristian təbəəsi ona belə bir cavab göndərir: “Dinimizin düşmənlərinə tabe olmağı, sizə tabe olmaqdan üstün tuturuq.”

Həqiqətən xristianların İslam dövləti daxilində faydalandıqları haqlar, xristian dövlətlərdə olduğundan daha geniş səviyyədə idi. Çünki Bizan İmperiyasının dini siyasəti məzhəb əsasına dayanırdı. Belə ki, əgər imperator bir məzhəbə mənsub idisə, digər məzhəblərin nümayəndərlərinə, hətta din mənsublarına belə tolerant davranmırdı.

İslam siyasətinə görə isə əksinə nüfuzun hər fərdinə tam bir muxtariyyət, din və hüquq azadlığı verilmişdir. Bu, öz idarələrində belə görmədikləri bir haqq idi. Bizans imperatorları tez-tez məzhəb dəyişdirdikləri üçün xalq da qorxudan məzhəb dəsyişdirmək məcburiyyətində qalırdı. Buna qarşılıq müsəlmanlar digər din mənsublarına azadlıq verir, hətta daxili münaqişələr zamanı müsəlmanlar bir-birlərini öldürərkən, onlar firavan yaşayır, hətta ticarətlə məşğul olub varlanırdılar.

Həzrəti Ömərin (Allah ondan razı qalsın!) dövründə valilərdən biri xəlifəyə məktub gönədirir. Məktubda deyilir: “Ticarət etmək üçün əcnəbilər ölkəmizə daxil olmaq istəyirlər. Onlar üçün hansı gömrük rüsumunu tətbiq edək?”

Xəlifə cavabında yazır: “Onlara öz ölkələrində müsəlmanlara tətbiq edilən gömrük rüsumunu tətbiq edin.” Yəni ölkə ərazisində bir bizansılı ticarət etmək istəyirdisə, Bizans ərazisində müsəlmanlara tətbiq edilən gömrük rüsumu onlara da tətbiq edilirdi. Çindən, İrandan gələn tacirlər üçün də eyni qayda tətbiq edilirdi. Ancaq bir ölkədə müsəlmanlar gömrük rüsumundan azad idilərsə, onlar da İslam ölkəsində bu rüsumdan azad edilirdilər. Bir əcnəbi ölkədə müsəlman qadın tacirə ticarət etməsi üçün gömrük vergisi v qoyulmurdusa, müsəlmanlar da bu ölkənin qadın tacirlərinə vergi tətbiq etmirdilər.

Heç şübhəsiz ki, bunu hər şeyə, necə gəldi tətbiq etmək qeyri-mümkün idi. Misal üçün müsəlmanlar Misiri fəth etməzdən əvvəl xalqın belə bir adəti var idi. Hər il Nil çayı daşdığı üçün onlar Misir ən gözəl qızını Nilə qurban verirdilər. Bunun üçün ən gözəl qız tapılır və bəzidilərdi. Əgər Nil həmin il daşardısa, bunun Tanrıya təşəkkür məqsədi ilə qurban verərdilər. Ancaq Misir fəth edildikdən sonra sözügedən ölkənin valisi Əmr bin Ass (Allah ondan razı qalsın!) bunu qadağan edir. Həmin il yağışlar gecikmiş və Nil daşmamışdı. Bu səbəbdən xalq narazıcılıq etmiş və yenidən həmin ayinin tətbiq edilməsini tələb etmişlərdir.

Bundan sonra vali məsələni ətraflı şəkildə izah edərək, xəlifəyə məktub yazır. Xəlifə isə məktubun üzərindən “Nilə məktub” adlı bir yazı ilə valinin tələbinə cavab verir. Məktubda deyilirdi: “Ey Nil! Həqiqətən öz iradənlə qabarırsansa, bil ki, sənə entiyacım yoxdur. Yox əgər səni daşıran Allahdırsa, Allahdan səni daşırmasını niyaz edirəm.” Bu məktub Nilə atılır və ertəsi ügün görülməmiş bir sel baş verir. Məhz bundan sonra o mənfur adət qadağan edilmiş olur.

Başqa bir misala baxaq: Həzrəti Ömər (Allah ondan razı qalsın!) dövründə Hindistana gedən müsəlmanlar orada dözülməz bir vəhşilik və zorakılıqla müşayət edilən bir adətlə qarşılaşırlar. Belə ki, orada evlilik əbədi bir bağlılıq olduğu üçün qadının əri ölərsə, ondan sonra yaşamaq haqqını itirirdi. Bunu görən müsəlmanlar hakim olduqları bölgələr də bu adəti aradan qaldırdılar.

Məsələn zərdüştlük iranlılara öz qızları, bacıları, hətta anaları ilə evlilik haqqı verirdi. Belə bir evliliyin əcnəbi qadınla edilən evlilikdən daha faydalı olduğunu düşünürdülər. Xəlifə bu adətin qaldırılmasını əmr edir. Qeyd edək ki, bu adət zərdüştlüyün özündə olmayan bir adət idi. Bu, tətbiqat bir kral tərəfindən xalqa zorla qəbul etdirilmiş bir adət idi.

Bunula yanaşı düşmənlə necə rəfat ediləcəyi ilə bağlı Peyğəmbərin (Ona Allahın salamı və xeyir-duası olsun!) Məkkənin fəthi zamanı etdikləri bütün insanlığa bir örnəkdir. Belə ki, məkkəlilərin müsəlmanlara , peyğəmbərə necə əziyyətlər verdikləri hamıya məlumdur. Onu Məkkədən qovmaqla yanaşı, olmazın içgəncə metodlarından da istifadə edirdilər. Məkkənin fəthi zamanı Həztəri Peyğəmbər (Ona Allahın salamı və xeyir-duası olsun!) hər kəsin Kəbənin önünə toplaşmasını tələb edir. Hamı həyəcanlı şəkildə ora toplaşır. Azan oxunduqdan sonra müsəlmanlar, qeyri-müsəlmanlar Həzrəti Məhəmmədin (Ona Allahın salamı və xeyir-duası olsun!) nə deyəcəyini böyük həyəcanla gözləyirdilər. Qeyri-müsəlmanların içində böyük bir qəbilənin rəisi Əttab bin Əsid də var idi. O, gizlincə yanındakı dostunun qulağına belə pıçıldayır: “Allaha şükürlər olsun ki, atam ölüb. Yoxsa bu səhnəyə dözə bilməzdi.”

Günorta namazını qılandan sonra məkkəlilərə belə səsləndi: “Mənim nə etməyimi gözləyirsiniz?” Hamı utandı, layiq olmaqdıqları bir mərhəməti istəyəcək üzləri olmadıqları üçün başlarını önə əyirlər. O gün Həzrəti Peyğəmbər (Ona Allahın salamı və xeyir-duası olsun!) bütün düşmənlərini qılıncdan keçirmək imkanına sahib idi. Hətta bunu etmək haqqı var idi. Ancaq bunu etmir. Məkkəlilərin utancı qarşısında belə deyir: “Bu gün heç bir şeyə görə, hesaba çəkilməyəcəksiniz Gedin, hamınız azadsınız.”

Bir az əvvəl azana belə nifrət bəsləyən bu qeyri-müsəlmanların buna reaksiyası nə oldu? Haqqında danışdığımız Əttab önə çıxaraq özünü Peyğəmbərə təqdim edir və deyir: “Ey Məhəmməd! Mən böyük Əttabam. İslamın böyük düşməni idim. Ancaq indi şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur və yenə şəhadət edirəm ki, Məhəmməd onun elçisidir.”

Müsəlman olan təkcə o deyildi. Günbəgün bütün Məkkə şəhəri İslamı qəbul edirdi. Əttab müsəlman olandan sonra Peyğəmbərin ona cavabı da qəribə olur. Bir an belə tərddüd etmədən, Əttaba deyir: “Səni Məkkə valisi təyin edirəm.” Beləlikə aləmlərə rəhmət olaraq göndərilən Həzrəti Məhəmməd (Ona Allahın salamı və xeyir-duası olsun!) bir az əvvəl düşmən olan bir insanı Məkkəyə vali təyin etmiş, sonra da şəhərin fəthi üçün gəlmiş mədinəli əsgərlərdən bir nəfəri belə orada saxlamadan şəhərdən çəkilərək Mədinəyə geri qayıtmışdır.

Tərcümə etdi: Dilavər Məmmədov

Share

About Author

(0) Readers Comments

Comments are closed.