Azərbaycan Manşet — 19 September 2014

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) son günlər aktuallaşan yas və toy mərasimləri ilə bağlı məsələyə və deputat Cavanşir Paşazadənin açıqlamasına münasibət bildirib.

“Azerimuslims.com”-un APA-ya istinadən məlumatına görə, idarənin Qazılar Şurası və Elmi-Dini Şurasının dəbdəbəli toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı mövqeyi (müraciəti) dəyişməz qalır.

Müraciətdə bildirilir ki, son zamanlar cəmiyyətimizdə milli və dini dəyərlərə qayıdış prosesinin güclənməsi Azərbaycan xalqının tarixən formalaşmış həyat fəlsəfəsinə, ictimai fikrinə və adət-ənənələrinə müraciətini zəruri edir: “Bu təbii haldır, çünki müstəqillik dönəmində tarixi köklərimizə, İslama, mənəvi dəyərlərə, əxlaq normalarına maraq artıb, milli adətlərin yeni, müasir tələblər səviyyəsində inkişafı üçün münasib şərait yaranıb. Bu tarixi proseslə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev deyib: “Bəşəriyyətin milli-mədəni tərəqqisində müstəsna bir mərhələ açmış İslam dininin tarixi rolu xüsusi qeyd edilməlidir. Öz ümumbəşəri mahiyyəti və demokratizmi ilə İslam dini insanları daim sülhə, həmrəyliyə, dözümlülüyə və mənəvi-əxlaqi kamilliyə dəvət etmişdir”. Bu gün milli və dini ənənələrin bərpası zamanı müsbət keyfiyyətlərin aşılanması ilə yanaşı, bir sıra problemlərin yaranması, bəzən ifrata və dinə aidiyyəti olmayan bidət hərəkətlərə yol verilməsi haqlı olaraq ictimaiyyəti narahat edir. Söhbət son zamanlar kütləvi informasiya vasitələrində geniş ictimai müzakirəyə çıxarılan və dövlət dairələrində debatlara səbəb olan toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydalarından, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılmasından, dəbdəbəli qəbirüstü abidələrin ucaldılmasından və günümüzün reallığına aid olan bir sıra problemlərdən gedir. QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şura ictimaiyyət nümayəndələri ilə birlikdə bu məsələ ilə əlaqədar əvvəlki illərdə bir neçə dəfə öz mövqeyini bildirsə də, çox zaman təklif və tövsiyələrimiz cəmiyyətdə tam tətbiqini tapa bilməmişdir. Əksər hallarda guya bu mərasimlərin milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər. İslam dininin təməl özəlliklərinə, Peyğəmbərimiz Məhəmməd salavatullahın aləmlərə örnək olan şəxsi nümunəsinə və hədisi-şəriflərə istinad edən hər bir şəxs bu məsələnin islami qanunlarla məntiqi uyğunsuzluğunu yaxşı bilir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, müsəlmanların övladına toy etməsi və ya mərhumları üçün ehsan verməsi dini baxımdan bəyənilən və təqdir olunan əməldir”.

QMİ Qazilər Şurası dəfn mərasimlərinə də toxunub: “Qəbirüstü abidələrin hazırlanmasında ifrat dəbdəbə və təkəbbür nümayişi yas və toy mərasimlərindən geri qalmır. İslam qənaət, sadəlik və mötədillik dinidir, zahiri təmtərağı sevmir, bahalı məzar daşlarının, qəbirüstü abidələrin düzəldilməsi İslam normalarına ziddir. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura cəmiyyətimizin bütün təbəqələrini illərlə formalaşmış islami qaydaların, milli adət-ənənələrin qorunmasına riayət etməyə, KİV-i bu istiqamətdə fəal yardımçımız olmağa dəvət edir”.

QMİ-dən onu da bildiriblər ki, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı deputat Cavanşir Paşazadənin qafqazinfo.az saytında yayılmış  açıqlaması onun deputat kimi öz şəxsi fikridir, İdarə buna qarışa bilməz.

Share

About Author

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.