Kim - kimdir? Manşet — 18 September 2015

Son dövrün görkəmli islam alimlərindən biri Süleyman Hilmi Tunahan Hoca vəfatının 56-cı ildönümündə hörmətlə anılır.

Elmi fəaliyyətləri ilə bir çox insanın yoluna işıq salan və bu fəaliyyətinə görə dəfələrlə sorğu-sual edilən, həbsdə yatan, son dövrün görkəmli islam alimlərindən biri olan Süleyman Hilmi Tunahan Hocanın vəfatından 56 il keçir.

Süleyman Hilmi Hoca Cümhuriyyətin ilk illərində həmvətənlərinin dini dəyərlərə sahib olmaları üçün dastana bənzər bir mübarizə aparmış, gənclərə Qurani-Kərimi öyrətmək üçün böyük əmək sərf etmişdir. Bu fəaliyyətinə görə dəfələrlə istintaqa cəlb edilmiş, həbsdə yatmışdır.

Tunahan Hoca dünyadakı bütün müsəlmanların dərdləri ilə maraqlanmağı özünə bir vəzifə bilirdi. 1950-ci illərdə Fransa imperializminə qarşı Əlcəzair xalqının mübarizəsini məscidlərdə verdiyi xütbələrdə dəstəklədiyi və oradakı qardaşları üçün dua etdiyinə görə bir-neçə dəfə polis məntəqəsinə  çağrılaraq ifadəsi alınmışdı.

Süleyman Hilmi Hoca Tunahan 1956-cı il sentyabrın 16-da vəfat etmişdir.

Süleyman Hilmi Hoca Tunahan kimdir?

Süleyman Hilmi Tunahan bütün həyatını Quran əxlaqına və onun tədrisinə həsr edərək, canla-başla çalışdığı illərdə haqqında şikayət edildi və onu həbs etdilər. Çətinliklərə boyun əymədən hər fürsət düşdüyündə tələbə öyrətməklə məşğul olan Tunahan Hoca həbs olunurkən əlindən alınmış imamlıq sənədini həyatının son 9 ilinə girərkən geri aldı. Kurs açdı və minlərlə tələbəyə dərs verərək bir nəslin qurtuluşa çatmasına vəsilə oldu. 

Təhsil aldığı məktəblərdə birinci idi 

 Süleyman Hilmi Hoca Tunahan 1888-ci ildə Bolqarıstanın Silistre vilayətinin Fərhadlar kəndində dünyaya gəlmişdir. İlk təhsilini Silistrenin Satırlı mədrəsəsində atası Osman əfəndidən almışdır. 

1916-cı ilin sentyabr ayında Fatih mədrəsəsini 80 baldan 76-nı qazanaraq birinciliklə bitirmişdir. Həmin il Mədrəsətül-Mətəhəssisin Təfsir-Hədis bölümünə daxil olaraq Hafiz Əhməd Paşadan dərs almağa başlamışdır. 1919-cu il mayıın 27-də Mədrəsətül-Qüzat məzunları arasında yenə birinci olmuşdur.

30 yaşında professsor oldu

1918-ci ildə İstanbul Müdərrisliyinin Dərsiamına qədər yüksəldi və bu elm adamlarına verilən ən böyük dərəcənin və orta hesabla 50 yaşa qədər qazanılmayan ordinarius professorluq dərəcəsinin sahibi oldu.

1924-cü ildə Təhvidi-Tədrisat qanununun qüvvəyə minməsi və bütün mədrəsələrin bağlanması dərsiamlar və müdərrislərlə bərabər Süleyman Əfəndinin də vəzifəsinə son qoydu. Bundan sonra o elm və irşad vəzifəsini sadəcə məscidlərdə xütbələr şəklində aparmalı oldu.

Həbs olundu, tutduğu vəzifədən xaric edildi

1919-cu ildə Süleyman Hilmi Hoca fəaliyyətini gözü götürməyən şəxslərin şikayətinə görə ilk dəfə həbs olundu. Həbsxanalarda hökumətin səyi nəticəsində olduqca sərt şəraitdə saxlanılan Süleyman Əfəndi burada da özünü elm və irfana həsr edib durmadan çalışdı. Azadlığa çıxdıqda da ona edilən bütün təqib və təzyiqlərə baxmayaraq elm öyrətməyə davam etdi. İmamlıq məvacibini tələbələrə verərək yüzlərlə gəncin oxuyub elm adamı kimi yetişməsinə nail oldu.

1944-cü ildə ikinci dəfə həbs olunaraq  bu dəfə Birinci Şöbə birnəfərlik kameralarında 8 gün işgəncə verilərək saxlandı. O dövrün hökuməti tərəfindən 1946-cı ildə imamlıq sənədi rəsmən əlindən alındı. 1949-cu ildə Quran kurslarının açılmasına məhdud şəkildə də olsa icazə verən qanun qüvvəyə mindi. Sileyman Hilminin müəllimlik fəaliyyəti müəyyən mənada sərbəst şəkil aldı. Süleyman Əfəndi tələbələrinə böyük əhəmiyyət və dəyər verdiyini göstərmək üçün onlara “Sizlər mənim məsləhətçilərimsiniz “ – deyərdi”.

Qatarlarda dərs verdi

1950-ci ildə hökumət tərəfindən imamlıq sənədi Süleyman Hilmi Əfəndiyə qaytarıldıqdan sonra o, yaşlı və xəstə olmasına baxmayaraq, zamanımızda bir çox insana örnək olacaq şəkildə gündə dörd vasitə dəyişməklə həm tələbələrə dərs verdi, həm də İstanbulun önəmli məscidlərində imamlıq etdi. Qatarlarda belə insanlara pul verərək onun dərslərini dinləməyi xahiş edir, bəzən qatardan enməyərək gediş və dönüşlərdə bir çox şagirdinə dərs verirdi.

1951-ci ildə Çamlıcada Konya Ləzzət kafesinin sahibi Mustafa bəyin təsis etdiyi yerdə ilk müntəzəm Quran kursu fəaliyyətə başladı. Bu kurslarda yetişən minlərcə tələbə Diyanət İşləri nazirliyinin keçirdiyi müfti, imam, Quran kursu müəllimi imtahanlarını uğurla verdi. Tarixdə ilk dəfə İstanbulun böyük məscidlərinin kürsüləri Süleyman Hilmi Hocanın yetişdirdiyi tələbələr sayəsində gənc imamlarla dolduruldu.

1950-ci illərdə Diyanət İşləri Nazirliyində vəzifədə olanlar Süleyman Hilmi Tunahana böyük maraq və sevgi nümayiş etdirirdilər. Bu qədər elm sahibi olmasına rəğmən nədən kitab yazmadığını soruşduqda Süleyman Əfəndi: “Mən  tozlu rəflərdə duran, kağız kimi satılan bir çox kitab gördüm. Mən canlı kitablar yazıram. Onlar heç bir zaman tozlanmayacaq, daima oxunacaqlar” – deyərdi.   Onun yazmış olduğu və qısa müddətdə Qurani-Kərim oxumağı öyrədən “Əlif cüzü”nə  böyük maraq vardır.  

 “Qardaşlarımıza dua edin” ifadəsini günah hesab etdilər

1956-cı ildə Süleyman Əfəndi Əlcəzair xalqının Fransa müstəmləkəçilərinə qarşı apardığı azadlıq mübarizəsinə mənəvi dəstək vermək üçün məscidlərdəki xütbələrində “Əlcəzairli müsəlman qardaşlarımız üçün dua edək” dediyinə görə dəfələrlə polis bölməsinə çağırılmış və ifadəsi alınmışdı. 1957-ci ildə Bursada baş vermiş mehdilik hadisəsi zamanı iftiraya uğrayaraq yenə haqsız yerə həbs olundu və Kutahya həbsxanasında 69 yaşında 59 gün həbsdə qaldı. Edam tələbilə istintaqa cəlb olundu, məhkəmə tərəfindən günahsız bilinərək bəraət qazandı.

Süleyman Hilmi Tunahanın ən önəmli əsəri Qurani-Kərimi qısa müddətdə öyrədən “Əlif cüzü”dür. Uzun müddət əziyyət çəkdiyi şəkər xəstəliyi ömrünün sonlarına yaxın ağırlaşmış, qanın tərkibində yüksələn şəkər edilən bütün cəhdlərə baxmayaraq aşağı düşməmişdi. Süleyman Hilmi Tunahan 1959-cu il sentyabrın 16-da, çərşənbə günü İstanbulun Kısıklı məhəlləsindəki evində haqq dünyasına qovuşdu. 72 yaşında vəfat edən Süleyman Hilmi Tunahanın nəşi o dövrün Daxili İşlər naziri Namuk Gediyin mane olması səbəbilə Fatih Cami Hazirəsi əvəzinə Qara camaat məzarlığında polisin göstərdiyi yerdə dəfn olundu.

 /dunyabulteni/

Tərcümə etdi: Zülfiyyə Əmrahlı

/azerimuslims/ 

Share

About Author

elwnazmus

(0) Readers Comments

Leave a Reply

Your email address will not be published.