İslami Manşet Məqalələr Xəbərlər — 15 September 2017

Aşağıdakı qızıl qaydaları həyat düsturuna çevir:

  1. Dünyanı qazanmaq üçün evindən kənara bir addım atdınmı, axirətini də qazanmaq üçün daxilində eyni addımı at.
  2. Ömrünün bir saatını da hədər etmə; təsəvvür et ki, ömrünün sonuna həmin saatdan da az vaxt qalıb.
  3. Dəstəmazda əzalarının üstündəki kiri yuduğunda altındakı kiri də yumağı əsla unutma.
  4. Namazda oxuduğun sözləri daha sonra əməlinlə təsdiqləmək üçün əzm göstər.
  5. Namazda başını itaətkarlıqla əydiyin kimi, həyatda da təvazökarlıq göstərməyi unutma.
  6. Məsciddən oraya daxil olduğun kimi çıxma.
  7. Həyatındakı günahlara əlvida demədikcə Ramazan ayına da əlvida demə.
  8. Sol əməl dəftərindən bir günahı silmədikcə sağ əməl dəftərinə bir savab əlavə etmə.
  9. Səni cəhənnəmə yaxınlaşdıran bir günahı “kəsmədikcə” Allaha yaxınlaşacağın qurbanı kəsmə.
  10. Soyuqdan, xəstəlik və aclıqdan xilas olmaq üçün neçə-neçə insanın bir qəpiyə möhtac olduğunu düşünmədikcə əlavə bir qəpik də olsun xərcləmə.
  11. Ancaq yarısını içəcəyini bildiyin halda stəkanını ağzınadək doldurma.
  12. Bir damcı suyu belə hədər etmə. Ona möhtac qalıb hər gün susuzluqdan ölənləri yadına sal.
  13. Bir tikə çörəyə möhtac qalıb ölənləri təsəvvürünə gətirmədikcə loğmanı ağzına aparma.
  14. Süfrədəki hər şeydən Allahın səni məhrum edə biləcəyinə yəqin olduqdan sonra ondakı qırıntıları at.
  15. Daxilində axirət meyvəsindən ləzzət almağa təşviq olmadıqca dünya meyvəsindən həzz alma.
  16. Verib ehtiyata yığdığın şeylər qədər yığıb tükəndirdiyin şeylərdən həzz alma.
  17. Yaxşı ayaqqabın olmadıqda hirslənmə, çünki onları geyinməyə ayaqları olmayan insanlar vardır.
  18. Evində məişət cihazlarından biri və ya mebelinin bir detalı xarab olduqda gileylənmə, çünki evi olmayan insanlar vardır.
  19. Sözlərinə şəkər qatmadıqca yeməyinə duz tökmə.
  20. Kiminsə barəsində pis danışma. Bil ki, sənin də barəndə pis danışanlar vardır.
  21. Valideyninlə pis danışma; əks halda, eynisini öz övladlarından eşidəcəksən.
  22. Səndən aşağıda olanlara xor baxma. Bil ki, Allah sənə daha çox xor baxmağa qadirdir.
  23. Sənə pislik etmiş şəxsi bağışlamadıqca Allahdan Onun haqqına girib etdiyin günahlarına görə bağışlanma diləmə.
  24. Nifrətin pəncərədən qəlbinə az da olsa daxil olmağına icazə vermədiyin halda, sevginin başqa pəncərədən könlünə bol-bol axıb gəlməsinə icazə ver
  25. Sevib-sevmədiyinə və ya səni sevib-sevmədiklərinə şübhə etdiyin şəxslərə dua etmədikcə sevdiklərinə dua etmə.
  26. Uzun-uzadı səbir göstərməyi çətin iş hesab etmə. Bu işin bol-bol savabından, yaxın nicatından ləzzət almağına əmin ol.

Nəhayət, Peyğəmbərin aşağıdakı nəsihətinə əməl etməyi unutma:

“Sanki görürmüş kimi Allaha ibadət et. Özünü ölmüşlərdən hesab et. Hər daşın və ağacın yanında Allahı zikr et. Pis bir iş tutduğunda dərhal yaxşı iş gör: gizlində olanı gizlinlə, aşkarda olanı aşkarla əvəzlə”[1].

Tərcümə etdi: Elvüsal Məmmədov

/AzeriMuslims/

[1] Hədisi Muaz ibn Cəbəl rəvayət etmişdir. Əlbaniyə görə hədis səhihdir.

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.